Siyasi yuxu

54

İlboyu qəribə yuxular görürəm. Nə cür mövzuda desən, neyronlarım istədim-istəmədim mənə hədiyyə edir. Elə canlı, elə parlaq hadisələrə qatılıram ki, bəzən oyanandan sonra yarım saata güclə özümə gəlirəm. Dünyada yuxu qədər böyük və qüdrətli fantastika novellalarının ustası yoxdur. Məsələn, iki-üç gün bundan qabaq gördüyüm yuxu: Görürəm ki, mən ortada oturmuşam, ətrafımda da kimlər olsa yaxşıdır? Sövet dövlətinin yaradıcıları Lenin, Stalin, Xruşşov, Brejnev, Andropov, Qorbaçov, Yeltsin və nəhayət üzdəniraq Putin. Hamı mənim üstümə düşüb deyirdilər ki, niyə bizim yaratdığımız dövlətdən əl çəkmirsən. Hər gün yazılarında bizi o ki var ittiham edib ruhumuzu narahat edirsən.

Mən birinci Lenindən başlayaraq dedim:

– Gör sən necə demaqoq və riyakar adamsan ki, çevrilişə qədərki bütün əsərlərində və çıxışlarında çar imperiyasına əsir olan yüzlərlə xalqın hüqüq və azadlığından danışırdın, elə ki hakimiyyətə gəlib yerini bərkitdin, tamamilə cəllad adlandırdığın II Nikolayın əməllərini təkrar etməyə başladın. Düz deyirəm, ya yox?

Lenin üzümə baxıb dinmədi. Sonra, – hə, elə bu? – dedi.

– Yox, bu hələ harasıdır? Çar imperiyasını  “xalqlar həbsxanası” adlandırırdın. Amma yazıq Nikolayın bütün türmələrində nə qədər siyasi məhbus vardı? Özləri də hamısı yırtıcı və terrorist. Sən isə xalqlara azadlıq gətirdiyini iddia edib yüz minlərlə adamı heç bir günahları olmaya-olmaya həbsxanalara doldurub min bir əzabla məhv edirdin. Sənin  Dzerjinski kimi, Trotski kimi, Stalin kimi başdanxarab cəlladların bütöv kəndləri ucdantutma qırmırdımı? Qırırdılar, ya yox?

Lenin yenə dinməyib öz lemur gözləri ilə heyrət və qəzəblə üzümə baxırdı.

– Yaxşı, bizim onsuz da sizinlə işimiz yox idi. Neftimizi də öz qaydası sizə göndərirdik. Bəs niyə XI Qırmızı Ordunu – başkəsənlər ilxısını zirehli qatarlarla üstümüzə göndərdin bizi qapazaltı respublikaya çevirdin.

– Onu mən eləmədim. Onu bax bunlar, Trotski ilə Stalin tələb etdilər. Hətta bu Stalin heç ümumiyyətlə sizin kimilərin formal da olsa respublika olmasının qəti əleyhdarı idi. Mən güclə onun müqavimətini qırıb sizin kimilərin respublika şəklində müstəmləkəliyinə səbəb oldum.

– Bəs yüz minlərlə günahsız əsgər və zabitlərimizi, oğullarımızı, şəxsiyyətlərimizi niyə qırdırdın?

– Ay oğul, onlara mən bu əmri verməmişdim. Bu onların öz şəxsi əməlləri idi. Mən bilirdim ki evləri talan eləmək üçün, sərvətlərini mənimsəmək üçün sahiblərini qırırlar. Amma qabaqlarını ala bilmirdim. Hətta əmr versəydim də, sözümə baxmayacaqdılar. İnsanın sərvət hərisliyi bitib-tükənməzdir.

Bu zaman bığıburma İosif Stalin əliylə kobudcasına onu itələyib qabağa çıxdı.

– Balası, mən ki sizinlə dost idim. Bəs məni niyə səhərdən-axşama kimi çırpırsan? Məgər Mircəfər Bağırovu sizə rəhbər qoyub canınızı Levon Mirzoyanların, yəhudilərin əlindən qurtaran mən deyildim?

– Sən olmağına sən oldu e… Ammla yazıq Nərimanovu niyə zəhərlədib öldürtdürdün?

– Mən eləmədim, lopabığ Serqo elədi.

– Sənin razılığın olmadan Serqo belə bir iş görə bilərdimi?

– Bəs qisasınızı alıb Serqonu Nərimanovun yanına yola salan kim oldu?

– Çox sağ ol e… Elə Məmməd Əmini xilas elətdirdiyinə görə də sağ ol. Dağlıq Qarabağı müstəqil deyil, muxtar vilayət edən də sən oldun. Mirzoyanı da cəhənnəmə vasil etdirən sən oldun. Amma əvəzində  “gütverən”  Mikoyanı himayə altına alıb siyasi büro üzvü də elədin.

– Bəs heç olmasa bir erməni də yanımızda olmayaydı?

– Ay İosif müəllim, necə üzün gəlir özünü tərifləyirsən də. Sənin etdiklərin dünya tarixində olmayıb, olmayacaq da. Yəni şər mənasında. Amma əlbəttə haqlı olaraq güllələtdirdiyin adamlar da az olmayıb. Şəxsən  bizim Əliheydər Qarayev, Çingiz İldırım kimilərdən canımızı qurtardın da. Bu da olub. Amma sənin kimi mahir hiyləgər, sənin kimi məkrli cəllad, sənin kimi soyuqqanlıı qaniçən tarixdə olmayıb və bəlkə də ola da bilməz.

– Necə ola bilməz? – deyə bığıburma Koba qara gözlərini elə ağartdı ki, mən hətta yuxuda da qorxdum.

– Bağışla, bağışla, – dedim. Vallah yadımdan çıxdı. Səndən sonra siyasi həyasızlıq fahişəsi rekordunu bir dənə cılız dazbaş vələdüzzina çox-çox arxada qoydu.

Hamı dönüb bir-birinə baxdılar.

– Kimdir o, kimdir o? Belə şey ola bilməz. İosif Vissarionoviçin şərbəşər rekordlarını kim təzələyə bilər?

– Dedim axı, odur. Bax küncdə büzüşüb oturub cınqırını da cıxarmır.

Hamı dönüb Vladimir Putinə baxdı.

– Necə, necə mənim rekordumu təzələyib? Danış görüm.

– O barədə danışacağıq. Hələ İosif Vissarionoviçin məharətlərindən bəhs edirik. Bu şər məharətlərinin sayı-hesabı varmı ki, bir söhbətlə başa vuraq? Lenini kim güllələtdirdi? Əlbəttə İosif Vissarionoviç. Yazıq eser Kaplanın gözləri heç bir metr o yanda olan divarı görmürdü, qaldı ki beş-altı metrlik uzaqda Lenini nişan ala bilə?

Leninin gözləri bərəldi: – Elə şey olmaz. Neujeli mən bunu bilməmişəm.

– Ay yarımyəhudi, yarım kalmık. Sən nəinki bunu, heç siyasi büroya göndərdiyin məktubları çatdırmalı olanların belə, kim olduğunu bilmirdin.

– Deyirəm axı, – deyə Lenin barmağını dişlədi. Yazdığım məktubların heç birinin səsi-sorağı çıxmırdı. Ayə, dələduz Koba, sən o adamları necə ələ keçirirdin?

– Ay özündənrazı lemurgöz. Rusiyada bütün hakimiyyəti çoxdan əlimə almışdım. Bircə bu yəhudi axmaq Trotski mənə mane ola bilərdi ki, xoşbəxtlikdən o da tamamilə nümunəvi bir axmaq idi. Onun axmaq beynində ancaq bir şey vardı: dünya inqilabı! Başqa heç nə barədə düşünmürdü.

Trotski dözə bilmədi və yana-yana dedi:

– Elədir ay cəllad. Halbuki 1920-ci ilə qədər haçan istəsəydim səni aradan götürə bilərdim. Sən mənimçin böcək kimi bir şey idin. Ancaq sən demə…

Lenin söhbətə qoşulub dedi:

– Elə böcək sən özün idin ki, səhərdən-axşama kimi kəndlərdə, şəhərlərdə fağır-füqəraları güllələtdrməklə məşğul idin. Halbuki bütün ordu sənin əlində idi. Yaxşı ay heyvan,  o Krasnoyarsk tərəflərdə varlı kəndliləri niyə o hala salmışdın?

– Nə hala salmışdım? – deyə Trotski qaşqabaqla dedi.

– Var-yoxlarını almağın azdır, qış günündə Sibirdə 20-30 kənd varlılarını lüt soyundurub sala mindirərək Yenisey çayı ilə üzüaşağı yola salmağına nə ad verək?

Trotski qaşqabaqla dedi:

– Belə şey mənim yadıma düşmür. Böhtan atmaq sənin çoxdankı xasiyyətindir.

Lenin bir xeyli onun üzünə baxıb dedi:

– İosif yaxşı səni cəzalandırdı.

Trotski də borclu qalmadı:

– Səni isə bağışla məni, lap it kimi gəbərtdi.

– Yaxşı, bir-birinizi didib-parçlamayın. – deyə Stalin hər ikisinə tərəf çəmkirdi və mənə tərəf dönüb dedi:

– Hər halda mən bunlar kimi insanları dözülməz formalarda cəzalandırmamışam.

– Hə, onu düz deyirsən, – dedim.

(ardı var)

Əlisa NİCAT