Siyasi yuxu

54

Amma sən səndən sonra gələnlər üçün nümunə olmusan. Bütün sən təbiətlilər sənə oxşamağa çalışıblar. Amma bax bu Putin isə özünə qədər yaşamış bütün tiranlarının mənfiliklərini mənimsəyib. Bu adam siçovul təbiətində doğulub böyüyəndən sonra isə dünyada ən kamil bir yırtıcıya dönüb.

Dönüb baxdım Putinin heç nə ifadə etməyən gözlərində nələr oxudum allah bilir. O, mənə necə baxırdı! Heç nə deməyən bu gözlərdə indi nələr yox idi? Mən isə fürsəti əldən vermək istəməyib hey döşəyirdim:

– Bilirsinizmi bu adamın sizlərdən üstünlüyü nədədir? O, dünyanın cinayət və qətl fonduna sizin hamınızın verdiyindən qat-qat çox yeniliklər və bənzərsizliklər gətirdi. O, dövlət cinayətinin elə orijinal növlərini yaratdı ki, sizin heç birinizin yuxusuna belə girməzdi. Vladimir İliç, İosif Vissarionoviç bu adam iyirmi il ərzində Rusiyada bir ləyaqətli və alicənab adam sağ qoymadığı halda bilirsizmi neyləyib?

Hamı maraqla gözlərini mənə, ağzıma zilləyib nə deyəcəyimi gözləyirdi.

– Bu adam özünü sülh üzrə Nobel mükafatına təqdim etmişdi. Hələ Allah rəhm elədi ki, ona bu mükafatı vermədilər. Yoxsa nəinki Nobel komitəsi, ümumiyyətlə bütün dünya tarixi rüsvay olardı.

Bura bax, mənim onsuzda sizin xalqdan zəhləm gedir. Sənin bu iyrənc böhtanların sübut edir ki, mən haqlı imişəm.

Bu yerdə bütün məclis əhli qəhqəhə ilə gülməyə başladılar, əlbəttə Putindən başqa. O, əvvəl Leninə, sonra Stalinə, daha sonra Yeltsinə baxıb dedi:

– Vallah bilmirəm nə danışırsız. Ümumiyyətlə, başa düşmürəm mənim barəmdə bu yaramazın böhtanları niyə sizi narahat etmir? Mən bütün fəaliyyətim ərzində insanların xoşbəxt yaşadığı yeganə bir dövlətin, Sovet İttifaqının bərpasına çalışmışam. Praktikada olmasa da ən azı mənəvi sahələrdə .

Adə, ay mraz, səni mən adam elədim, o boyda hakimiyyəti mən sənə verdim, –  deyə Boris Yeltsin püskürdü. O oğlan düz deyir – əli ilə məni göstərdi, – amma hələ hamısını demir. Daha dünyada hansı əcaib cinayətlər qalmadı ki, sən törətməyəsən? Sən hətta elə bir həddə çatdın ki, öz başkəsənlərinə sadəcə küçədən keçib gedənləri belə tutub ölüncə döymək ixtiyarını vermişdin. Mən nə bilim sənin o nazik siçovulabənzər ehtirassız sifətinin altında necə bir yırtıcı yatırmış.

Putin eləcə ehtirassız və sakitcə dedi:

Boris Nikolayeviç, susun. Bütün ölkə sizə qarşı ikən mən sizin heykəlinizi qoydurub, xatirə muzeyinizi yaratdım.

Əəə, cavan kaftar, əgər sən Sovet İttifaqını bərpa etmək istəyirdinsə bəs ölkənin sərvətini bir sürü canavar arasında paylamağın nə üçündür? Ölkənin şəhərlərində küçələrdən gəlib-getmək mümkün olmadığı vəziyyətdə yüz milyardlarla pulu Suriyaya və ya göydə partlayan kosmik gəmilərə xərclədiyin halda, ən zəngin sərvətlərə malik ölkədə minlərlə qoca  və qarının bütün günü zibil yeşiklərində yeməli bir şey axtarmalarını özünə nailiyyət hesab edirsən? Hələ deyildiyinə görə xarici banklarda yüz milyardlarla dolların da var imiş. Halbuki mən özümə maaşımla güclə paltar ala bilirdim. İosif Stalinin ölümündən sonra evində cəmi bir neçə yüzlük tapıldı. Leninin isə süfrəsinə pendir gətiriləndə necə sevinərmiş!

Bu sözləri eşidən Leninlə Stalin eyni vaxtda güldülər.

Stalin dedi:

Ay yekəbaş, hərçənd ki  sənin başının razmeri çox da böyük deyil. Şəxsən mənim ona görə evimdə və cibimdə pul olmurdu ki, bütün ölkə mənim idi. Və bütün  xalq da mənim qullarım idi. Sən isə yüz qırx milyon xalqı qul eləmişdin. Amma eyni zamanda banklarda da pulların qalaq-qalaq idi. Hələ gizli yerlərdə Allah bilir, nə qədər ləl-cəvahiratların olub. Ona görə həyasızlıqlardan əl çək. Doğrudur, Yeltsinin yıxdığı heykəllərimin hamısını yenidən ucaldırdır. Amma bunun mənə nə isti-soyuğu?!

Nə düşmüsüz mənim üstümə! Bəs ikiüzlü Xruşşovdan, heç ümumiyyətlə başı olmayan Brejnevdən niyə danışmırsız?

Stalin dedi: Onlardan danışmağa dəyməz, çünki hər ikisi probka kimi içiboş idilər. Və naqqallıq etməkdən başqa da əllərindən heç nə gəlmirdi. Təsadüfi deyil ki, hər ikisi xüsusilə Leonid İliç haqqında yaradılan minlərlə lətifənin layiqli qəhrəmanları idilər. Ölkədə də demək olar ki, heç bir dəyişiklik etmədilər. Amma bu yekəbaş Yeltsinlə sən nəinki ölkəni, hətta bütün dünyanı bizə güldürdüz. Doğrudur, Yeltsin bəlkə də yaxşı etmək istəyirdi. Amma buna qabiliyyəti və qətiyyəti çatışmadı. Doğrudurmu Boris Nikolayeviç?

Doğrudur. Amma Qorbaçov yoldaşın yenidənqurması ölkəni elə bir hala saldı ki, ölkə demokratik quruluşun nailiyyətlərinə daha doğrusu nailiyyətlərinin tətbiqinə gücü çatmadı. Biz yəni Qorbaçovla mən Rusiyanın qızıl ehtiyatlarına toxunmağa cürət etmədik. Çünki bu ehtiyat xalqın ağır günləri üçün saxlanılırdı. Amma bu vələdüzzina Putin az qala yarısını ora-bura dağıtdı. Halbuki onun dağıtdıqları ilə Rusiyanı Avropanın ən qabaqcıl, ən firavan ölkələri səviyyəsinə qaldırmaq olardı.

Həm də ən demokratik, deyə Mixayıl Qorbaçov da nəhayət ağzını açıb nəsə dedi: – Amma cənab Putin məni dünyada daha elə bir cinayət qalmadı ki, ittiham edib Rusiyanın bərbad hala düşməsində günahlandırmasın.

Yoldaş Qorbaçov bizim hamımızdan düz yol seçmişdi. Amma o, özünü qurban verdi. Halbuki uzun illər baş katib kimi keyf-damaq içində yaşaya bilərdi. Və vəzifəsindən də kişi kimi imtina etdi.

Qorbaçov dedi:

Məni ən çox məyus edən həmin bu Putinin bizi dünyada rüsvay etməsi idi.

Nəylə rüsvay eləmişdim, deyə Putin ilk dəfə kiminsə üstünə bozardı.

Onunla rüsvay elədin ki, gör kimlərlə dost idin. Şimali Koreya,  Çin, İran, Suriya, Venesuela… Harda, hansı qitədə rəzil, alçaq, şərəfsiz, antidemokratik bir rejim varsa hamısı yalnız Putin Rusiyasının bağışladığı dollarlar hesabına yaşayırdılar. Belə çıxır ki, yarımac it günündə yaşayan rus xalqı bu acgöz it körpələrini əmizdirirdi. Ümumiyyətlə aydın oldu ki, sizin içinizdə ən riyakar, ən pozğun, ən yaramaz, ən hiyləgər, ən məkrli və ən qaniçən diktator həmin bu cılız siçovulsifət Putindir. Çünki o olmasaydı dünya necə dinc, azad, xoşbəxt və firavan olardı.

Putin dedi:

– Yaxşı, mənim məhkəməmdir, aydındır. Axı məhkəmədə ittihamçıya söz verirlər. İcazə verirsizmi, mən  daha bir neçə kəlmə ihsar edim.

Buyur deyə Stalin ağır əlini qaldırdı.

Dediklərinizin əleyhinə olaraq mən Rusiyanı görünməmiş yüksəklərə qaldırmışdım. Təsəvvür edirsinizmi ki, ABŞ prezidenti Tramp tamamilə mənim zurnamla oynayırdı, gecələr mənim adım çəkiləndə Fransa prezindenti Makron şalvarını batırırdı, Almaniya kansleri Angela Merkel isə məni görəndə üzümü duz kimi yalayırdı. Sizin hansı biriniz belə bir şərəfə layiq görülmüşdü?

Dayan, deyə Andropov çığırdı. Bu ona görə idi ki, rəhmətlik Lavrenti Beriyanın oğurlayıb SSRİ-yə bağışladığı atom bombasının qorxusu var idi. Sənin kimi dəlinin haçansa bu bombanı işə sala biləcəyi bütün Avropanı qorxu altında saxlayıb sənə güzəştə getməyə məcbur edirdi. Burada sənlik heç nə yox idi.

İcazə verirsizmi, yekun sözünü mən deyim, deyə Qorbaçov əlini qaldırdı.

Buyur, buyur, – məclisdəkilər yer-yerdən səsləndilər.

Deməli, nə qədər ki, bu bədbəxt rus imperiyası dağılıb parçalanmayıb və Rusiya da yalnız Avropa hissəsində rus dövləti kimi bərqərar olmayıb biz nə özümüz yaşayacağıq, nə də dünyaya rahatlıq verəcəyik.

Lenin əlini atıb papağını götürdü və ayağa durdu. Dalınca da o birilər.

Bu yerdə mən yuxudan oyandım və uzun zaman gördüklərimi təkrarladım ki, sabahkı yazımda istifadə edim. Amma səhər oyananda gördüm ki, demək olar, hamısı yadımdan çıxıb. Və məcbur olub  Üzeyirə və Şahinə tamamilə yenidən fikirləşdiyim düşüncələrimi diktə etdim.

Əlisa NİCAT