Sivasspor”la çox sürətli oyuna hazır olmalıyıq”

54

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun Türkiyə “Sivaspor”u ilə oyunu öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandırıb. 

– Bu gün növbəti səfərə yollanırsınız. Komandada ab-hava, ümumi vəziyyət necədir, Sivasa hansı ümidlərlə gedirsiniz?

– Gördüyünüz kimi, çox tez-tez səfərə çıxırıq. Sıx qrafiklə oynayırıq. “Vilyarreal”la matçdan sonra komandada üzüntü var idi. Amma buna baxmayaraq, çempionatda vacib 3 xal qazandıq. Həm bizim, həm də “Sivasspor”un qrupda xalı yoxdur. Hər iki komanda bu oyuna ciddi hazırlaşır. Rəqib öz evində oynayacaq. Rəqib baş məşqçi Rıza Çalımbayın fikirlərindən də bilmək olur ki, komanda bütün diqqətini bu matça ayırıb. Hər iki tərəf üçün vacib qarşılaşmadır. Bu mənada, bizi ilk dəqiqələrdən çox sürətli oyun gözləyə bilər. Buna hazır olmalıyıq.

– Komandada zədəli futbolçular varmı?

– Hər şey yaxşılığa doğru gedir. Amma tam olaraq formalarını bərpa etmələrinə vaxt lazım olacaq. Son məşqdə bütün futbolçular komanda ilə birlikdə məşq etdi.

– “Sivasspor”un hücum xətti çox güclüdür. Atletik və fiziki baxımdan güclü futbolçulardan təşkil olunub. Amma müdafiəsində boşluqlar var. Sizcə, oyun üslubu baxımından rəqib “Qarabağ” üçün münasib, yoxsa narahat komandadır?

– Rəqibin potensialına bələdik. Həqiqətən çox yaxşı hücum xətti var. Olarenvacu Kayode və Maks Qradeli qeyd edərdim. Yarımmüdafiə xəttində də ağıllı, topla çox yaxşı davranan futbolçuları var. Bizim üçün problem yarada bilərlər. Dediyim kimi, “Sivasspor”un hücum xətti çox sürətlidir.

– “Qarabağ” bu oyunda ilk qələbəsini qazana bilərmi?

– Fikrimiz minimum xal əldə etməkdir. Bu, bizim üçün çox vacibdir. Bu cür komandalara qarşı oynamışıq. İlk dəqiqələrdən çətinliklə üzləşə bilərik. Amma ağıllı, düzgün oynasaq, biz də onlara problem yaradarıq.

– Həftəsonu Azərbaycan Premyer Liqasında “Neftçi” ilə oyun var. Bu barədə nə düşünürsünüz?

– Hələ həmin oyunu fikirləşmirik. Bütün diqqətimiz “Sivasspor”la matçdadır.