Sirr çözülür: “İranın işğalına bir addım qaldı” – Sensasion gəlişmə

75

“Pandemiya dönəmi yumuşalar-yumuşalmaz, Yaxən Şərqdə yeni və ciddi hərəkətlənmənin şahidi olacağıq. Bu özünü Liviya sahillərində tutmuş Yəmən səhralarına qədər bir çox nöqtələrdə qabarıq şəkildə göstərəcək. Zatən son 3 ay müəyyən konturların yenidən cızılması üçün kifayət qədər zaman verdi. Bu kiçik zaman kəsiyində Yəməndə, Liviyada, Suriyada maraqlı proseslərə şahid olduq”.

Bu sözləri politoloq Vüqar Zifəroğlu deyib.

Ekspert amerikalı diplomat Henri Kissincerin postpandemiya dönəmi ilə bağlı fikirlərinə diqqət çəkib:

“Onun “çoxlu sayda ərəbin öldürülməsi və Yaxın Şərqin yarısının işğalı ilə İsrail və ABŞ zəfər calacaq”i fikri maraq doğurur. Deyiləni hərfi mənada başa düşmək doğru olmaz. Ən azından ona görə ki, “öldürüləcək” ərəblərin bölgədəki ən vacib dövlətləri, bu gün elə ABŞ və İsrailin ən yaxın müttəfiqləridir. Yaxın Şərqin yarısının işğalına gəldikdə isə, zatən bu yarı elə o vəziyyətdədir. Qocaman diplomatın elə həmin açıqlamada “7 ərəb ölkəsinin işğalı” ilə bağlı fikrini yadımıza salaq və bu yeddi rəqəminin üstünə, bu günki gerçəkliklərdən çıxış edərək ən azı daha 5-6 ölkə də əlavə edə bilərik. Həm də Hantinqtonun dini istinad əsasında proqnozlaşdırdığı “sivilizasiyalararası toqquşmalar” nəzəriyyəsini xatırlatması, istər-istəməz deyilənləri birbaşa qəbul etməyə əngəl olur. Bildiyiniz kimi, bu nəzəriyyə çoxdan öz əhəmiyyətini itirib və 21-ci əsrin reallıqları tamamilə fərqli mənzərələri göz önünə sərməkdədir. Deməli, məsələ bir az fərqlidir.

Mümkündür ki, Kissencer bu açıqlaması ilə Fələstin məsələsinin yenidən gündəmi zəbt edəcəyinə və bu münaqişənin orta gələcəkdə birmənalı şəkildə İsrailin xeyrinə həll ediləcəyinə işarə vurur. Qüds məsələsinin Tramp adminstrasiyası dönəmində son iki ilin ən çox müzakirə və mübahisə doğuran problem olması məlumdur. Demək ki, bu məsələnin tamamilə nöqtələnməsi planlaşdırılır. Prinsipcə, ərəb dünyasının bununla bağlı ciddi müqavimət sərgiləməyəcəyini (Qüdsün ABŞ tərəfindən paytaxt olaraq tanınması zamanı ərəb ölkələrinin reaksiyalarını yadınıza salın) də nəzərə alsaq, bu məsələ olduqca real görünür. Yəni, açıqlamanın bu hissəsi, həm daxili, həm də xarici, beynəlxalq auditoriyanı həmin gələcəyə hazırlamaq məqsədi güdür”.

Vüqar Zifəroğlu Kissincerin “İranın işğalına bir addım qalması” iddiasına da toxunub:

“Əslində son 3 ildə, ələlxüsus ABŞ-ın Vyana razılaşmasından çıxdığını elan etməsindən sonra İrana qarşı həmlələr səngimək bilmir. ABŞ-ın İran üzərinə 4 istiqamətdə həmlə etməsini müşahidə etməkdəyik: iqtisadi sanksiyalar, beynəlxalq təcrid, daxildə etnik-dini, məzhəbsəl-sosial zümrələrə yönəlik narazılıqların körüklənməsi və nəhayət, sonuncu olan Yaxın Şərqdəki mövqelərindən sıxışdırılması.

Bu 4 istiqamətin hər biri öz nəticələrini verir. Demək, təzyiqlərin daha da artırılacağını gözləmək olar. Amma istənilən halda yaşlı diplomatın “işğal” dedikdə birbaşa hərbi müdaxiləni nəzərdə tutduğunu düşünmək, yanlış olardı. Okeanın o tayında çox gözəl anlayırlar ki, İran İraq və ya Əfqanıstan deyil. Və bu macəra, amerikalılara baha başa gələ bilər. İstənilən hərbi müdaxilə, İranın daxilində olan hətta narazı zümrələrin belə mövcud rejimin ətrafında birləşməsinə təkan verə bilər. İran əhalisi xarici müdaxilə nəticəsində baş verəcək dəyişikliyi qəbul etməyəcək. Deməli, dəyişiklik daxilin öz istəyi və sifarişi ilə getməlidir. Yuxarıda sadaladığımız 4 istiqamət də məhz bu dəyişikliyin sifarişinə bir dəstək olaraq nzərdə tutulur. Bir sözlə, Amerika İranda rejim dəyişikliyi istəyir. Və bunun üçün var-qüvvəsi ilə çalışır”.

Kissincerin “Çin və Rusiya yuxudan oyananda Üçüncü Dünya müharibəsi başlayacaq” fikrinə münasibət bildirən ekspertin sözlərinə görə, əslində üçüncü dünya müharibəsi başlayıb:

“Dünyanın son 4 ayda sözün həqiqi mənasında “əlləşdiyi” koronavirus macərası – dünya müharibəsinin ən əsaslı elementlərindəndir. Çinin və Rusiyanın isə hazırda yatmadığı dəqiqdir. Ən azından Rusiya “ərəb baharı” dalğası Liviyaya çatdığı və nəticədə Qəddafi devrildiyi zaman, həmin ərazidə ciddi hərbi nöqtələri itirdiyi və Yaxın Şərqdən tamamilə sıxışdırılaraq çıxarılma təhlükəsini birbaşa hiss etdiyi zaman ayıldı. Ayıldı və Əsəd hələ də iqtidarda qalıb.

Çin isə Uhanda 4 ay əvvəl öz addımını atdı. Özü də elə bir addım ki, hələ də dünya karantindədir”. \\Teleqraf