SINDIRILMIŞ QOL: “DÖRDÜNCÜ HAKİMİYYƏT”…

102

Biz, media adamları kimi “dördüncü hakimiyyətimizi”, siz dövlətin bir qolunu, mediasını itirəcəksiniz…

Sonun bura dirənəcəyi bəlli idi. Əvvəlcə hərə əlinə bir telefon aldı ki, blogerəm, sonra bir jilet geydilər ki, jurnalistəm. Sonra havadarlarının dəstəyi ilə qeydiyyatdan keçdilər, saytlar açdılar, şirkətlər qurdular ki, bəs menecerəm, həm də jurnalistəm. Firqə, söyüş, kompramat, reket jurnalistikası belə formalaşdı. Bəllidir, məqsəd o idi ki, insanları vətəndaş olmağa, haqq-hüquq bilməyə yönəlməkdən çəkindirsinlər. Ölkədə vətəndaş cəmiyyəti yox, yırtıcı, cahil cəmiyyəti, mədə davası başlatsınlar…

Hədəfə uşlaşılıb. Bir MİS müdiri, tanınan jurnalisti döydürə, Hafiz Hacıyev videogörüntüdə bir jurnalistə üzr istədə, manıs Manaf jurnalisti aşağılaya bilirsə, başqa nəticə çıxarmaq mümkün deyil vəziyyətdən. Hələ üçünci sinfi bitirən, orta statitik palatka müğənnisi siyasi yazarlara “çoban” deyəndə, Allahın Toliki millətə üç barmağın həndəsi fiqurunu göstərib də, sizə bunu verəcəklər deyəndə, göbək atan rəqqasə yardım almışam… ağzınız filan deyib də millət aşağılayanda, bu, dəqiq bəlli idi.

Bütün bunları medianın “m”-ı, etikanın “e”-i, əxlaqın “ə”-i barədə məlumatlı olmayan, amma hamıdan əvvəl əli hər yerə çatan Ata Abdullayevlərin, Trans Səbişin medianı müzakirə etməsindən sonra düşündüm…

Bu artıq bu pik həddir. Bizim sözümüzü, ya da bizim yerimizi tutanlara sözü cinsi azlıqlarla dedirdirlər. Bu da aşağılanmağın, ələ salınmağın yeni modelidir, yəqin?!

Dialoqa baxın:

– …

– …

Hə, bir də deyirlər ki, bu adamı, yəni Atanı müzakirə edir, gündəmə gətirib, təpəmizə çıxarmayın. Orda dayanın, bunu təpəmizə mən çıxarmıram. Bunu təpəmizə çıxaranlar, çıxarıb. Biz də ha silkələyirik, aşağı sala bilmirik. “Başımızı yolur”, “üzümüzə cırmaq atır”, tuği-lənət olub, keçib boğazımıza simasında çoxlu sayda küçə jurnalistlərindən can qurtara bilmirik. Niyə? Ona görə ki, sponsorluq edirlər. Məsələn, hadisə baş verdimi, bütün media mənsublarından əvvəl olay yerinə yollayırlar, beynəlxalq təşkilatlarda qeydiyyatdan keçirib boynuna media xaltası taxırlar. Bilmirik, mediada, bir ovuc qalan gerçək media adamlarıyla hüsumət nə? Bunu hələ ki, anlamış deyilik?! Amma dəqiq bildiyimiz bir şey var, atalar söyüş mediası və söyüş müxalifəti dediklərinizdən az təhlükəli zad deyil. Həm ölkə, həm də dördüncü hakimiyyətin özünü nə qədər gec deyil, bu dalğadan sığortalamalıdır.

İndiliksə Azərbaycan mediası can verir. Başında nə yiyəsi var, nə sahibi, nə də dərdini deyib danışmağa kimsə. Nəyi gözləyirik? Nəyi gözləyirsiniz? Sahib durulmayanı gəlib kənardan kiminsə götürməsinimi?! Bir gün o da olacaq. Sağımız İran, solumuz Rusiya, okeanın o tayından da Amerika çox media adamına “alıcı” gözüylə baxır. Yoxsa küçələri “Azad söz” və onun kimi onlarla sistemlərə bağlı “mediatik” düşüncə sahibləri niyə bürüsün ki?!

Bəlkə də SOSdur. Əyalətdə ehtiyaclı adamlarımızı götürdükləri kimi, “dördüncü hakimiyyəti” də götürəcəklər. Biz, media adamları kimi “dördüncü hakimiyyətimizi”, siz dövlətin bir qolunu, mediasını itirəcəksiniz…

Jalə MÜTƏLLİMOVA,

Araşdırmaçı jurnalist