“Simulyasiya edən olsaydım…

162
Amil Yunanov: “Qarabağ”a qarşı oynayanda istər-istəməz daha diqqətli, daha motivasiyalı olmağa çalışırsan”

“Səbail” “Qarabağ”la son matça ciddi itkilərlə çıxdı. Heç şübhəsiz ki, əsas itki komandanın bombardiri olan Rauf Əliyevin yoxluğu idi. Hələ oyunöncəsi bəlli oldu ki, cari çempionatda 4 qol vuran təcrübəli hücumçu da COVİD-19-a yoluxub. Raufu əvəzləyən Amil Yunanov matçın qəhrəmanı oldu desək, yanılmarıq. Hər halda, “Qarabağ”la görüşdə sensasion nəticədə onun da əməyi böyük oldu. Sport24.az-a müsahibəsinə bu və digər məqamlara toxunan Amil öncə Qarabağ zəfəri haqda danışmağı özünə borc bilib.

– İlk növbədə saytınız vasitəsilə xalqımızı torpaqlarımızı geri almaq münasibətilə təbrik etmək istərdim. Şükürlər olsun bu günlərə. Allah şəhidlərimizə rəhmət eləsin! Ailələrinə səbr diləyirəm. Yaralılarımıza, qazilərimizə də Allah şəfa versin, tezliklə sağalarlar. Hər şeyə görə onlara borcluyuq, Allah köməkləri olsun. Oyuna gəlincə, bəli, 1-2 gün qalmış hiss edirdim ki, start heyətində alacam. Şükür, oyunum normal alındı. Düzdür, nə vaxtdandı oynamıram ki, bu da çox problem yaradır. Çalışdım özümü oyuna maksimum kökləyim ki, çıxışım yaxşı alınsın.

– Ümumiyyətlə, “Qarabağ”a qarşı oyunlar səndə yaxşı alınır. Təsadüfi deyil ki, bu güclü rəqibə xeyli qol vurmusan. “Səbail”də qol hesabını açmağın da məhz “Qarabağ”la görüşə təsadüf etdi. Bu uğurlu çıxışın bir sirri, xüsusi bir izahı varmı?

– “Qarabağ”a bəlkə də 10-12 qol vurmuşam. Bildiyimə görə, 4-5-i kubokda olub, qalanı çempionatda. Xeyr, bunun bir sirri, xüsusi bir izahı yoxdu. Çalışıram ki, hər oyun əvvəlkindən daha motivasiyalı olum. Sadəcə, “Qarabağ”a qarşı oyun məndə belə yaxşı alınır.

– Qol epizodunu xatırlayaq. Topu alaraq cərimə meydanına daxil oldun və rəqiblə mübarizədə yıxılaraq penalti təyin olundu. Bu, birmənalı qarşılanmadı. Baş hakimin səhv qərar verdiyini deyənlər də var…

– Yox, yüzdəyüz penati di. Bu epizoda diqqətlə fikir versəniz, rəqib futbolçu (Elnur Cəfərquliyev-müəllif) məni itələməklə yanaşı, arxadan ayağıma vurur. Nəticədə ayağım ayağıma dolaşır və yıxırlıram. Ondan qabaqkı epizodda da elə bir şey oldu, sadəcə, onda yıxılmadım. Çünki simulyasiya etməyi xoşlayan futbolçu deyiləm. Onda çalışdım ayaqda qalım, hücumu sonlayım. Ancaq bu dəfə duruş gətirə bilməzdim, çünki müvazinətimi itirdim. Simulyasiya edən olsaydım, birinci epizodda bunu edərdim. Onda da təmas vardı mənə, sadəcə, ayaq üstə qalmağı bacardım.

– Topu əlinə götürərək kiməsə nəyisə işarə edirdin. Nə məsələ idi?

– Açığı, baş məşqçi oyundan qabaq penalti vurmağı başqa futbolçumuza – Ürfan Abbasova demişdi. O da sağ olsun, mənə zərbəni vurmağa imkan yaratdı. Gördü həm oyunum yaxşı gedir, həm də işarə verdi ki, sən vursan, yaxşıdı, özünəinamın var. Mən də ona işarə etdim, 11 metrlik zərbəni vurmaq istəyirəm. Kapitanımız olan Ürfandan icazə alırdım, çünki baş məşqçimiz Aftandil Hacıyev mənə deməmişdi, kənardan da müdaxiləsi olmadı. O, deyir ki, oyunda özünüz öz aranızda məsləhət eləyin. Oyun epizodudu, kim daha çox özünə inanırsa, o da penaltini vurmalıdı. Bu normal bir şeydi.

– Sonuncu qolunu xatırlayırsanmı?

– Həqiqətən çox darıxmışdım qol vurmaq üçün. Son rəsmi qolum hələ “Keşlə”də “Sumqayıt”a olmuşdu. Onda penalti də qazanmışdım. Həmin matçdan isə 2 il vaxt keçir. “Sumqayıt”a dönəndən sonra yalnız yoxlama matçlarında fərqlənmişdim, 3-4 qolum oldu. Hətta yadımdadı, toplanışda bir penaltini də qaçırmışdım.

– Sönük keçən bu turda özünü turun qəhrəmanı sayırsan?

– Komandamızın futbolçularını bu oyuna görə qəhrəman sayardım. Çünki “Qarabağ” çempionatımızın ən güclücüsü və ondan xal almaq doğrudan da yaxşı nəticədi. Özümü qəhrəman saymaq hələ tezdi. İnşallah, növbəti turlarda da bunun davamını gətirməliyəm. Bir oyunla heç nə qurtarmır.

– Raufun bir müddət oynamamağı sənə şans yaradır. Əsas heyətdə möhkəmlənə biləcəksən? Əks təddirdə, Əliyev qayıdan kimi yenidən ehtiyata düşəcəksən…

– Fərqi yoxdu kimin oynamağı. Rauf indiyədək Azərbaycanda sayılıb-seçilən mərkəz hücumçulardandı. Həqiqətən çox yaxşı forvarddı. Komandamız üçün qollar vurur, çox kömək edir, bombardirimizdi. İnşallah, baş məşqçi nə qərar versə, necə yanaşsa, buna da hörmətlə yanaşmağa hazıram. Bu baxımdan problem yoxdu.

– Son oyunlarda hamıya 6 qol vuran “Qarabağ”dan xal almağınız bəs, nəyin nəticəsidi?

– Son 3 oyunda 18 qol vurmuşdular. Düzdür, “Qarabağ” həqiqətən güclü, hamının çəkindiyi rəqiblərdəndi. Bunu danmaq olmaz ki, Azərbaycanın ən güclü komandasıdı, artıq neçə ildi bunu davam edirlər. “Qarabağ”a qarşı oynayanda istər-istəməz daha diqqətli, daha motivasiyalı olmağa çalışırsan. Əlbəttə, biz də narahat idik, o mənada ki, itkilərimiz var idi. Amma şükürlər olsun ki, ən azından uduzmadıq, öz meydanımızda oynayırdıq.

– Ümumiyyətlə, “Səbail” stabil çıxışıyla diqqət çəkir və komandalar üçün çox çətin rəqibdi. Halbuki, turnir cədvəlinin sonlarında gedirdiniz. Buna necə izah verərdin?

– Məsələ ondadır ki, həm komandamız yaxşıdı, həm də baş məşqçimiz yaxşı kollektiv formalaşdırıb. Meydandakı futbolçular onun dediyini maksimum yerinə yetirməyə çalışır. Əlbəttə, bu zaman uğur da yavaş-yavaş gəlir. Çalşacağıq ki, maksimum yuxarı pillərdə olaq, yaxşı nəticələr qazanaq, hər oyunda hesabımıza xal yazaq. Onda uğur özü gəlir.

– Və sonda koronavirus mövzusuna toxunmaya bilmərik. İlk problem sizin komandada oldu, ən çox say da sizdədi. Necə qorunursan? Belə vəziyyətdə daxilində bir narahatlıq, qorxu yoxdu ki, COVİD-19 gəlib məni də tutacaq?

– Bu koronavirus bütün dünyada yayılıb. Virus bütün millətə yayılıb. Hamımız qorunmalıyıq. Maskada gəzirəm adam çox olan yerdə, əlimi tez-tez yuyuram, spirtləyirəm, çox su içirəm, limon qəbul edirəm. Qismətdi, tutacaqsa, tutacaq. Olacağa çarə yoxdu. Buna psixoloji köklənsəm, əlbəttə, tutacam. Çalışıram ki, özümü depressiyaya salmayım. Nə olar, olar.