Şimali Koreyada heç bir yoluxma halı qeydə alınmadı

165

Hurriyyet.org xəbər verir ki, Şimali Koreya dövlətinin lideri Kim Çen hakim Koreya Fəhlə Partiyasının Mərkəzi Komitəsinin təcili və geniş siyasi büro iclasındakı çıxışı zamanı koronavirus tədbirlərinin gücləndirməsi əmrini verib. Ölkədə noyabr ayında Kovid-19 virusuna yoluxma halı qeydə alınmayıb.

Kim Çen Inın son 27 gün ərzində ilk dəfə xalqa açıq şəkildə meydana çıxdığı bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, Şimali Koreyada 12 min nəfərdən artıq insan testdən keçirilib, noyabr ayı başlanandan bəri yeni tipli koronavirusa yoluxma halı qeydə alınmayıb. Oktyabr ayının son həftəsində 174 nəfər karantinə götürülmüşdü.

Pxenyan hakimiyyəti 2020-ci ilin əvvəlindən Çin ilə gediş-gəlişi dayandıraraq, ölkədə Kovid-19 təhlükəsinin olmadığını bəyan eləmişdi. Avqust ayında  “Radio Free Asiya”nın yaydığı xəbərlərdə isə Kim Çenin ölkəsinin Çin ilə sərhədlərindəki sərhədçilərə həqiqi güllələr paylandığını və ölkə sərhədinə doğru 1 kilometr məsafəni keçən şəxslərin vurulması əmrini verdiyi iddia edilirdi.