“Şimal qonşumuzun siyasəti çox təhlükəlidir, ətraf ölkələrin müstəqilliyinə ciddi təhdiddir” – NATİQ CƏFƏRLİ

81

“Belə bir vəziyyətdə tək çıxış yolu Baltikyani ölkələrin tutduğu yoldur – bacardıqca tezliklə NATO və Avropa Birliyinə üzv olub bu imperiya ambisiyalarından sığortalanmaq lazımdır”

“Son hadisələrə, Azərbaycanın apardığı Vətən Müharibəsinə görə Rusiya kanallarını yenidən izləməyə başladım, çoxdandır izləmirdim, əsəblərimi o TV-lərdən axan yalan, böhtan, imperiya təbliğatından qoruyurdum. Sentyabrın sonundan yenidən izləməyə başladım, Kremlin sözcüsü, jurnalistika adına ləkə olan Solovyovun verlişlərində hər dəfə ən azı iki erməni əslilli “ekspertin” olması heç kəsə sirr deyil”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

Politoloqun sözlərinə görə, o “ekspertlərin” dedikləri bir qırağa, “Bülbül nəcisinin” danışdıqları, dedikləri, tonu, ifadələri yalan olması ilə bərabər incidicidir, təhdiddir: “Guya Rusiya dövlətinin maraqlarından çıxış edir, əslində isə Rusiyanın ətrafında yerləşən dövlətlərə və xalqlara hədə-qorxu gəlir, tam tərsinə, Kremldən uzaqlaşdırır. Solovyov hər çıxışında Rusiya imperiyasının bərpa edilməsinin vacibliyindən, keçmiş sovet respublikalarını işğal edib ora Moskvanın canişini, general qubernatorunu təyin etmək vacibliyindən dəm vurur, Rusiyanın böyüklüyünü ərazi ilə ölçüldüyünü düşünür. Bədbəxt və xəstə ideologiyadır. Müasir imperiya modeli ərazi iə deyil, iqtisadi, texnoloji güclə ölçülür, 21-ci əsrin imperiyası ölkələri ordu ilə deyil də, iqtisadiyyatla, məhsullarla, xidmətlərlə “işğal” edir. Dünyanən ərazicə ən böyük dövləti zatən Rusiyadır, Uraldan o tərəfə 33 min m2-ə 1 nəfər düşür, bu boyda ərazini nə düz-əməlli idarə edə, nə normal sistem qura bilirlər, amma başqa torpaqlarda hələ də gözləri var. Normal ütü istehsal edə bilməyən ölkə əlinə atom bombası alıb dünyaya ağalıq etməyi düşünür, anlamır ki, artıq dünya çox dəyişib”.

Natiq Cəfərlinin fikrincə, bu günün, 21-ci əsrin müasir imperiya modeli, məsələn, Cənubi Koreyadır: “Öz məhsulları ilə cibimizi, ofislərimizi, evimizi, qarajlarımızı “işğal” edib, bu ölkənin telefonu ilə danışırıq, bu ölkənin istehsal etdiyi maşını sürürük, bu ölkənin dünyaya satdığı TV-lərdə “Bülbül nəcisinə” baxırıq. Şimal qonşumuzun çağdaş dünyadan kənar düşüncəsi və siyasəti çox təhlükəlidir, ətraf ölkələrin müstəqilliyinə ciddi təhdiddir. Görünən odur ki, belə bir vəziyyətdə tək çıxış yolu Baltikyani ölkələrin tutduğu yoldur – bacardıqca tezliklə NATO və Avropa Birliyinə üzv olub bu imperiya ambisiyalarından sığortalanmaq lazımdır. Rusiyanın apardığı siyasət qonşularını bu yolla getməyə məcbur edən əsas amildir, yəni, günah elə Kremlin özündədir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org