Sığortasız avtomobil qəza törədəndə dəyən ziyanı kim ödəməlidir?

57

Bir neçə gün əvvəl Bakı-Sumqayıt yolunda üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumata görə, qəzaya “Ravon R3” markalı, 90-PX-391 dövlət qeydiyyatı nişanlı avtomobilin əsas yola çıxan zaman “Mercedes” markalı avtomobili gözləməməsi səbəb olub. Eyni zamanda araşdırmalar hadisəni törədən sürücünün avtomobilinin icbari sığortasının olmadığını ortaya çıxarıb.

“Mercedes” markalı avtomobilin sürücüsü, zərərçəkmiş Rasif Hacıyev “Report”a bildirib ki, avtomobilini məhz bu səbəbdən hələ də təmir etdirə bilmir: “Hadisənin ertəsi günü polis bölməsinə çağırılmışıq. Mənə qəzaya səbəb olan avtomobilin icbari sığortasının olmadığı deyildi. Ona görə də məhkəməyə müraciət etməyim məsləhət görüldü. Ümumilikdə avtomobilə 3 500 manat ziyan dəyib”.

Təbii ki, heç bir sürücü bədbəxt hadisədən sığortalanmayıb. Ölkədə də, demək olar ki, hər gün yol qəzaları baş verir. Onların içərisində avtomobilinin icbari sığortası olmadığı halda yol-nəqliyyat hadisələri törədən sürücülər də var. Bəs belə vəziyyətdə zərərçəkmişə dəyən ziyan necə və hansı yolla ödənilməlidir?

Yol hərəkət üzrə ekspert Elməddin Muradlı məsələ ilə bağlı “Report”a açıqlamasında deyib ki, sürücü məhkəməyə müraciət etməklə ona dəymiş ziyanı ödətdirə bilər: “Bu hallar ölkəmizdə son vaxtlar daha tez-tez baş verir. Polis tərəfindən zərərçəkmişə Forma-4 verilir. Zərərçəkmiş həmin Forma-4-lə istənilən avtoservisə avtomobilinitəmir etdirir. Bu halda akt tərtib olunur və hər şey detallı şəkildə qeyd edilir. Eyni zamanda avtoservis rəhbərliyi və ustalar imzaları ilə avtomobilin həqiqətən qəzalı vəziyyətdə onlara gətirildiyini, hansı hissələrinin təmir edildiyini və nə qədər xərcin çıxdığını təsdiqləyirlər. Zərəçəkmişı də bu sənədi götürərək məhkəməyə təqdim edir və mülki iddia qaldırır. Məhkəmə də buna əsasən zərərçəkmişin xeyrinə qərar çıxarır”.

Onun sözlərinə görə, məhkəmənin qərarını icraçılar təmin etməlidirlər: “Məhkəmələr bu cür məsələlərə səthi yanaşdığından sürücülər də sui-istifadə edirlər. Ona görə də bu cür məsuliyyətsiz sürücülərə qarşı məhkəmələr sərt qərarlar tətbiq etməlidir”.