“Sietl Muxtar Bölgəsi” lövhəsi asıldı. Tramp: “Sietl daxili terrorçuların hakimiyyəti altındadır”, – deyə bəyan elədi

45

“Şəhərinizi geri qaytarın. Qaytarmasanız, mən alaram. Bu, oyun deyil. Bu çirkin anarxistlər təcili şəkildə dayandırmalıdırlar. Təcili hərəkətə keçin”

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Vaşinqton ştatının Sietl şəhərindəki nümayişçilərin bələdiyyə və parlament binalarını işğal eləməsi ilə bağlı açıqlamasında deyib: “Radikal solçu demokratlar tərəfindən idarə edilən Sietl daxili terrorçuların hakimiyyətinə keçib. Qanun və nizam-intizam!”

Qaradərili şübhəli Corc Floydun həbs edilərkən polis zorakılığının qurbanına çevrilməsindən sonra Sietl şəhərində keçirilən mitinqlər zamanı bir qrup nümayişçi bələdiyyə binasını işğal edib və parlamentin binasından “Sietl Muxtar Bölgəsi” löhvəsini asıb. Tramp hadisələrə münasibətini “Tvitter”də bəyan edib.

Vaşinqtonun valisi demokrat Cey İnsli ilə Sietlin bələdiyyə başçısı, demokrat Cenni Durkana müraciət edən Tramp deyib: “Şəhərinizi geri qaytarın. Qaytarmasanız, mən alaram. Bu, oyun deyil. Bu çirkin anarxistlər təcili şəkildə dayandırmalıdırlar. Təcili hərəkətə keçin”.

Minneapolisdə 46 yaşlı Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra  ölkədə “polis islahatı” və “irqçiliyə son” tələbi ilə başlayan nümayişlərin gedişində paytaxt Vaşinqton da daxil olmaqla bir çox iri şəhərlərdə iğtişaş və talan hadisələri baş verib. Dövlət şəhərlərə milli qvardiyaçıları göndərmək məcburiyyətində qalıb.

Tramp isə hadisələrin arxasında “Antifa və radikal sol qrupların” olduğunu irəli sürərək bu qrupları “daxili terrorçular” adlandırmışdı.

Hurriyyet.org