Sidqi Ruhulla və Mirzə Fətəli Axundov dramaturgiyası

138

1912-ci il oktyabr ayının 28 də Sidqi Ruhulla Gəncədə M. F. Axundovun “Hacı Qara” komediyasını tamaşaya qoyur və Heydər bəy rolunda çıxış edir. Sonralar 1916-cı ildə yanvar ayının 1-də həmin komediya H. Ərəblinskinin quruluşunda səhnələşdirilir və Sidqi Əsgər bəyi ifa edir.

“Hacı Qara” komediyasında Sidqinin yaratdığı Heydər bəy qaçaq-quldur dəstəsinin başçısı olmaqla yanaşı, Sonanı dərin məhəbbətlə sevən bir gənc idi. Sidqi quldurluq, qaçaqçılıq və sevgi xətlərini Heydər bəy obrazında tamaşaçılara düzgün çatdırmağa nail olurdu.

1938-ci il yanvar ayının 17-də M. F. Axundovun “Hacı Qara” komediyası Rza Təhmasibin quruluşunda tamaşaçılara təqdim olundu və S. Ruhulla bu məşhur komediyada baş rolu-Hacı Qaranı ifa etdi.

Azərbaycan dramaturgiyasının banisi sayılan M. F. Axundovun məşhur “Hacı Qara” komediyasında rejissor R. Təhmasib baş rolu Sidqi Ruhullaya tapşırdı. Bu obrazı ifa etmək Sidqi üçün çətin idi. Çünki bu rolun Cahangir Zeynalov, Mirzağa Əliyev kimi klassik ifaçıları olmuşdur. Bu böyük komediya aktyorlarından sonra Hacı Qaranı oynamaq mənfi rollarda şöhrət qazanmış, romantik aktyor olan S. Ruhulla üçün o qədər də asan deyildi. O, Hacı Qaranı necə görürdüsə elə də ifa etdi.

“Hacı Qara obrazını Sidqi Ruhulla müvəffəqiyyətlə yaratdı. O, keçən əsrdə yaşamış Azərbaycan tacirilərinin tipik nümayənədəsini ifşa etmək üçün incə priyomlar tapa bilmişdi” (C. Məmmədov).

Aktyorun ifa etdiyi Hacı Qara xəsisdir və bütün səciyyəvi sifətləri özündə birləşdirən xarakterdir. Sidqi, Hacı Qaranın xəsisliyini şəxsi nöqsanı kimi deyil, XIX əsrdə Azərbaycanda hökm sürən ictimai mühitin, feodalizmin nöqsanı kimi ifa edirdi. Onun xəsis təbiətinə yalan danışmaq, yaltaqlıq, pula, qızıla həsirlik kimi vərdişlər daxil idi.

Tamaşaçılar Hacı Qara-Sidqi ilə Ağcabədi kəndinin bazarında, qızğın alver gedən zaman tanış olurdu. Bazarın bir küncündə ki, parça dükanında uzun, qara saqqallı dükançı olan Hacı Qara-Sidqi dilxor əyləşib, yanından ötüb gedən insanlara yalvarıcı nəzərlərlə baxır, onları dükana, mal almağa çağırırdı. Lakin heç kəs dükana yaxın gəlmirdi. Hacı Qara-Sidqi tez-tez bayıra boylanıb, müştəri axtarırdı və malının alınmadığını görüb, dizlərinə vurub, şikayərlənirdi.

Hacı Qara-Sidqi varlı bir insan idi. Lakin əldə etdiyi bu var-dövlət ona azlıq edirdi, gəlir əldə etmək üçün bütün yollara getməyə hazır idi. O, Heydər bəy (Ələsgər Ələkbərov) və digər bəylərlə (Əsgər bəy (Əli Qurbanov), Səfər bəy (Əbdülhəsən Kamalov)) səfərə hazırlaşanda evdə arvad-uşaq çox ərzaqdan istifadə etməsin deyə hər şeyi “nizama” salırdı. Burda aktyorun çox maraqlı ştrixləri var idi…

Sidqinin ifa etdiyi Hacı Qarada ustalıqla işlənmiş detallar çox idi. O, ifa olunan Hacı Qaralara nisbətən ayıq və hazır cavab olması ilə fərqlənirdi. Hacı Qara-Sidqi çətin vəziyyətlərdə darıxmır, çıxış yolları axtarır və özünü müdafiə edirdi. Bu xüsusiyyət Hacı Qara-Sidqinin səfər vaxtı başına gələn hadisələrdən aydın görünürdü.

“Onun (S. Ruhullanın-İ.A.) yaratdığı Hacı Qara komik şəxsiyyətdir, lakin onun özünə məxsus dərin bir tragediyası da vardır. Tamaşaçı ona gülür, Hacı Qara isə qan ağlayır, onun hər qəpik üçün titrəməsi, pula büt kimi sitayiş etməsi, Sidqinin ifasında böyük bir zümrənin faciəsi kimi səslənir.

Bu, Sidqi realizminin zahiri əlamətlər əsasında yox, dərin ictimai və psixoloji əsaslar üzərində qurulduğunu göstərən bir cəhətdir. Sidqi Ruhullanın naturası, məhz bu yolda inkişaf etməsinə, məhz belə həqiqi yaradıcılıq xətti ilə getməsinə imkan verən zəngin bir naturadır. Onun sənətində, əvvəlcədən bütün obrazlar üçün hazırlanmış şablon hərəkətlər yoxdur. Realist dramaturq kimi o da öz qidasını canlı həyatdan, real varlıqdan alır” (M. Hüseyn).

Romantik aktyorluq məktəbinin ən görkəmli simalarından biri olan Sidqi Ruhulla Hacı Qara obrazı ilə sırf realist səhnə prinsiplərinə sadiq qalmışdır. Əlbəttə S. Ruhulla kimi böyük faciə aktyoru üçün bu məşhur komik obrazı ifa etmək çox çətin idi. Bu obrazın yuxarıda qeyd etdiyimiz kimi Cahangir Zeynalov və Mirzağa Əliyev kimi böyük ifaçıları olmuşdur. Deməli, Sidqinin boynuna iki qat yük düşmüşdü və o, da bu yükü məharətlə çəkə bildi. Səhnədə sözün tam mənasında Hacı Qara obrazını yaratmağa müvəffəq oldu.

“Rza Təhmasibin Hacı Qara rolunu iyirmi ildən yuxarı bu obrazı ifa edən ənənəvi aktyorlara deyil, Sidqi Ruhulla kimi dramatik faciə aktyoruna tapşırması ilk baxışda təəccüb doğurur, müəyyən qədər də maraq oyadırdı. Tamaşanın gedişatı göstərdi ki, belə rol bölgüsünə maraq göstərənlər daha haqlıdırlar. Sidqi Ruhulla orijinal, dramatik yumorlu Hacı Qara yaradırdı. Onun ifasında Hacı Qara ilk növbədə gəlirini-çıxarını bilən tacir idi. Gülüş doğuran cəhətləri ilə aktyor, əsasən obrazın düşdüyü gülməli vəziyyətlərini xarakterik xüsusiyyətləri ilə əlaqələndirirdi” (İ. Rəhimli).

Hacı Qara-Sidqi Ruhullanın repertuarında ilk komediya rolu idi. O, bu xəsis, acgöz tacirin obrazını düzgün yaratmaqla, ona məxsus olan alçaq mülkiyyətçi istəyini tamaşaçılara çatdırmağa nail ola bilmişdir. Sidqinin Hacı Qarası orta əsrlərin tacir obrazı idi. Şübhəsiz ki, o dövrün tacirləri cəmiyyətdə sözü keçən insanlar idilər. Sidqinin Hacı Qarası qorxaq, xəsis və acgöz olmasına baxmayaraq, yaşadığı mühit onun bu məziyyətlərinə şübhə etməyə cəsarət etmirdi.

“Sidqi Ruhulla Hacı Qaranın xəsisliyini, onun iyrənc simasını dolğun göstərmişdir” (M. C. Cəfərov).

Sidqinin ifasındakı bu xüsusiyyətləri yəni xəsislik və qorxaqlığı aktyor kontrast boyalarla işləmişdi. Hacı Qara-Sidqi final səhnəsində tamamilə ifşa olunurdu, onun mənəvi eybəcərliyini tamaşaçılara incə cizgilərlə göstərirdi. Aktyor bu səhnədə özünün böyük sənətini nümayiş etdirirdi.

İmran Axundov,

fəlsəfə doktoru