Sidqi Ruhulla və Hüseyn Cavid dramaturgiyası

228

1926-cı il noyabr ayının 15-də Hüseyn Cavidin “Topal Teymur” pyesi A. Tuqanovun quruluşunda ilk dəfə tamaşaya qoyuldu. Rejissor bu tamaşaya maraqlı aktyor heyəti toplamışdı: Topal Teymur-Sidqi Ruhulla, İldırım Bəyazid-Ülvi Rəsəb, Şair Kirmani-Abbasmirzə Şərifzadə, Dilşad-Əzizə Məmmədova, Dəmirqaya-Mirzağa Əliyev, Almaz-Mərziyə Davudova, Ağbuğa-Əli Qurbanov, Cücə-İsmayıl Hidayətzadə, Orxan-Rza Təhmasib, Olqa-Qəmər Topuriya, Əli paşa Süleyman Səlimbəyov, Meliça-Yeva Olenskaya, Nazim ağa-Rza Əfqanlı, Köylü qadın-Panfiliya Tanailidi və b.

Əlbəttə ilk dəfə Teymur kimi obrazı ifa etmək çox çətindir. Ona görə ki, ifa uğurlu olmalıdır. Çünki sonra bu rolu oynayan digər aktyorlar həmişə ilk ifaçıdan bəhrələnirlər.

Sidqi Topal Teymur kimi mürəkkəb obrazı müəllifin və rejissorun istədiyi səviyyədə yaratmağa müvəffəq oldu.

“… Sidqi Ruhulla Teymuru böyük sərkərdə, müdrik bir hökmdar, elm və sənət hamisi, mülayim, xeyirxah, ədalətli insan kimi göstərmiş, onun qanlı bir fateh olduğunu unutmuşdur” (C. Cəfərov).

“Sidqi Ruhulla Teymur obrazını tam realist planda, təbii və çox inandırıcı bir tərzdə yaradırdı. Aktyor “əzazil, qaniçən” şahları, xaqanları göstərmək kimi köhnə traktovkadan (quruluşdan-İ. A.) tamamilə uzaqlaşaraq obrazı yeni, realist cizgilərlə canlandırmağa çalışmışdı.

Böyük temperamentə malik olan Sidqi Ruhulla bu tamaşada şübhəsiz ki, rejissorun səyi nəticəsində xaricdən təmkinli, hirsini asanlıqla cilovlayan, kinini çox dərindən və məharətlə gizlətməyi bacaran, ağıllı bir şərq despotu idi. Aktyor daxilən çox qüvvətli bir insanın, indiyədək Azərbaycan səhnəsində görünməmiş, qeyri-adi hökmdarın obrazını yaratmağa müvəffəq olmuşdu.

Sidqi Ruhulla obrazın sözlərindəki məna vurğusunu tapmış, hərəkətlərini dərindən düşünmüşdü. Üzündəki iblisanə ironiya, tamaşaçılarda dəhşət, qorxu hissi yaradırdı. Xarici təmkin, sakitlik soyuqqanlı ifadə ilə həmahəng idi. Aktyor tarixən Teymurun soyuqqanlı qəddarlığını bəzən sözsüz, çox yığcam hərəkətlərlə, çox vaxt isə yalnız üzünün ifadəsi ilə çatdırırdı.

İldırım Bəyazidin məktubunu oxuduğu səhnədə Topal Teymur-Sidqi Ruhulla qəzəbini büruzə verməməyə, zahirən çox səbirli və soyuqqanlı görünməyə çalışır, hətta gülür və istehza edirdi.

Orxanı casusluğa göndərən Topal Teymur-Sidqi Ruhulla bu səhnədə çox düşüncəli görünürdü. O, sanki cızdığı planı aydın görürdü, aktyor burada ağıllı bir sərkərdənin fikirlərini, niyyətini, məqsədini çatdırmağa çalışırdı. Teymur-S. Ruhulla tələ qururdu. Lakin o bunu hiylə quran ordu başçısı tipi kimi naturaliscəsinə göstərmirdi, əksinə, müharibənin tələb etdiyi taktika üsulu kimi qələmə verirdi.

İldırım Bəyazidlə olan son səhnədə aktyor tarixi Teymurun  böyük nifrətini, bəşəriyyətə olan kinli münasibətini elə dəhşətli kinayə ilə ifadə edirdi ki, onun son sözləri Teymurun daxilinin, xarakterinin məcmusu, əhval-ruhiyyəsinin apafeozu kimi səslənirdi” (T. Təhmasib).

Sidqi Ruhulla müəllifin qələmə aldığı Topal Teymurun əsl simasını yaratmağa müvəffəq olmuşdur. Onun səhnədəki bütün hərəkətləri Teymurun cəngavər, uzaqgörən, şücaətli bir insan olduğunu göstərirdi. Onun mimikası, sözləri və hərəkətləri Teymurun xarakterinə tamamilə uyğun gəlirdi.

Azərbaycan teatrında şah rollarını ən çox ifa edən aktyor Sidqi Ruhulla olmuşdur. Onun Nadir şahı, Qacarı, Teymuru buna layiqli misaldır.

1932-ci ildə oktyabr ayının 28-də tamaşaçılara təqdim olunan “Şəyx Sənan” faciəsi teatr tarixində ilk dəfə olaraq dörd rejissor (Rza Darablı, İsmayıl Hidayətzadə, Rza Təhmasib və Ələsgər Şərifov) tərəfindən tamaşaya qoyuldu. Bu rejissorların hər biri tamaşanın bir pərdəsinə quruluş verdilər. Teatrın baş rejissoru və əbədi hissə müdiri Yakov Varşavskinin ümumi rəhbərliyi ilə “Şeyx Sənan” tamaşaçılara göstərildi.

acH. Cavidin “Şeyx Sənan” mənzum pyesi müxtəlif illərdə tamaşaya qoyulmuş (26.10.1924; 28.10.1926; 14.01.1929) və Sidqi bu quruluşlarda Dərviş rolunu ifa etmişdir. Epizodik obraz olan Dərviş S. Ruhullanın ifasında öz səhnə həllini tapmışdır.

Sidqinin ifa etdiyi Dərviş qoca filosof idi. Aktyor Dərvişin fəlsəfəsini açmağa nail olmuşdur. Sidqinin Dərvişi üsyankar deyildi. O, insanlara nifrət edən müdrik bir qoca obrazı yaradırdı. Şeyx Sənanı (Ülvi Rəcəb və Rza Təhmasib) inandırmağa çalışırdı ki, din insan fəlakətinin səbəbidir.

“Dərviş rolunu realist planda, çox təbii şəkildə oynayan Sidqi Ruhullanın ifası ilk baxışda bir qədər qəribə və anlaşılmaz idi.

Onun tənhalığı “həqiqət axtarışlarında”məqsədə nail olmaq üçün mücərrəd vasitə xarakteri daşımırdı. Bu, bütöv bir fəlsəfi anlayışın nəticəsi idi…

Aktyor bu qəribə təbiətli qəhrəmanın “dəliliyini” göstərməkdən qəti surətdə imtina edərək onun mənalı və dərin psixoloji obrazını yaratmaqla, Dərvişin bu cəmiyyətdən daxilən, mənən yüksək olduğunu göstərirdi. Sənanla söhbət edərkən yoldan daş yığan Dərviş-Sidqi Ruhulla daima, son dərəcə dalğın, prinsipial, müdrik, qoca bir filosof kimi görünürdü. Dərvişin bu cəmiyyətə qarşı etirazı, üsyanı Sidqi Ruhullanın ifasında mövhumata, fanatizmə, düşünmə qabiliyyəti dar və məhdud olan köhnə dünyaya qarşı etiraz kimi səslənirdi” (T. Təhmasib).

1934-cü il mart ayının 1-də Hüseyn Cavidin “Səyavuş” mənzum faciəsi İsmayıl Hidayətzadənin quruluşunda ilk dəfə tamaşaçılara göstərildi. Motivləri Ə. Firdovsinin “Şahnamə” poemasından götürülmüş bu əsərdə qüdrətli aktyor ansamblı çıxış edirdi.

“Teatr tarixində tamaşaçılar indiyədək “Səyavuş” tamaşasındakı qədər parlaq və rəngarəng aktyor ifaları ilə rastlaşmamışdılar. Ülvi Rəcəb və Abbasmirzə Şərifzadə Səyavuş, Mərziyə Davudova Südabə, Rza Təhmasib Keykavus, Ağasadıq Gəraybəyli Əfrasiyab, Ələsgər Ələkbərov Gərşivəz, Mustafa Mərdanov Vali, Sidqi Ruhulla Rüstəm Zal, Əli Qurbanov Piran, Əzizə Məmmədova və Panfiliya Tanailidi Rübabə, Süleyman Tağızadə Bəhram… rollarında hərəsi bir sənət nümunəsi, hərəsi bir aktyor incisi təsiri bağışlayırdı.

Azərbaycan teatr tarixində görülməmiş hadisə idi ki, “Səyavuş” tamaşası premyeradan keçən iyirmi gün ərzində on bir dəfə oynanıldı. On birində də teatrda bir dənə boş yer qalmırdı. Bu da rekord idi ki,  milli səhnəmizdə birinci dəfə “yüzüncü tamaşa” sözləri “Səyavuş”a nəsib oldu (noyabr 1936) (İ. Rəhimli)”.

““Səyavuş” Rüstəm Zal (Sidqi Ruhulla), Keykavus (R. Təhmasib), Südabə (Mərziyə xanım), Kosa (M. Vəlixanlı) kimi canlı və qabarıq səhnə surətlərinin bolluğu ilə seçilən tamaşa idi” (C. Cəfərov).

“Sidqi Ruhulla Rüstəm Zalın igidliyini, qorxmazlığını ifasının əsasında qoymuşdu. Bununla yanaşı, aktyor obrazın cəngavər xislətindəki bəzi ehtiyatsızlığı, tez coşduğunu büruzə verirdi” (İ. Kərimov).

“Şərq Hamleti” adlandırılan “Səyavuş” faciəsindəki Rüstəm Zal-S. Ruhulla müsbət planda təqdim olunmuş qəhrəmanların içərisində fikrinin kəskinliyi və xarakterindəki əzəmətinə görə fərqlənirdi. Onun Rüstəmi zülmə, fitnəkarlığa qarşı çıxan, həmişə haqqın tərəfində olan bir sərkərdə idi. Rüstəm Zal-Sidqi təvazökar, həqiqət qarşısında boyun əyən, mənəvi və fiziki gücü ilə şahlardan üstün olan nüfuzlu bir pəhləvan idi. Sidqinin-Rüstəm Zalı həqiqətən böyük qüvvəyə malik cəngavər təsiri bağışlayırdı.

Rüstəm Zal-Sidqini Səyavuş-Ü. Rəcəb və Şərifzadə, Keykavus-Təhmasiblə qarşılaşdığı səhnə tamaşanın ən yadda qalan yerlərindən biri idi. Bu səhnələrdə Sidqi maraqlı kontrast yarada bilirdi. Keykavusun Rüstəm Zala üstün gəldiyi bu səhnəni hər iki görkəmli sənətkar görülməmiş peşəkarlıqla ifa edirdilər. Sidqi Ruhullanın Rüstəm Zalı adi bir cəngavər deyildi, o, xalqa arxalanan və xalqın içərisindən çıxmış döyüşən əsgər idi.

1956-cı ildə bütün repressiya qurbanları ilə birlikdə Hüseyn Cavid də bəraət aldı və teatr onun məşhur “Şeyx Sənan” faciəsinə quruluş verdi. 1956-cı il oktyabr ayının 12-də A. İsgəndərov və Ə. Şərifovun quruluşunda tamaşaya qoyulan H. Cavidin “Şeyx Sənan” pyesinin qapalı tamaşası oldu. Tamaşaya Azərbaycan Kommunist Partiyasının birinci katibi İmam Mustafayev, Nazirlər Sovetinin sədri Sadıq Rəhimov, Mədəniyyət naziri Məmməd Qurbanov baxdılıar.

Tamaşa ilk dəfə 1956-cı ildə oktyabr ayının 13-də A. İsgəndərov və Ə. Şərifovun quruluşunda tamaşaçıların ixtiyarına verildi. “Şeyx Sənan”ın əvvəlki quruluşlarında (1924, 1926, 1929, 1932) Sidqi Ruhulla Dərviş obrazını böyük ustalıqla yaratmışdır. 1956-cı ilin quruluşunda rejissorlar ona Platon obrazını tapşırmışdılar. Platon həm də Azərbaycan səhnəsində Sidqi Ruhullanın son rolu oldu.

O, Platonu ifa edərkən özündən əvvəlki ifaçılardan (Süleyman Səlimbəyov, Əli Qurbanov, Ağasadıq Gəraybəyli) fərqlənmişdi. Sidqinin Platonun da təkəbbürlüklə yanaşı, amiranəlik və qızının sədaqəti üçün çalışan atalıq qayğısı da hakim idi.

 

İmran AXUNDOV,

fəlsəfə doktoru