Əsgərlərdən pul almaqda ittiham edilən komandirin işi – Özünü günahkar bilmir

    21

    Penitensiar Xidmətin bölük komandiri Kazım Həsənov hakim qarşısına çıxarılıb. O, rüşvət almaqda ittiham edilir.

    Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Kazım Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

    İttihama görə, K.Həsənov tabeliyində olam əsgərlərdən həftəsonu buraxılış üçün 30-40 manat məbləğində rüşvət alıb.

    İttihama münasibət bildirən K.Həsənov özünü qətiyyən təqsirli bilməyib.

    Söyləyib ki, hərbi hissədə tabeliyində olam əsgərləri həftə sonları şəhərə buraxıb, Amma onlardan pul almayıb.

    "Əsgərlər buraxılışa gedən zaman hərbi biletləri özünə verirdim. Hərbi hissəyə qayıdanda isə təhvil verirdilər. Bəzi əsgərlər axşam saat 9-da qayıtdıqları üçün həmin vaxt mən növbədə olmurdum. Ona görə də növbətçi zabitlər əsgərdən hərbi bileti təhvil alıb saxlayırdılar, səhəri gün mənə təhvil verirdilər. Mənim tabeliyimdə olan əsgərlərin sayı dəqiq deyildi. Yerdəyişmələr olurdu, amma təxminən 70-80 əsgər var idi"- deyə təqsirləndirilən şəxs ifadəsində bildirib.

    Hazırda ev dustaqlığında olan K.Həsənov nə özünün nə də digər zabitlərin əsgərlərdən pul almadığını deyib.

    Suallara cavab verən K.Həsənov ona ittiham verilmədən öncə hərbi hissədə baş verən insident haqda danışıb.

    O söyləyib ki, həmin ərəfədə əsgərlər arasında mübahisə olub:

    "Əsgərlərdən biri o birinə güllə atmışdı. Əsgər Qasımzadə ilə başqa bir əsgər arasında mübahisə olmuşdu. Əsgərlərdən birinin digəri ilə problemi var idi. Eşitdiyimə görə, əsgər əsgəri təhqir etmişdi. Amma bu hadisənin mənə heç bir aidiyyatı yox idi".

    Qeyd edək ki, K.Həsənova qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.

    Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.