Sezar Meza Kolli: “Artıq çəkim yoxdur, oynamağa hazıram”

42

“Keşlə”yə üçüncü dəfə qayıdan paraqvaylı futbolçu Sezar Meza Kolli “Report”a müsahibə verib. Həmin müshaibəni oxucularımıza təqdim edirik.

– Komandaya mövsümün əvvəlində qoşulacağınız gözlənilsə də, bu, bir qədər gec baş verdi. Səbəb nə oldu?

– Bundan əvvəl də dediyim kimi, Azərbaycanı çox sevirəm. Bura mənim ikinci evimdir. Amma eyni zamanda mən peşəkar futbolçuyam. İlk növbədə, Rumıniyanın “Universitatya” (Krayova) klubu ilə problemimi həll etməli idim. Onlarla 1 illik müqaviləm qalmışdı. Məsələ həllini tapdı və mən artıq “Keşlə”dəyəm.

– Maraqlıdır, “Universitatya” ilə məsələni necə yoluna qoydunuz?

– Oturduq, danışdıq və müqaviləni qarşılıqlı razılıq əsasında pozduq.

– Çoxdandır məşq etmirdiniz. Fiziki durumunuz necədir: Artıq çəkiniz var?

– Bəli, bir neçə aydır kollektiv hazırlıqda iştirak etmirdim. Dünən “Keşlə” ilə ilk məşqimə çıxmışam. Özümü yaxşı hiss edirəm. Artıq çəkim yoxdur, oynamağa hazıram. Çünki fərdi qaydada məşq edirdim.

– Azərbaycan millisinə cəlb olunmağınızla bağlı danışıqlar gedirdi. Milliləşmə üçün FIFA-ya müraciət edilmişdi. Bu məsələ nə yerdədir?

– Bununla bağlı elə də çox məlumatım yoxdur. Açığı, indi daha çox “Keşlə”dəki oyunuma köklənmək istəyirəm. Nəyin necə olacağını zaman göstərəcək.

– “Keşlə”də baş məşqçi dəyişikliyi oldu. Tərlan Əhmədovla yollar ayrıldıqdan sonra komanda Yunis Hüseynova həvalə olundu. Bu dəyişiklik barədə nə düşünürsünüz?

– Yenidən “Keşlə”də olduğum üçün şadam. Yeni baş məşqçi ilə işləyəcəyik. Onu deyə bilərəm ki, Yunis Hüseynov barədə hamıdan ancaq xoş sözlər eşitmişəm. Ümid edirəm ki, birlikdə yaxşı işlər görəcəyik.

– Bakıya qayıtdıqdan sonra Yunis Hüseynovla söhbətiniz olub?

– Bəli, dünən aramızda kiçik söhbət oldu. Məni çox yaxşı tanıdığını və komandaya xeyir verə biləcəyimi dedi. Bildirdi ki, ilk gündən məni komandasında görmək istəyib. Baş məşqçinin etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Hər zaman meydana çıxıb, komandama kömək etməyə hazıram.