Şeyxülislam İran səfirini qəbul edib

66

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Seyyid Abbas Musəvini onun xahişi ilə qəbul edib.

İdarədən Musavat.com-a bildirilib ki, qonağı səmimi salamlayan QMİ sədri ona yeni işində uğurlar arzulayıb və iki ölkə arasında münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Şeyxülislam qeyd edib ki, Azərbaycanla İran arasında tarixən mövcud olan dostluq, qardaşlıq və mənəvi birlik əlaqələri bu gün də uğurla inkişaf edir. QMİ sədri ümummilli lider Heydər Əliyevin ölkəmizdəki mənəvi sabitliyin əsasını qurduğunu, onun sadiq davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin bu sabitliyin zamini və himayədarı olduğunu qeyd edərək, bu sabitliyə dini xadimlərin də verdiyi töhfələrin mühüm olduğunu vurğulayıb. “Bu baxımdan iki ölkə arasındakı dini-mənəvi müstəvidəki əlaqələr olduqca önəmlidir və biz əməkdaşlığa həmişə hazırıq” – deyə, Şeyxülislam qeyd edib.

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Musəvi Şeyxülislama səmimi qəbula görə təşəkkür edib, ölkəsinin rəsmi Bakı ilə müxtəlif sahələrdə əlaqələrə böyük önəm verdiyini diqqətə çatdırıb. İranlı diplomat hələ Bakıya gəlmədən öncə Şeyxülislam Allahşükür Paşazadə haqqında olduqca müsbət rəylər aldığı haqda danışaraq, onun kimi nüfuzlu, məzhəblər arası birliyə və dinlər arası dialoqa mühüm töhfələr verən bir din xadimindən qiymətli tövsiyə və məsləhətlər alacağından ümidvar olduğunu bildirib. Musəvi Şeyxülislamın Nobel sülh mükafatına namizəd göstərilməsinə də çox şad olduğunu ifadə edib.

Bundan sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Sonda tərəflər arasında xatirə hədiyyələri mübadiləsi baş tutub.

Qəbulda QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin və İran İslam Respublikasının Azərbaycandakı səfirliyin əməkdaşları iştirak ediblər.

Musavat.com