“Seymur şəhid mayor Rasim Məmmədovun qisasını alacağını deyirdi…”

1188

Şəhid kapitan Seymur Cabbarovun xanımı: “Onu öz çiynimdə ata ocağına gətirdim…”

“Mənim igid cəsur, mərd, qorxmaz şəhid yarım qisasını almaq istədiklərinin qisasını layqincə, qəhrəmanlıqla aldın, sənin də ruhun şad olsun qisasın alındı. Uğrunda canından keçdiyin Qarabağ azad olundu”

Müharibə itirmək bahasına qazanılan qələbədir. Sönən arzuların və gerçək olan arzuların bir-biri ilə təzadıdır. Müharibənin qoyduğu izlər silinməz, açdığı yaralar isə heç zaman sağalmaz. “Müharibə” – bu vahiməli sözdən ən çox şəhid ailələri ürpənir.

Müsahibim ll Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olan kapitan Cabbarov Seymur İlham oğlunun xanımı Maral Cabbarovadır.

(Əvvəli ötən sayımızda)

– Ailəniz hansı özünəməxsusluğu ilə seçilirdi?

– Əslində, bu suala bizi tanıyanlar daha yaxşı cavab verərlər. Ən çox sakit və mehribançılığımızla seçilirdik.

– “Bir taleyin oyununda cütləşmiş zər” idiniz. Bir-birinizi tamamlamağı bacarırdınızmı?

– Bəli, çox gözəl tamamlayırdıq. Düzdü, hər ailədə problemlər olur. Amma biz bir-birimizi tamamladığımız üçün hər bir halda  o problemi aradan qaldırmağı bacarırdıq.

– Bir hərbçi xanımının ürəyi hər zaman yar həsrəti ilə sızlayır. Çünki sevdiyi çox zaman uzaqlarda olur. Həsrətlə ötən zamanınız günlərə, aylara ya fəsillərə bərabər oldu?

– Biz 11 ildi ailəliyik. Demək olar ki, 11 ilin 5 ilini biz ailə kimi yaşamışıq. Çünki ya kursda, ya təlimdə, ya dağda olub. Mən Naxçıvana gəlirdim, o, qalırdı Gədəbəydə. Aylar sonra gəlib bizi aparırdı yanına. Biz bir-birimizdən çox ayrı qalmışıq. Axırıncı dəfə 2020-ci ilin yanvar ayında təyinatını Naxçıvandan Beyləqana verdilər. O ayın 15 -i getdi biz isə qaldıq Naxçıvanda. Dedi ev tutanda  deyəcəm gəlin. Günlərimizi sayırdıq, 1 günümüz 1 il kimi keçirdi. Mart ayında pandemiyaya görə yollar bağlandı, nə o gələ bildi nə biz gedə bildik. Telefonla görüntülü danışırdıq. Uşaqlar burda ata həsrətindən ağlıyırdı, o da orda bala həsrəti ilə sızlayırdı. 8 ay ayrı qaldıq, sanki 8 il oldu. Avqust ayında Seymurun dayısı oğlu bizə bilet aldı. Allah ondan razı olsun. Avqustun 12-si həsrətimiz bitdi, qovuşduq. Çox gözəl və unudulmaz bir gün oldu. Uşaqlar atalarına sarılmışdı, o da uşaqlara. Ağlamamaq əldə deyildi. Allah heç bir övladı atasız qoymasın. Bizim başımıza  gələn heç kimin başına gəlməsin.

– Seymurun şəhid olduğu xəbərini necə aldınız? Seymuru əbədiyyətə çatdıran yolda yaşadıqlarınızı çətin də olsa, bölüşməyinizi istərdim…

– Bu suala cavab vermək mənə çox çətindir. Sanki o günə geri qayıdıram, yaram yenidən qanayır. Seymur məni 27-si səhər 06:00-da tanıdığı bir ailə ilə Salyana qohumlarımızın yanına göndərdi. Hər gün bir dəqiqəlik olsa da səsini eşidirdik. Amma iki gün zəng vurmadı. Oktyabrın 3-də Seymurun qohumlarından birindən mənə zəng gəldi, “Sizdə nə olub Maral, hər kəs ora gedir?”, – dedi. Qaynatama zəng vurdum, nə olduğunu soruşdum. Ağlayaraq “Seymur yoxdu qızım, o getdi dedi”. Həmin an dünyam qaraldı, inanmaq istəmədim, “Seymur məni qoyub getməz yalan deyirsiz”. Elə həmin an maşınla yola düzəldik. Övladlarıma baxdım ki, ikisi də sanki gözləri ilə Allaha atalarını onlardan almasın deyə yalvarırlar. Mənə “bəlkə yaralıdı, səbrli ol dedilər”. Mənsə yol boyu həm ağlayır, həm dua edirdim. Uzanan yollar məni Seymura çatdırdı. Dedilər “Maral, gəl Seymurunla son dəfə vidalaş”. O an dünyam qaraldı. Çətin olsa da ilk dəfə bir morqa girdim. Sanki şirin -şirin yatmışdı…

Ordan qayıtdım, çox yorğun idim. 3-4 dəqiqəlik yuxu apardı məni. Yuxuda “mən ölməmişəm Maralım şəhidlər ölmür,  mən yaşıyıram. O gördüyün də mən deyildim”, – dedi. 3 gün Bakıda qaldıq, ayın 6-da təyyarə ilə Naxçıvan qayıtdıq. O an düşündüm ki, biz avqust ayı Seymurun yanına gedəndə Naxçıvandan necə sevinə-sevinə gedirdik. Amma indi Allahın işinə bax ki, ağlaya- ağlaya qayıdırıq. Axşam üstü  gəlib çatdıq Naxçıvana. Onu öz çiynimdə ata ocağına gətirdim. Oktyabrın 6-da Şərur rayon Şəhidlər xiyabanında canımdan çox sevdiyim yarımı torpağa tapşırdım.

– Övladlarınız atalarının əbədi gedişinin və onun hansı məqama ucaldığının fərqindədirlər?

– Bəli, övladlarım artıq atalarının əbədi gedişini qəbul ediblər. Bilmirəm, bəlkədə mənə elə gəlir. Amma mən Seymursuzluğu qəbul etməmişəm. Mənə onsuz nəfəs almaq, yaşamaq çox çətindi. Bəzən düşünürəm ki, övladlarım məni bu halda görməmək üçün qəbul edirmiş kimi görünürlər. Çünki gözlərini məndən ayırmırlar. Qorxurlar, düşünürlər ki, özümə qıyaram. Ancaq mən atasız qalan körpələrimi anasız qoymaram. 2-3 həftə bundan qabaq mən bir yaxın qohumla danışırdım. Ağlayaraq “Seymur yoxdu, ölüb”, –  dedim.Qızım Sevinc bu sözümü eşidib mənə qışqırdı: “Ana, atam ölməyib, şəhid olub.Şəhidlər ölmür, onlar yaşıyır”. O an qızıma baxdım və öz-özümə dedim ki, qızım atasının gedişiləmi belə böyüyüb, ya mən fərqində deyilmişəm onun böyüdüyünün. Nihad da mənə deyir ki, “Ana atamın ruhu mənə keçib, bundan sonra mən sizə ata olacam”. Bəzən düşünürəm ki, gələn-gedən var, başları qarışıqdı. Bir qədər zaman keçəndən sonra ataları ücün darıxsalar, mən nə edəcəm? Mən atalarını necə əvəz edəcəm? Çox çətin dözülməz bir dərddi. Seymur həmişə deyirdi ki, hərbçi xanımı dözümlü olar. Məgərsə bu günlər üçün deyirmiş .

– Seymurun necə şəhadətə ucaldığından xəbərdarsınızmı?

– Bəli, xəbərimiz var. Zəng vurduq  yanında olanlarla danışdıq. Yanlarına mərmi düşüb, 3 nəfər torpaq altında qalıb. Onu  çıxaranda sağ imiş, su istəyib. Yanlarında o an su olmayıb. Onu çıxaran əsgər yağışdan islanan torpağı sıxıb, bir damla su verib Seymuruma. Müqəddəslər kimi şəhid olan şəhidim də son anında su istəyib. “Balalarım” deyib, gözlərini əbədi yumub. Bu haqqda danışa bilmirəm, çox çətindi, mən əzab çəkirəm.

– Vətən uğrunda şəhid hər zaman olub, olacaq. Bəs Seymurun gedişi ilə barışmadığı silahdaşı varıydı? Şəhidlərin həyatına nəzər saldığımızda çox zaman şəhidin bir dostunun, doğmasının, silahdaşının qisasını alıb şəhadətə ucaldığını görürük. Sizcə, Seymur kimin qisasını aldı?

– Seymur II Qarabağ müharibəsinə 1 həftə qalmış Mübariz İbrahimovdan, Polad Həşimovdan evdə çox danışdı. Onların necə şəhid olmağından danışdı. Birdə ki, 2015-ci ildə “kombat”ı olan, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olan Rasim Məmmədovdan danışdı. Mən onun facebookda yazdığı yazılardan gördüm ki, o, qisasla yaşayırmış. Seymur bir paylaşımında “Qısasın yerdə qalmayacaq, Cənab mayor. Mənim mərd, cəsur, igid, qorxmaz, qəhrəman “kombat”ım qazi oğlu Rasim Məmmədov, sənin qisasını biz alacağıq və mən inanıram ki, sizin ruhunuz da o an bizimlə birlikdə vuruşacaq”, – deyə yazmışdı. Mənim igid cəsur, mərd, qorxmaz şəhid yarım qisasını almaq istədiklərinin qisasını layqincə, qəhrəmanlıqla aldın, sənin də ruhun şad olsun qisasın alındı. Uğrunda canından keçdiyin Qarabağ azad olundu.

– Bir şəhid xanımı kimi Seymuru Seymursuz yaşatmaq üçün yaşamağınızın vacib olduğunu yəqin ki, bilirsiniz. Bilirəm, ötən günlərin xatirələri sizə acı verir. Ancaq o sevgi dolu günlərin işığı sizin və övladlarınızın yollarını nurlandıracaq. Cismən sizi tərk edən Seymurun ruhu hər zaman sizinlə olacaq.

 

ŞƏHİD XANIMI

Yar əli əlindən əbədi çıxan,

Üst başı intizar və həsrət  qoxan,

Daha sevdiyinə məzarda baxan,

Bir qadın geyinib yarın libasın

Yar adı bəzəyir onun yaxasın.

 

Çiynində bərq vurur rütbələr tək-tək,

Daxildən min yerə bölünüb ürək,

Baxışı mətindir, ruhusa kövrək,

Sıxıb ürəyinə iki balasın

Körpələr ağlayır şəhid atasın.

 

Elə bil həyatın sınaq dərsidir,

Dünyanın qürurlu mənzərəsidir,

Ürəyi sızladan “yar” kəlməsidir,

Qürurla daşıyır yarın adını

Qəlbi şəhid olan şəhid xanımı.

Manya SƏXAVƏTQIZI