Sergey Markov: “Paşinyan kompromisə hazırdır, ancaq qorxur”

    18

    Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib. Görüşün nəticələrinə görə Azərbaycan xarici siyasət idarəsi bəyan edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərinin genişləndirilməsi üçün mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb.

    Görüş ərəfəsində Media.Az qeyd edib ki, ondan xüsusi nəticə gözləməyə dəyməz, yalnız əsirlərin dəyişdirilməsi məsələsində hansısa irəliləyiş ola bilər. Həqiqətən də, Ermənistan KİV-in məlumatına görə, əsirlər məsələsi danışıqlarda qaldırılıb, ancaq nəticəsi ilə bağlı heç nə məlum deyil.

    Nyu-Yorkdakı danışıqları Media.Az-a tanınmış rusiyalı ictimai xadim, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, Rusiya Federasiyasının İctimai Palatasının üzvü və Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Sergey Markov şərh edib.

    – Qarabağla bağlı danışıqların növbəti raundu baş tutdu, görünən nəticələr yoxdur, Ermənistanda Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır” fikirləri təkrar olaraq səsləndirilməkdə davam edir…

    – Hesab edirəm ki, Paşinyanın bu fikirləri hələlik danışıqların üzərindən xətt çəkmir. Ancaq əlbəttə ki, danışıqlar prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir. Dağlıq Qarabağla bağlı danışıqlar tez-tez unudulan və ya məlum olmayan iki hissəyə bölünür. Birinci hissə – bu, birbaşa Dağlıq Qarabağın özüdür.

    İkincisi, Qarabağ ətrafındakı yeddi rayondur. Dağlıq Qarabağla bağlı Nikol Paşinyan Azərbaycanla kompromisə getməyə hazır deyilsə, Qarabağ ətrafındakı yeddi rayonla bağlı erməni Baş nazir daxili və hətta siyasi cəhətdən hazırdır. Ancaq o qorxur, əlverişli siyasi vəziyyət gözləyir.

    Btüün şərtlərin dəqiq göstərildiyi “Kazan formulu” var. Ermənistan Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Azərbaycana qaytarır. Buna cavaba olaraq, Bakı kommunikasiya açır, demilitarizasiya zonasını təqdim edir, bununla yanaşı, Ermənistan və Qarabağ arasında dəhliz saxlanılır.

    Bu, müvəqqəti kompromisdir. Ancaq təkrar edirəm, Paşinyan radikal qrupların onu xəyanətdə ittiham etməsindən çəkinir. Sonra Livan və ya Suriyadan olan hansısa döyüşçülər onu partladacaq və ya güllələyəcək.

    Buna görə erməni Baş nazir mümkün qədər çalışır ki, Qarabağın erməni icmasına özünün satqın olmadığını göstərsin. “Qarabağ Ermənistandır” bəyanatı da buradan əmələ gəlir.

    Digər tərəfdən, biz analitik kimi başa düşürük ki, bu deyim “Kazan formulu”na uyğun olaraq, yeddi rayonun Azərbaycana qaytarılması kompromisi üçün təbliğat hazırlığıdır. Bu əsaslı danışıqlara getmək lazımdır. Yeri gəlmişkən, Serj Sarqsyan da buna hazır idi. Ancaq onlarda (Ermənistanda – red.) hər zaman gərgin siyasi vəziyyət var.

    Bakını başa düşmək olar: Ermənistanda vəziyyətin stabilləşməsi üçün nə qədər gözləmək lazımdır? Nəzəri cəhətdən erməni tərəfi hazırdır, amma praktiki olaraq deyil. Azərbaycan böyük strateji səbr göstərir və Moskva bunu qiymətləndirir.

    – Əgər mən sizi düzgün başa düşdümsə, Nikol Paşinyan öz hakimiyyətini o qədər möhkəmləndirməlidir ki, kompromisə gedə və tanınmamış qərarı qəbul etməkdən çəkinməsin?

    – Doğrudur. Və o Dağlıq Qarabağın erməni icmasının onun kompromis qərarını dəstəkləməsinə çalışmalıdır.