“Sergey Lavrov vurğulayıb ki, Rusiya prezidenti münaqişənin dayandırılması üçün gündəlik qaydada səylər göstərir “

96

Xaqani Cəfərli: “Çünki Rusiya “sülhməramlı” qüvvələrinin bölgəyə gətirilməsi, torpaqlarımızın ermənilərin işğalı altında, bizim nəzarətimizdən kənarda qalmasına səbəb olacaq”

“Rusiyanın xarici işlər nazirinin istifadə etdiyi “atəşkəsə nəzarət mexanizminin işlənməsi” ifadəsi dəqiq deyil və bunun arxasında nələrin dayandığı məlum deyil”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 3-də “Kommersant” qәzetinә müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə dair suallara cavab verib. Belə ki, münaqişənin hələ nə müddətdə davam edə biləcəyi barədə suala cavabında Lavrov “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün biz bütün tərəfdaşlarla, o cümlədən tərəflərin qonşuları ilə işləməyin tərəfdarıyıq”, deyə qeyd edib.

Rusiyanın xarici işlər naziri bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar formatının dəyişdirilməsinə dair təkliflər Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə müzakirə olunub: “Cəbuni Qafqazın başına gələn faciə bizim ümumi ağrımızdır. Biz Rusiyaya ənənəvi olaraq iki dost xalq arasında gedən döyüş əməliyyatlarına heç də laqeyd deyilik, halbuki bizim dərin inamımıza görə bu problemi çoxdan siyasi-diplomatik yollarla çözmək lazım idi. Əsas vasitəçi kimi Rusiyanın vəzifəsi Ermənistan və Azərbaycana qaynar fazadan çıxmaqda və kəskinləşmiş ziddiyyətlərin dinc həllini tapmaqda kömək etməkdir. Danışıqlar formatı ilə bağlı çoxlu təkliflər var, o cümlədən formatın genişləndirilməsi, dəyişdirilməsi və s. Biz bütün tərəfdaşlarla işləməyin tərəfdarıyıq, o cümlədən tərəflərin qonşuları ilə işləməyin tərəfdarıyıq”.

“Belə variantlar var ki, nəzarətin elektron vasitələri tətbiq edilsin, Yerevan və Bakı arasında qaynar xətt təşkil olunsun, ATƏT-in egidası altında müşahidəçilər daxil edilsin, hərbi kontingentlərin iştirakı ilə əməliyyatlar aparılsın”

Sergey Lavrov vurğulayıb ki, Rusiya prezidenti münaqişənin dayandırılması üçün gündəlik qaydada səylər göstərir və tərəflər arasında əldə olunmuş atəşkəsin həyata keçirilməsi üçün ABŞ və Fransadan olan partnyorlarla məsləhətləşmələr aparır: “Ona ümid edirik ki, Bakı və Yerevanda nəhayət, konstruktiv yanaşma barədə düşüncə üstün gələcək və Qarabağ prosesi siyasi məcrasına qayıdacaq”. Lavrov əlavə edib ki, Moskva təzyiq metoduna tərəfdar deyil: “Nəzərə alsaq ki, Rusiyanı Azərbaycan və Ermənistanla ümumi tarix, mədəniyyət, inkişaf etmiş humanitar və iqtisadi əlaqələr bağlayır, bu məsələdə bizim tərəfimizdən diktat, məcburetmə və təzyiq vasitəsindən istifadə son dərəcə yersiz görünür”. Lavrov bunu da əlavə edib ki, Moskvanı münaqişəyə Yaxın Şərqdən döyüşçülərin cəlb olunması narahat edir: “Biz dəfələrlə xarici oyunçuları muzdluların münaqişə bölgəsinə atılmasının qarşısının alınması üçün bütün vasitələrdən istifadə etməyə çağırmışıq. Bizdə olan məlumata görə onların sayı artıq 2000-ə çatıb”. O deyib ki, hazırda başlıca məsələ atəşkəsə nəzarət mexanizminin işlənməsidir: “Belə bir mexanizm olmadan dayanıqlı atəşkəsə nail olmaq mümkün olmayacaq. Belə variantlar var ki, nəzarətin elektron vasitələri tətbiq edilsin, Yerevan və Bakı arasında qaynar xətt təşkil olunsun, ATƏT-in egidası altında müşahidəçilər daxil edilsin, hərbi kontingentlərin iştirakı ilə əməliyyatlar aparılsın. Hələlik nəzarət parametrləri üzrə razılaşma əldə olunmayıb. Belə bir iş, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin çərçivəsində aparılır. Başlıcası bu mexanizm hər iki tərəf üçün məqbul olmalıdır”. Türkiyə və Azərbaycan prezidentləri Recep Tayyip Erdoğan və İlham Əliyevin Dağlıq Qarabağ üzrə təklif etdikləri yeni formata – “2+2” – Rusiya-Ermənistan-Türkiyə-Azərbaycan formatına münasibəti barədə suala cavab verən Lavrov bildirib ki, danışıqlar formatı, onun genişləndirilməsi, dəyişdirilməsi barədə müxtəlif təkliflər var: “Biz gizlətmirik ki, problemin hərbi yolla həllinin mümkünlüyünü və buna yol verilməsini qəbul etmirik. Bizə dost və qardaş olan Erməni və Azərbaycan xalqlarına münasibətdə biz belə niyyətləri dəstəkləyə bilmərik”.

Bu arada, qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə özünün “tvitter” hesabında qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir. Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasına qatıldıqlarını bildirən nazir qeyd edib ki, başqalarının müqəddəs dəyərlərini təhqir etmək ifadə azadlığı hesab oluna bilməz: “Terrorun istənilən formasını qınayırıq və hamıdan eyni münasibəti gözləyirik”.

“Həm Ermənistan, həm də Rusiya bölgəyə rus hərbi kontingentini gətirib, onu sülhməramlı adı altında yerləşdirməyə çalışır”

Beləliklə, mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən politoloq Xaqani Cəfərlinin fikrincə, Qarabağ münaqişəsində marağı olan dövlətlər indiyədək prosesləri sülh danışıqları adı altında öz nəzarətində saxlayırdılarsa, bundan sonrakı mərhələdə çalışacaqlar ki, regionda birbaşa iştiraklarını təmin etsinlər: “Rusiyanın xarici işlər nazirinin istifadə etdiyi “atəşkəsə nəzarət mexanizminin işlənməsi” ifadəsi dəqiq deyil və bunun arxasında nələrin dayandığı məlum deyil. Yəni, söhbətin sülhməramlı qüvvələrdən, yoxsa müşahidəçilərdən və ya hansısa başqa mexanizmdən getdiyi bəlli deyil. Lakin yayılan məlumatlardan belə qənaətə gəlmək olar ki, burada Ermənistanla Rusiyanın mövqeyi təxminən, üst-üstə düşür. Belə ki, həm Ermənistan, həm də Rusiya bölgəyə rus hərbi kontingentini gətirib, onu sülhməramlı adı altında yerləşdirməyə çalışır. İndiyədək bu məsələ dəfələrlə gündəmə gətirilib. Hətta bir zamanlar ermənilər olan bölgəyə təxminən, 30 minlik rus qoşununun gətirilməsinə çalışıblar. Bu gün isə yenidən həmin terminologiyaya qayıdırlar ki, bölgəyə atəşkəsə nəzarət edəcək qüvvələr gətirilsin”.

“Nə zaman ki, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması, bütün torpaqlarımız üzərində suverenliyimiz qəbul olunması şərtiylə danışıqlar başlayarsa, o zaman ABŞ-ın təklifi daha yaxın görünə bilər”

Politoloq hesab edir ki, Azərbaycan bu məsələdə birmənalı şəkildə Rusiyanın mövqelərinə qarşı durmalıdır: “Çünki Rusiya “sülhməramlı” qüvvələrinin bölgəyə gətirilməsi, torpaqlarımızın ermənilərin işğalı altında, bizim nəzarətimizdən kənarda qalmasına səbəb olacaq. Ona görə də Azərbaycan heç bir halda Lavrovun təklif etdiyi plana razılıq verməməlidir. Məlum olduğu kimi, bugünlərdə belə bir məlumat yayıldı ki, ABŞ-ın da bununla bağlı müəyyən planı var. Qeyd olunur ki, ABŞ regiona Skandinaviya ölkələrindən təşkil olunmuş sülhməramlıların göndərilməsində maraqlıdır. Fikrimcə, hazırda Azərbaycan bunların heç birinə əhəmiyyət vermədən işğal altındakı ərazilərini azad etməyə davam etməlidir. Nə zaman ki, Azərbaycanın şərtləri daxilində, yəni ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması, bütün torpaqlarımız üzərində suverenliyimiz qəbul olunması şərtiylə danışıqlar başlayarsa, o zaman ABŞ-ın təklifi daha yaxın görünə bilər. Yəni həmin sülhməramlılar beynəlxalq polis rolunda müəyyən fəaliyyət həyata keçirə bilərlər. Lakin bu, heç bir halda Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini şübhə altına alan fəaliyyət olmamalıdır”.

Vazeh BƏHRAMOĞLU