Şərəfli Ömür Yolu

144

Onun adının qarşısında bütün yaxşı meyar ola biləcək insani keyfiyyətlər yazmaq olar; gözəl insan, qayğıkeş ana, sədaqətli dost, məhsuldar və vətənpərvər ictimai-siyasi xadim, əsl vətəndaş və.s  Umuxanımı tanıyanlar tərəddüdsüz təsdiq edirlər ki, bu cüssəli nəcib xanımı bircə dəfə görüb ünsiyyət quran kəs onu unuda bilmir. İncə görkəmindəki əzəmət, vüqar, qətiyyət ona çox yaraşır.

Umuxanım həmişə özünün milli duyğuları, kübarlığı və təvazökarlığı ilə hamını cəlb etməyi bacarıb. Səma sahibi heç nəyi əsirgəməyib ondan; zahiri görünüş, ağıl, alicənablıq, vətənə tükənməz sevgi, şəxsiyyət olmaq, özünə tələbkarlıq, ailəsinə məhəbbət…

Milli təfəkkür, milli kök, ulularımızdan ərmağan qalmış əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutan saf ailə mühitində aldığı tərbiyə sadə zəhmət adamları olan valideynlərinin xeyir-duası daxilindəki humanizm, xalqa məhəbbət, vətənpərvərlik və fitri istedadla çulğaşaraq Umuxanımı  şərəfli mübarizələrə hazırlayıb.

Sadə olduğu qədər də zəngin və mənalı ömür yolu, erkən yaşlarından məqsədə çatmaq uğrunda göstərdiyi prinsipiallıq, çətinliklərə mərdliklə sinə gərmək bacarığı onu yaxından tanıyan hər bir sağlam düşüncə sahibində xoş hisslər oyadıb. Hamıda xoş təəssürat oyatmaq, hamının sevilmlisi olmaq mümkün deyil. Amma Umuxanım nə xoş ki, bu sevgini qazanmağa müvəffəq olub. Həyatın gənclik çağlarında valdeyin  itkisi kimi acı taleyi yaşamalı olsa da, həyat yolunu düzgün müəyyənləşdirən Umuxanım əzmlə məqsədlərinə doğru addımlayıb, iti və parlaq zəkası, kamil və bütöv xarakteri ilə yaşadığı illərin fırtınalarından üzüağ çıxıb. Yaşa dolduqca həyatın qəribəlikləri və haqsızlıqları ədalət axtarışında olan nəcib insanlar kimi, onu da dünyanın əbədi sualları ilə üz-üzə qoyub.

Lakin həyatın bəxş etdiyi arzuolunmaz məqamlara baxmayaraq, Umuxanımın saflığı və mərdliyi düşmənçilik hissinə heç vaxt məğlub olmayıb. Hər bir şəxsiyyətin kamillik səviyyəsi təkcə qarşıya qoyduğu nəcib amal və məqsədlərdə, saf niyyətlərdə deyil, həm də özündən sonra layiqli davamçılar yetişdirmək əzmində və niyyətində ifadə olunur. Əsası halallıqla qoyulmuş ailənin övladları da halal, pak yaşamalıdırlar. O, övladlarını da özü kimi vətənpərvər, torpağına, yurduna bağlı, süfrəsinə açıq və əsl ziyalı kimi istəyib. Buna görə də övladlarına ailəyə və vətənə bağlılğı, bütün insanların yolunda fədakarlığı öyrədib. Bütün başqa xüsusiyyətləri kimi onun xeyirxahlığı, insanlara münasibəti, humanistliyi və kübarlığı da kökdən gəlir.

Onun şəxsi səadətinin mənbəyində xeyirxahlıq böyük yer tutur. Böyük ürəyin sahibi bu xüsusiyyətilə onu sevənlərin qəlbində özünə abidə qurub, hörmət və ehtiram hədəfinə çevrilib. O, onu tanıyan hər bir Azərbaycan gəncinin tərəqqisində özünə məxsus pay sahibidir.

Əsl ziyalı, vicdanlı və vətənpərvər şəxsiyyət  milli məni şəxsi məndən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, cəmiyyət üçün uğurlu əməllərdə axtarır. Bu nəcib keyfiyyət məşhur ingilis alimi Karleylin kəlamında çox dəqiq ifadə olunub: “Həyat, əslində iddialardan əl çəkmək anından başlayır”. Sən öz ididalarını sıfra bərabər et və onda bütün dünya sənin ayaqların altında olacaqdır”. Bu mənada, Umuxanım Hüseynzadə də həyat amalını maddiyyata sahib olmaq kimi dar məqsədlər üzərində qurmayan, cəmiyyətin intibahına, mənəvi yüksəlişinə çalışan, müstəqil düşüncəsi, azad dünyagörüşü ilə seçilən nurlu insan  təəssüratı bağışlayır.

Nəhayət onu deyə bilərəm ki, siyasi dəyərlərin zamanla harmoniyasını vaxtında duymaq bacarığı, milli-mənəvi dəyərlərə bağlılıq, alicənablıq, mərhəmətlilik kimi keyfiyyətlər onun qətiyyət və dürüstlük ifadə edən ictimai obrazını pak niyyət üçün tamamlayıb.

Umuxanım Hüseynzadə, Sizə şərəfli ömür yolunda uğurlar diləyirəm!

Samir Zeynalov