“Şənbə-bazarın sərt karantin qaydalarına hər kəsi riayət etməyə çağırıram” – İLQAR MƏMMƏDOV

54

 “Qarşıdakı şənbə-bazarın sərt karantin qaydalarına hər kəsi riayət etməyə çağırıram. Heç də hökumətin koronavirus sahəsində indiyədək apardığı siyasəti bəyəndiyim üçün yox. Əslində, hələ aprelin 15-də demişdim ki, Azərbaycanda sərt karantin tədbirləri həddindən tez tətbiq olunub və açılım olan kimi kütləvi yoluxma baş verəcək”. Hurriyyet.org xəbər verir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov qeyd edib.

“Virus hər yerdə müxtəlif sürətlə yayılır”

Məmmədov vurğulayıb ki, lakin indi sosial məsafə saxlanılmasa, ictimai yerlərdə maska geyinilməsə və virusun yayılmasına qarşı digər tədbirlərə vətəndaşlar riayət etməsə, xəstəxanalardakı vəziyyət birazdan çox acınacaqlı olar: “Virus hər yerdə müxtəlif sürətlə yayılır və Azərbaycan onun qarşısını vaxtından əvvəl tam almasaydı, indi digər ölkələrdə olduğu kimi vəziyyət yaxşılığa doğru dəyişirdi”.

“REAL müxalifət olaraq vətəndaşları daha diqqətli olmağa, qaydaları icra etməyə çağırırıqsa..”

“İqtidar səhv edə bilər. Bu haqqı ona koronavirus məsələsində ən əvvəldən tanımışıq. Çünki bütün dövlətlər bu yolu sınaya-sınaya gedir, hazır və hər kəsə məlum cavab indiyədək olmayıb. Amma bu dəfə biz REAL müxalifət olaraq vətəndaşları daha diqqətli olmağa, qaydaları icra etməyə çağırırıqsa, hazırda bu qaydaların həqiqətən əhəmiyyət kəsb etdiyinə kiminsə şübhəsi qalmamalıdır”,-deyə REAL sədri əlavə edib.

Şamo EMİN, Hurriyyet.org