ŞEİR  VƏ  SONETLƏR                        

126

 

               

                                Biri qaçır, biri qovur,

                                Günah  kimdədir,  bilmirəm,

                                Görən qorxaq  məhkumdadır,

                                Ya  hakimdədir,  bilmirəm.

 

                                Evin dözümlüyü  qumda,

                                Döyüşün  canı  hücumda,

                                Haqqın  açarı  məzlumda,

                                Ya  zalimdədir,  bilmirəm.

 

                                Zalim  zalımlıqda  mətin,

                                Məzlum da  tərpənə  çətin.

                                Bu qovğanın,  bu nifrətin,

                                Çarəsi  nədir,  bilmirəm.

 

 

                     *  *  *

 

Dostlarımın dostları,

Hamısı mən kimidir.

Bəzilərisə hətta,

Mənlə düşmən kimidir.

 

Əyilməzlik adama,

Çox baha başa gəlir.

Bədbəxtlik tək gəlməyir,

Gələndə qoşa gəlir.

 

Hər dəfə son məqamda,

Ümid çatır dadıma.

Neyləməli, deməli,

Bu yazılıb adıma.

 

Bu mənim qismətimdir,

Səbəb – təbiətimdir.

 

*     *     *

 

Kim and içsə aldanıb,

İnanıram sözünə.

Məni aldadadanların

Tüpürmürəm üzünə.

 

Kimləsə şərt bağlayıb,

Danışırıqsa əgər,

Mən bu şərtə, bu anda

İnanıram müxtəsər.

 

Mən bu inanmaq ilə

Nə qədər itirimişəm.

Bu sadəlövlük mənə

Çox içirib qüssə, qəm.

 

İnanmasaydın, heyhat

Olmazdın sən də Nicat.

 

 

                         *   *   *

 

Dünya iki bölünüb,

Qəribə mənzərədir.

Birində haqq, ədalət,

Birində bilməm nədir.

 

Birində dərəbəylik,

Ha söy, verməyir fayda.

Birində əbədilik

Hər yerdə qanun, qayda.

 

Dünyanın yarısında

Azadlıq, firavanlıq.

O biri yarısında

Yerlibazlıq və xanlıq.

 

İndi gəl hünərin var,

Bu tilsimdən baş çıxar.

 

                  Əlisa  NİCAT