SƏFƏR ƏBİYEVƏ HÜCUMLARIN PƏRDƏARXASI

174

Və yaxud deputat Vahid Əhmədovun Milli Ordu rəhbərliyini tənqid etməsi kimləri və nə üçün narahat edir…

Mətbuatda sabiq nazirə qarşı hücumlar hansı mənbədən qaynaqlanır?

Vahid Əhmədova hücum edənlər vaxt var idi, Səfər Əbiyevin üvnanına mədhiyyələr səsləndirir, onun peşəkar kadr kimi xarakterizə edir, ordu quruculuğunda müstəsna xidmətləri olduğunu bəyan edirdilər

Ötən həftə millət vəkili Vahid Əhmədov parlamentin iclasındakı çıxışı zamanı müdafiə naziri Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovu tənqid edib, onları Azərbaycan dilini təmiz bilməməkdə ittiham edib. Belə ki, millət vəkili yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsinin bizim üçün böyük bəla olduğunu qeyd edib: “Dünən (mayın 30-na təsadüf edir-red.) Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı inauqurasiya ilə bağlı sual verdilər. Zakir Həsənov da, qəraragah rəisi Nəcməddin Sadıkov da azərbaycanca danışa bilmir. İzah edə bilmədilər. Bilirsən, sən müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın. Amma biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa müəyyən addımlar atmalıydıq”.

Vahid Əhmədov prokuror oğlundan danışdı - "Ona elə tərbiyə verməmişəm ki..." | AzPolitika — onlayn siyasi-ictimai qəzet

Dünən Səfər Əbiyevə mədhiyyyə deyənlər bu gün…

Baxın, həngamə məhz bundan sonra başlayıb. Belə ki, deputatlar ardarda Vahid Əhmədovu topa tutublar. Hərə bir yandan ona irad bildirib, sabiq müdafiə naziri Səfər Əbiyevlə yaxın olduğu üçün bu cür fikir səsləndirdiyini iddia ediblər.

Halbuki, Vahid Əhmədova hücum edənlər vaxt var idi, Səfər Əbiyev müdafiə naziri olduğu dönəmlərdə onun üvnanına mədhiyyələr səsləndirir, peşəkar kadr kimi xarakterizə edir, ordu quruculuğunda müstəsna xidmətləri olduğunu bəyan edirdilər. Vahid Əhmədovun sözügedən çıxışından sonra isə onlar dərhal 180 dərəcə mövqe dəyişikliyinə gedərək, Səfər Əbiyevin üvnanına yerli-yersiz tənqidlər səsləndirdilər. Bu isə olduqca təəssüfləndirici məqamdır. İnsanın, ələxüsus da millət vəkili adına iddialı olan şəxsin bir mövqeyi olar, ingilis bayrağı kimi külək hara əsirsə ora yıxılmaz, dünən bir söz, bu gün isə onun tam əksinə ifadə işlətməz! Axı, sizin sabiq müdafiə naziri haqqında dediyiniz tərif dolu fikirlər, hətta bəzi məqamlarda ifrata vararaq məddahlıq etməniz hələ də qəzet səhifələrində, kütləvi informasiya vasitələrinin arxivlərində durur…

Yüksək postlarda təmsil olunan dövlət məmurlarının Azərbaycan dilini bilməməsinin böyük bəla olduğunu vurğulayan Vahid Əhmədovu ittiham edənlərin diqqətinə onu da çatdıraq ki, Konstitusiyanın 21-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bu səbəbdən də hər bir vətəndaş dövlət dili olan Azərbaycan dilində danışmağa, bu dili əcnəbi dillərdən daha mükəmməl bilməyə borcludur! Bundan başqa, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunda da deyilir ki, dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur. Bu isə o deməkdir ki, Vahid Əhmədovun Zakir Həsənov və Nəcməddin Sadıkovun Azərbaycan dilini təmiz bilməməsini deməsində heç bir qanunazidd əməl yoxdur. Adam söz və fikir azadlığı olan ölkədə fikrini bildirib. Buna görə onu top atəşinə tutanlar isə ya fərqinə varmadan, ya da bilərəkdən Azərbaycanda söz və fikir azadlığının olmadığını nümayiş etdirməyə çalışıblar.

Prezidentdən Zakir Həsənov və Nəcməddin Sadıkovla bağlı — Sərəncam

Rusiya Nəcməddin Sadıkovu hansı xidmətlərinə görə “milli qəhrəman” adına layiq görüb?!

Keçək digər məsələyə. Axı, Vahid Əhmədovun səsləndirdiyi fikirlərin Səfər Əbiyevlə nə əlaqəsi var ki, bundan sonra növbəti hədəf kimi sabiq müdafiə naziri seçilib?! Diqqət yetirsəniz, görərsiniz ki, millət vəkilinin çıxışından dərhal sonra bu cür vəziyyətlərdə istifadə olunan “mətbuat orqanları” – əslində onlara “nayomnik” desək, daha doğru olar – Səfər Əbiyevlə bağlı tənqidi yazılara start verdilər. Beləliklə, həmin “nayomnik”lər 6 fevral 1995-ci ildən 22 oktyabr 2013-cü ilə qədər orduda baş verən bütün neqativ halların yeganə günahkarı kimi məhz Səfər Əbiyevi suçlamağa başladılar. Sanki həmin dönəmlərdə Nəcməddin Sadıkov Silahlı Qüvvələrin Baş Qərargah rəisi yox, hansısa başqa postda təmsil olunub. Yəni bu müddət ərzində olub-bitənlərdə Nəcməddin Sadıkovun adı çəkilmir. Heç kimin cəsarəti çatıb yazmır və ya demir ki, axı müstəqil, suveren dövlət olan, kənar qüvvələrdən asılı olmadan daxili və xarici siyasət yürüdən Azərbaycanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi hansı əsasla, hansı xidmətlərinə görə Rusiya Federasiyasının subyekti olan Dağıstanın milli qəhrəmanı adına layiq görülüb?! Bəli, bu gün bunu deyə bilən baba igid barmaqla sayılacaq qədərdir.

Vahid Əhmədovu ittiham edən deputatlar da bu məsələ səssiz qalmağa üstünlük veriblər. Lakin sizi əmin edirik ki, Nəcməddin Sadıkov tutduğu vəzifədən kənarlaşdırılan kimi bu gün Səfər Əbiyevi ittiham edənlər, artıq onun da üvnanına “ağır artilleriya” ilə hücuma keçəcəklər. Çünki bu, onların xislətindədir. “Vəzifədə olanı təriflə, vəzifədən çıxdıqda isə tənqid et” devizi ilə yaşayanlardan bundan artıq nəsə gözləməyə dəyməz!

Bu gün orduya ictimai nəzarətin qaldırılması haqda qərar qüvvədə olduğundan bu, kütləvi informasiya vasitələrinin əl-qolunu bağlayıb

Onu da nəzərinizə çatdıraq ki, lazımı məqamlarda “nayomnik” kimi istifadə olunan “media orqanları” Səfər Əbiyevin zamanında orduda “dedovşina”nın olduğunu, əsgər ölümlərinin yaşandığını və digər problemlərin mövcudluğunu yazırlar. Bu zavallılar anlamırlar ki, həmin dönəmlərdə orduya ictimai nəzarət vardı, kütləvi informasiya vasitələri Silahlı Qüvvələrdə baş verən bütün olmasa da, bir çox proseslərdən xəbərdar idilər. Bu gün isə medianın belə bir imkanı yoxdur. Çünki Səfər Əbiyevin müdafiə naziri postundan azad edilməsindən bir müddət sonra orduya ictimai nəzarətin qaldırılması haqda qərar qəbul olundu. Halbuki Azərbaycanın inteqrasiya etmək istədiyi Avropada və ümumiyyətlə, Qərbdə belə bir tələb mövcud deyil. Bu səbəbdən də orada istənilən mətbuat orqanı, əgər əlində fakt varsa, baş verən hadisə ilə bağlı informasiyanı yaymaqda sərbəstdir. Bəli, məhz Səfər Əbiyevin zamanında Azərbaycan mətbuatının belə bir imkanı vardı. Bu gün isə orduya ictimai nəzarətin qaldırılması haqda qərar qüvvədə olduğundan bu, kütləvi informasiya vasitələrinin əl-qolunu bağlayıb. Yəni ordu Səfər Əbiyevin zamanındakı kimi ictimaiyyətə açıq deyil. Buna görə də Silahlı Qüvvələrdə baş verənlərdən, əsgər-zabit münasibətlərindən, orduya ayrılan vəsaitin hara və neçə xərclənməsindən məlumatımız yoxdur…

Səfər Əbiyevin zamanında Ermənistan rəhbərliyi işğal altındakı torpaqlarımıza səfər edə bilirdi?

Azərbaycanın işğal altındakı Şuşa şəhərində qondarma rejimin yeni lideri Araik Arutunyanın “andiçmə” mərasiminə gəlincə, qeyd etdiyimiz kimi, Vahid Əhmədov bununla bağlı müəyyən addımlar atmağa ehtiyacın olduğunu vurğulayıb. Axı, burda tənqid olunacaq nə var?! Məgər, adam nəyisə səhv deyir? Təbii ki, yox. Həqiqətən də həmin vaxt prosesi əngəlləyə biləcək ciddi, yetərincə təsirli addımlar atıla bilərdi. Lakin ordu rəhbərliyi nədənsə Arutunyanın “andiçmə” mərasimi zamanı gərəkli reaksiyanı sərgiləmədi. Halbuki, Səfər Əbiyev müdafiə naziri olduğu dönəmdə Serj Sarkisyanın Ermənistan prezidenti kimi işğal altında olan Azərbaycan torpaqlarına səfərinin qarşısı alınıb. Həmin vaxt bu barədə jurnalistlərə açıqlama verən Səfər Əbiyev qeyd etmişdi ki, Sarkisyanın bu torpaqlara gəlməyə ixtiyarı yoxdur. Sabiq müdafiə naziri həmçinin, “Ola bilsin ki, bu səfər onun sonuncu səfəri olsun”, deyə kəskin mövqeyini ortaya qoymuşdu.

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq komandanı, general-mayor Altay Mehdiyev də bunu təsdiqləyib. Belə ki, mövzu ilə bağlı bugünlərdə yenicag.az-a danışan general-mayor bildirib ki, o vaxt görülmüş tədbirlər sayəsində Sarkisyanın Qarabağa hava nəqliyyatı vasitəsilə gəlişinə imkan verilməyib: “Ermənilər o zaman Xocalı aeroportunun açılışını etmək istədilər. Biz onlara imkan vermədik. Əgər o aeroportda ucuş baş tutsaydı, biz onlara böyük problemlər yaradacaqdıq. Ona görə də düşmən bu plandan imtina etmək məcburiyyətində qaldı”. Həmin dövrdə HHQ-də xidmət edən Hərbi Polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov isə keçmiş müdafiə naziri Səfər Əbiyevin Ermənistan prezidentini Qarabağa gətirən istənilən hava nəqliyyatının vurulmasını əmr etdiyini qeyd edib: “Ermənistanın prezidenti Xocalı aeroportunun açılışında iştirak etmək üçün oraya gəlməliydi. Nazir Səfər Əbiyev əmr verdi ki, düşmən ölkənin prezidenti Qarabağa təyyarə ilə gələrsə, dərhal vurulsun. Artıq hesablama qrupu müvafiq hazırlıq işlərini həyata keçirmişdi, zəruri texnika da lazımı məsafədə yerləşdirilmişdi. Əgər Sarkisyan Qarabağa təyyarə ilə gəlsəydi, bizim “Nasosnı” aerodromundan qalxan qırıcımız düşmən təyyarəsini raketlə vuracaqdı. Hesablamaya görə, Sarkisyanı gətirən təyyarə Xankəndi aerodromunda dövrə vuraraq, enən zaman vurulmalı idi. Hətta zərbənin dəqiq olması üçün 60 kilometr məsafədəki hədəfi vura bilən raket seçilmişdi. Lakin Sarkisyanın olduğu təyyarənin heyəti bizim hava hücumundan müdafiə sistemlərimizin döyüş hazırlığı vəziyyətinə gətirildiyini müəyyənləşdirərək, geriyə istiqamət götürdü. Ancaq indi Ermənistandan qalxan təyyarə və helikopterlər istədikləri vaxt Qarabağa uçuş həyata keçirirlər”.

Hələ bu, harasıdır. Sözügedəm məsələni araşdıran “Azerdefence” jurnalının baş redakotu Rəşad Süleymanov da vaxtilə Ermənistandan Qarabağa uçan təyyarə və helikopterlərin vurulması haqda əmr verildiyini təsdiqləyib: “Əldə etdiyim məlumata görə, 2010-cu ildə ermənilər Xocalı aeroportunun açılışını etmək istəyəndə, Səfər Əbiyev Hava Hücumundan Müdafiə qoşunlarımıza Sarkisyanın təyyarəsi də daxil olmaqla, Qarabağa uçan bütün təyyarə və helikopterləri vurmaq göstərişi verib. 2010, 2011 (Sarkisyanın açılış mərasiminə şəxsən gələcəyi barədə açıqlaması vardı) və 2012-ci illərdə HHM qoşunları bununla bağlı hesablamalar aparıb, texnikalar atəş nöqtələrinə çıxarılıb”. Onun sözlərinə görə, hətta Serj Sarkisyanın birinci uçuş cəhdində “Nasosnı”dan qalxan təyyarəmiz və Qarabağ cəbhəsindəki Hava Hücumundan Müdafiə sistemimiz onu vurmaq üçün hazır olub: “Ermənilər özləri də etiraf etmişdilər ki, Azərbaycan zenit-raket kompleksinin onlara tərəf tuşlandığını aşkarlayan Ermənistan prezidentinin təyyarəsi dövlət sərhədinə 30 kilometr qalmış geri dönməyə məcbur olub. Qeyd edim ki, həmin vaxt Mülki Aviasiya Administrasiyası da işğal altındakı ərazilərimizin hava məkanının qapadılması üçün zəruri olan daxili və beynəlxalq prosedurları hazırlayaraq, o sənədlərin İCAO və ECAC səviyyəsində qəbuluna nail olub”.

Yəqin ki, artıq bununla bağlı əlavə şərhə ehtiyac yoxdur. Çünki normal məntiq yürüdə bilən hər kəs Azərbaycan ordusunun Səfər Əbiyevin zamanında Ermənistan rəhbərliyinin işğal altındakı torpaqlarımıza səfərinə reaksiyası ilə indiki hərəkətsizlik arasındakı fərqi müəyyən edə bilər…

Səfər Əbiyevin işdən çıxarılan oğlu Azərbaycanı tərk edir

Sabiq müdafiə nazirinin qeyri-türk olduğunu kimlər iddia edir…

Xatırlayırsınızsa, müdafiə naziri olan dönəmlərdə Səfər Əbiyevə qarşı irəli sürülən ittihamlardan biri də onun qeyri-türk olması ilə bağlı idi. Belə ki, “nayomnik” kimi istifadə olunan “media orqanları” onun “ləzgi” olduğunu əsas gətirərək, barəsində yerli-yersiz fikirlər səsləndirirdilər. Təbii ki, hələ o zaman bütün bunların hardan qaynaqlandığı və kim(lər)in sifarişi olduğu gün kimi aydın idi. Beləcə, bir xeyli müddət Səfər Əbiyev cəmiyyətə qeyri-türk kimi təqdim edildi və bunun ətrafında müəyyən propaqanda quruldu. Məsələnin ən acınacaqlı tərəfi ondadır ki, sabiq müdafiə nazirinin qeyri-türk olduğunu iddia edənlərin böyük əksəriyyəti özü yaxından-uzaqdan türk milləti ilə əlaqəsi olmayan şəxslər idi. Halbuki, Səfər Əbiyevin 7 arxa dönəninin türk olmasına dair sənədlər, zəruri faktlar mövcuddur. Hələ bu barədə qardaş Türkiyədə kifayət qədər sübutlarla zəngin olan kitab da işıq üzü görüb. Diqqət yetirin, sabiq müdafiə nazirinə “hücum” əmri alanlar məhz bu vaxt başladılar  nala-mıxa vurmağa. Dedilər ki, bəs Türkiyədə nəşr olunan həmin kitabda həqiqətlər əks olunmur və guya Səfər Əbiyev özü üçün bir şəcərə uydurub. Bu yerdə Qərb ölkələrinin birində baş verən hadisə yada düşür. Belə ki, Avropa dövlətlərinin birində gənc oğlan yolla gedirmiş, birdən küçə itinin azyaşlı uşağa hücum çəkdiyinin şahidi olur. Gənc dərhal iti təpiklə vurub uşağı onun əlindən alır. Bu vaxt yoldan keçən bir qadın ona xitabən: “Siz necə də alicənab insansınız. Bu əməlinizlə əsl xristian olduğunuzu bir daha sübuta yetirdiniz” deyir. Oğlan isə “Mən xristian yox, müsəlmanam”, deyə cavab verir. Bu məqamda, anidən qadının üz ifadəsi dəyişir və “Siz müsəlmanlar hamınız beləsiniz, qəddarsınız. Heyvana zülm edirsiniz” deyir. Gənc mat-məttəl yoluna davam edir. Yəni səni sən olduğun üçün ittiham etmək istəyən, xəyanətdə və digər məsələlərdə suçlamağı qarşısına məqsəd qoyan onsuz da bir bəhanə tapacaq. Eyni Səfər Əbiyevlə bağlı məsələdə olduğu kimi. Adama qeyri-türk deyirlər, o da cavabında şəcərəsini təqdim edir ki, baxın, mən əsl türkəm. Lakin bu da ona qarşı “hücum” əmri alanları durdurmur. Əksinə, onlar vəziyyətdən çıxmaq üçün dərhal başqa varianta əl atır, sabiq müdafiə nazirinin özünü qorumaq məqsədiylə türk olduğunu bildirməyə çalışdığını iddia edirlər. Halbuki, bu yazıda qeyd olunan məqamları ayrı-ayrılıqda incələsəniz, o zaman kimin Azərbaycanın milli maraqlarını qoruduğunu, ölkəmizin NATO-ya inteqrasiya yolunda ciddi addımlar atmasında maraqlı olduğunu və bununla da daha güclü orduya sahib olmağımıza çalışdığını, kim(lər)in isə bizi yenidən Rusiyanın boyunduruğuna salmağa çalışdığını görəcəksiniz.

“Hürriyyət”in Araşdırma Qrupu