“Seçkiyədək vaksin hazır olacaq” iddiası: Trampın seçki PR-ı, yoxsa…

108

Ağ Ev rəhbəri Donald Tramp bəyan edib ki, ABŞ-ın koronavirusa qarşı vaksini 3 noyabr prezident seçkilərinə qədər hazır ola bilər. “Qeraldo Rivera” radiosu proqramında vaksinin nə zaman hazır olacağı sualına ABŞ prezidenti cavab verdi: “Daha tez, nəinki ilin sonuna qədər…”

Müzakirələrə yol açan prezidentin anonsu suallar doğurmaya bilməz. Trampın vaksinin seçkiyədək hazır olacağı fikrini seçici qarşısında dividend qazanmaq kimi qiymətləndirmək də olar. Amma bu, seçiciyə hansısa şirnikləndirici vəd vermək, biznesmenlərə jest etmək deyil ki, hamılıqla inansınlar. Hələ ki, koronavirus vaksini üstündə müxtəlif ölkələr “baş sındırsalar” da, real nəticə yoxdur.

Ekspertlər isə vurğulayırlar ki, Trampın tələsməsi vaksinlərin keyfiyyətsiz hazırlanmasına səbəb ola bilər. Tramp, həqiqətən, mütəxəssisləri tələsdirir və o, artıq Şimali Karolinadakı biotexnoloji laboratoriyada olub, iradlarını işçilərə bildirərək vaksinlərin rekord səviyyəli qısa zamanda hazır olmasını tələb edib.

Bu gün özünü dünyanın hegemon dövləti hesab edən ABŞ koronavirus qarşısında çox aciz vəziyyətdə qalıb. Aparılan islahatlar pandemiyaya yönəlik olmadığı üçün həm insan resursu, həm də iqtisadi baxımdan ABŞ çox böyük zərər görüb. Mövcud vəziyyət 100 minlərlə tələf olan insanların yaxınlarının və bütövlükdə ABŞ ictimaiyyətinin mövqeyinə ciddi təsir edib.

Respublikaçılar Trampın yerinə fərqli bir namizədin irəli sürülməsi haqqında da fikirlər səsləndirirlər. Bu faktın özü də göstərir ki, Trampın təmsil olunduğu partiyanın özündə belə, fikir ayrılığı mövcuddur. Bu da onun əleyhinə işləyən bir məsələdir. Ona görə də vaksinin hazır olub-olmayacağından asılı olmayaraq, Ağ Ev rəhbərinin çox ciddi bir uğur hekayəsinə ehtiyacı olacaq.

Adil Qeybulla

 

Adil Qeybulla: “QİÇS-ə qarşı 40 ildir vaksin hazırlaya bilmirlər, ona görə seçkiqabağı təbliğata hesablanmış ola bilər”

Tibb üzrə professor Adil Qeybulla “Yeni Müsavat”a bildirdi ki, Amerika seçki ərəfəsindədir və prezident təbliğat üçün müxtəlif sözlər deyə bilər. O, hesab edir ki, vaksin hazırlanması yaxın zamanın işi deyil, çünki koronavirus nəfəs yollarının infeksiyasıdır: “Bu da vaksin hazırlanması üçün xeyli vaxt aparır, digər tərəfdən də qeyri-ciddi səslənir. Fikir verin, QİÇS-ə qarşı 40 ildir vaksin hazırlaya bilmirlər. Ona görə ki bu xəstəlik də daşıyıcı virusdur. Odur ki, noyabra qədər vaksinin hazır olacağı Trampın bir illüziyasıdır və seçkiqabağı təbliğata hesablanmış ola bilər”.

Politoloq Hikmət Hacızadənin sözlərinə görə, Tramp seçkiyə qədər vaksinin hazır olması haqda müjdə çatdırmaq arzusundadır: “O, əlbəttə ki, seçicini sevindirmək istəyir. Hərgah seçki olmasaydı belə, vaksin üçün tələsəcəkdilər. Bu, ABŞ-ın iqtisadiyyatına, səhiyyəsinə, xəstəliyə lazımdır. Ona görə hamı vaksini gözləyir. Amma seçkiyə görə vaksinin işə salınması tezləşdirilə bilməz. Amerikada nəzarət mexanizmi güclüdür”.

Müsavat`ı İsa Qəmbər idarə edir - Hikmət Hacızadə

Hikmət Hacızadə: “Əlbəttə ki, seçicini sevindirmək istəyir, amma seçkiyə görə vaksinin işə salınması tezləşdirilə bilməz”

H.Hacızadənin sözlərinə görə, sovet vaxtı inqilabın yubileyi ərəfəsində tələsik raket hazırlayıb buraxırdılar:

“Bura Amerikadır. Onlar seçkiyə görə tələsik vaksin hazırlayıb dövriyyəyə buraxmazlar. Əvvəla, nəzarət var, media azaddır, təftiş güclüdür. Ona görə bu versiyanı real saymıram”.

Rəy sorğularında demokratların namizədi Co Baydendən geri qalan Trampın seçkidə aqibətinin necə olacağına gəlincə, siyasi ekspert tələsməməyi tövsiyə edir: “Bu yaxınlarda bir qrup respublikaçı senator toplaşdı və bəyan etdilər ki, bizə belə respublikaçı prezident lazım deyil. Onları deyirlər ki, Trampın siyasi addımları ilə razıdırlar, amma kobud, savadsız, hərdən ”quş” buraxan siyasətçidir. Bu arqumentlər müzakirə ediləcək. Amma Baydenin uğuru haqda nəsə deyə bilmərəm. Obama dövründə o, heç nə ilə fərqlənmədi. Üstəlik, reputasiyası da tam sağlam deyil, Ukraynada korrupsiya işində adı keçmişdi. Ona görə asan olmayacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”