“Seçim Belarus xalqınındır, biz onların daxili işlərinə qarışa bilmərik” – SİYAVUŞ NOVRUZOV

177

 

“Sovetlər birliyi dağılandan sonra da Belarusiyada müəssisələrin heç biri dayanmadı. Soyuducu istehsalından tutmuş  bütün istehsal müəssisələri təkmilləşdirildi.  Yenə də seçim Belarus xalqınındır, biz onların daxili işlərinə qarışa bilmərik”

Bunu Hurriyyet.org-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. O, bir sıra dünya ölkələrin ancaq dünyanı dağıtmaqla məşğul olduğunu qeyd edib:

“Belarusiyada seçkilərdən sonra baş verən proseslərdə iki məsələni qeyd edə bilərəm.  Bir sıra dünya ölkələri ancaq dünyanı dağıtmaqla məşğuldur.

Amma qurmağın proqramını hələ indiyə qədər verməyiblər. Məsələn, İraqı, Liviyanı, Suriyanı götürək. Həmin dövlətlər müxtəlif bəhanələr altında dağıdılıb, orada hərc-mərclik yaradıb, idarə etmək fikrində olanlar var. Amma hansı reseptlə həmin dövlətlər bu durumdan çıxacaqlar, onu deyən yoxdur. Liviyada bağça, məktəb pulsuz idi, yeni doğulan uşağa 3 mindən artıq pul verirdilər. Yüksək əmək haqqı var idi. 230 milyard da Neft Fondunda ehtiyatı var idi. Nəticədə 230 milyardı vurub əlindən çıxartdılar, indi hərdənbir camaatın qabağına 1 milyard atır ki, alın, sizə yardım edirəm. Bəs, bu xalqın ehtiyat pulu harda qaldı? O cümlədən İraqı götürək. Vaxtilə İraqın 1 dinarı 3 dollar idi.

Bu ölkənin başına elə oyun açdılar ki, gəldi indiki vəziyyətə düşdü. Səddam Hüseynə ittihamlardan biri bu idi ki, hakimiyyəti dövründə 57 nəfər öldürülüb. Rəsmi məlumata görə, milyon yarım insan ölüb, 5 milyon da şikəstdir. Qeyri-rəsmi bu say daha artıqdır. Bağdad və Bəsrə kimi dünyanın ən gözəl müsəlman şəhərləri darmadağın edildi. Belarus sərbəst və müstəqil siyasət yürüdən ölkələrdəndir. Qeyd edim ki, sovetlər birliyi dağılandan sonra da Belarusiyada müəssisələrin heç biri dayanmadı. Soyuducu istehsalından tutmuş  bütün istehsal müəssisələri təkmilləşdirildi.  Yenə də seçim Belarus xalqınındır, biz onların daxili işlərinə qarışa bilmərik. Amma müşahidələrimizi bölüşə bilərik”.