“”Şaxtyor”la titul qazanmağa köklənmişəm”

54

Roman Qriqorçuk yenidən Azərbaycanda işləyə biləcəyini istisna etmədi

“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda Belarusun “Şaxtyor” (Soliqorsk) klubuna rəhbərlik edən ukraynalı mütəxəssis Roman Qriqorçukun sportnet.az-a müsahibəsini oxucularımıza təqdim edirik.

– Yeni komandanızda işləriniz necə gedir?

– Belarusun Yüksək Liqasında mövsümün həlledici mərhələsidir. Biz də çempionluq uğrunda mübarizə aparırıq. Sona 6 tur qalmış lider BATE-dən 3 xal geridəyik, ikinci yerdə gedirik. Hədəfə çatmaq üçün mümkün olan bütün imkanlardan istifadə etmək istəyirəm.

– Sizi çempionluqdan başqa nəticə qane etməyəcək?

– Əlbəttə. Arzum və hədəfim titul qazanmaqdır. Bunun üçün yaxşı şansımız var. Əlimizdən gələni etməliyik ki, hədəfimizə çataq. Həm çempionluq, həm də ölkə kubokunu qazanıb, avrokuboklarda böyük uğurlara nail olmaq istəyirik.

– Dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyəti nəzərə alsaq, “Şaxtyor”un hazırkı büdcəsi necədir?

– Bilirsiniz, bu barədə danışmaq və nəyisə müzakirə etmək istəmirəm. Mən ancaq futbolla məşğulam. Komandam barədə düşünürəm.

– Pandemiyanın ilk vaxtlarında bütün dünyada futbol yarışları dayandırılsa da, Belarus çempionatı davam etdirildi. Bu, avrokuboklara vəsiqə qazanmış yerli komandalar üçün üstünlük hesab olunurdu. Çünki digər komandalarla müqayisədə onların oyun təcrübəsi daha çox idi. Amma elə alındı ki, Brest “Dinamo”sundan başqa heç bir klub mərhələ adlaya bilmədi…

– Düşünürəm ki, çempionatın davam etdirilməsi idman baxımından doğru və müsbət addım idi. Çünki futbolçular oyun keçirdilər, formada qaldılar. Bunun avrokuboklardakı çıxışa necə təsir etdiyini demək çox çətindir. Çünki başqa cür olsaydı, vəziyyətin necə nəticələnəcəyini bilmirik. Bəzən bu amillər həlledici olmur. Heç kim deyə bilməz ki, çempionat dayanmayıbsa, bütün avrokubok iştirakçıları qələbə qazanmalıdır.

– Komandanızda koronavirusla bağlı hər hansı problem yaşanmadı?

– Belarusda insanlar virusla çox yaxşı mübarizə aparırlar. Doğru addımlar atılır. Belə demək olarsa, virusu geri qaytarırlar. Şükürlər olsun ki, insanlar ondan qorunmağa nail olurlar.

– Belarus çempionatında da Azərbaycan Premyer Liqasındakı kimi 1-2 komanda iddialıdır?

– Bu mövsüm medallar uğrunda mübarizə aparan bir neçə klub var. Yəni, vəziyyət Azərbaycandakı kimi deyil. Bir çox klubun şansı davam edir.

– Komandanızda azərbaycanlı futbolçu görmək istərdiniz?

– Hazırda belə bir fikrim yoxdur. Bu cür şeyləri transfer pəncərəsi zamanı düşünmək lazımdır. Ona görə də suala cavab verməyə hazır deyiləm.

– Yeri gəlmişkən, sabiq komandanız “Astana” bu mövsüm Çempionlar Liqasında Brest “Dinamo”suna uduzub mübarizəni dayandırdı. Daha sonra isə Avropa Liqasında uğursuzluqla üzləşdi. Sizcə, komanda niyə belə zəif təsir bağışladı?

– Bilirsiniz, mən “Astana” klubu və onun oyunu haqqında danışmaq səlahiyyətinə malik deyiləm. Çünki indi orada işləmirəm. Belarus və Qazaxıstan klublarının avrokuboklarda bu cür qarşılaşması fonunda mənim yaxşı xatirələrim var.

– “Astana”nın nəticələri sizin üçün sürpriz olmadı?

– Bunu müzakirə edə bilmərəm. “Astana” klubunun rəhbərliyinə böyük hörmətim bar. Komandaya uğurlar arzu edirəm. Mən hazırda “Şaxtyor”dayam. Ona görə də keçmiş komandamın çıxışını şərh etmək istəmirəm.

– Nə vaxtsa yenidən Azərbaycana qayıda bilərsiniz?

– Hazırda öz işimə, “Şaxtyor”la titul qazanmağa köklənmişəm. Amma hər zaman demişəm, indi də təkrarlayıram ki, mən Azərbaycanı, xalqınızı çox sevirəm. Ölkənizlə bağlı gözəl xatirələrim var. Düşünürəm ki, hər zaman Bakıya gəlməkdən, insanlarla görüşməkdən şad olaram. İş məsələsinə gəlincə, bunu da istisna etmirəm. Hər şey ola bilər.