Savaş sonrası vətəndaş cəmiyyətinin enerjisi

153

27 sentyabr tarixindən başlanılan və 44 gün davam edən “II Qarabağ Savaşı”nın sonucu olaraq, Azərbaycanda vətəndaş cəmiyyəti həmrəyliyi prosesləri davam edir. Bu möhtəşəm birlik iqtidar-müxalifət, dövlət və cəmiyyət arasında Vətən məsələsində vahid mövqedən bir addım da olsun geri çəkilməyiblər. Demək olar ki, Azərbaycanın müasir siyasi-ictimai həyatında bu yeni prosesin dolayı yolla inkişafı və perspektivləri daha çox ümidverici görünür.

Vətən sağolsun deyərək, şəhidlərimizə və qazilərimizə ümumxalq dəstəyi

Ermənistanın uzun müddət davam edən dünyanın bütün dövlətlərinə olan təkidli müraciətləri sonucunda Rusiyanın vasitəçiliyi ilə Azərbaycan sülh razılaşmasına öz razılığını verdi. Çünki, Ermənistan rəsmi şəkildə KAPİTULYASİYAnı qəbul etdiyini elan etdi. Beləliklə Azərbaycan Miii Ordusunun 44 qün ərzində ildırım sürətli qələbəsi 30 illik Vətən torpaqlarının işğalına son qoydu. Hal-hazırda azad edilmiş rayonlarımız və kəndlərimizə geri dönüşü istiqamətində dövlət proqramı hazırlanmaqdadır. Hamı bu proqramın da uğurla həyata keçiriləcəyinə güclü inanır. Artıq hər ünvanda kimin yaşayacağı belə yerli hakimiyyət strukturları tərəfindən qeydiyyata alınmaqdadır. Bu çox sevindirici haldır ki, uzun illər məcburi köçkün və ya qaçqın statusu ilə yaşayan əhalinin əksəriyyəti geriyə, doğma torpaqlara dönməkdə israrlıdırlar. Ancaq, bununla yanaşı, indiki məqamda 44 günlük savaş dönəmində şəhidlərimizi son mənzilə uğurlarmaq tərdbirləri həyata keçirilir. “I Qarabağ Savaşı”nda olduğu kimi, insanlar hər hansı bir panikaya düşmədən “VƏTƏN SAĞ OLSUN” deyərək hörmətlə şəhidləri dəfn edirlər. Çünki, hər kəs inanır ki, şəhidlərin qanı yerdə qalmayıb. Bir də onların ailələrinə dövlət səviyyəsində ən yüksək dəstək verilir. O da bəllidir ki, qazilərimizi heç kim yaddan çıxarmayıb. Xüsusilə yaralılar dövlət dəstəyi ilə hərtətəfli qayğı ilə əhatələniblər. Əksər hospitallarda müalicə alan qazilərimizi həre gün sadə insanlar və xalqımızın müxtəlif təbəqələrini təmsil edənlər onların ziyarətlərinə gedir və can sağlığı diləyərək, tezliklə sağalmalarını diləyirlər. Bütün bunlar vətəndaş cəmiyyəti və dövlət arasında uzlaşmanın simgəsinə çevrilibdir.

İrəvan qan ağlayır və vətəndaş cəmiyyəti düşmən səngərlərə bölünüb

30 ildir Azərbaycanın işğal olunmuş Kəlbəcər, Ağdam, Ağdərə, Xocalı, Füzuli, Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Xocavənd və Xankəndi bölgələrində Ermənistan ordusunun sayəsində ölkəmizin təbii sərvətləri talan edilirdi. Bu yöndə əldə olunan gəlirlər guya qondarma “Dağlıq Qarabağ” rejiminin hakimiyyətinin saxlanılmasına xərclənirdi. Halbuki, Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılan qızıl, mis, sink, mişar daşı, kəc, üzlük daşı, gil, tikinti daşı, perlit, əlvan daşlar, obsidan, oniks,
pefritoid, listvenit, pemza, əqiq, jad, əhəng daşı, sement, yəşəm, xalsedan, mərmər və digər faydalı yataqlar qondarma “Dağlıq Qarabağ” rejiminin və Ermənistanın büdcəsini formalaşdırırmış. Son 44 günlük savaşda Azərbaycan Milli Ordusunun əldə etdiyi şanlı qələbələr nəticəsində artıq təbii sərvətlərimizi kimsə talan edə bilməyəcək. Ermənistan və onun paytaxtı İrəvanda “II Qarabağ Savaşı”nda ağır məğlubiyyətə uğramanın acı nəticələrini və yaralarını yaşamaq üçün xalq küçələrə çıxıbdır. Ona görə ki, bu xalq teatral oyunbazlığı çox sevir. Bütün dünya görsün ki, ermənilər darmadağın olublar. Bununla yanaşı, müxlaifət ayağa qalxaraq, iqtidarı ən kəskin şəkildə tənqid etməklə yanaşı hətta istefa tələblərini irəli sürübdür. İrəvanda demək olar ki, siyasi baxımdan fərqli səngərlər əməlli başlı silahlanıblar. Hətta bir-birlərinə qurşun atmağa hazır olduqlarını da gizlətmirlər. Azərbaycandan savaşı durdurmaq üçün sülh istəyən Ermənistanın ölkədaxili vətəndaş cəmiyyəti adına sülhə möhtac qalıb.

Siyasi gündəmdə vətəndaş cəmiyyəti

Respublikamızda faktiki olaraq, 44 gün öncə bütün siyasi partiyaların və vətəndaş cəmiyyəti təşkilatlarının iqtidara verdikləri dəstək hələ də öz qüvvəsini saxlayır. Ona görə ki, “II Qarabağ Savaşı” sadəcə Azərbaycan Milli Ordusunun şanlı qələbəsi kimi dəyərləndirilmədi, bu həm də dünya hərb tarixinə adı qızıl hərflərlə yazılacaq bir tarix kimi qiymətlidir. Faktiki olaraq, indi siyasi partiyalar və vətəndaş cəmiyyəti təşkilatları məcburi köçkün və qaçqınların doğma torpaqlarına geri dönməsi və məskunlaşması ilə bağlı iqtidarın irəli sürdüyü tezisləri müdafiə edir. Fərqi yanaşımlar olsa da, strateji baxımdan hədəflər demək olar ki, eynidir. Xarici ölkələrdə müəyyən yollarla mühacir statusu almış və son illərdə adlarını bloger qoymuş, gecə-gündüz həm hakimiyyəti, həm də müxalifəti qılınclayanlar belə indiki məqamda susmuşlar. Onlardan bəziləri hətta dövlətimizin savaşda əldə etdiyi uğurlara görə utanaraq, açıq şəkildə üzr də istəyiblər. Yəni, yalnış yolda olduqlarını belə etiraf etmək zorunda qalıblar. Belə bir mühitin yaranması əslində gerçəkdən vətəndaş cəmiyyətinin həmrəyliyinə xidmət edir. Savaş sonrası vətəndaş cəmiyyətinin birliyi adına ən çox nəzərə çarpan olay iqtidarlı-müxalifətli bölgələrdə şəhidlərin dəfn mərasimlərində birlikdə iştirak etməsi oldu. Demək olar ki, bütün televiziya və radio kanallarında hər kəsə eyni statusla çıxış etmək və öz düşüncələrini bölüşmək imkanı yaradılıbdır.

Mədəniyyət xadimlərindən Milli Orduya dəstək

Hal-hazırda işğaldan azad edilmiş bütün rayonlarımız və kəndlərimizdə hərbi xidmətini davam etdirən əsgər və zabitlərimiz qarşısında mədəniyyət xadimlərinin iştirakı ilə görüşlər keçirilir. Ağır savaşın dərin psixoloji sarsıntıları və stressi uzaqlaşdırmaq üçün mədəniyyət xadimlərinin görüşləri olduqca vacibdir. Onlar hərbçilərimizə şeirlər döyləyir, mahnılar oxuyur, elə onların özləri ilə birlikdə rəqs oynamaları əsgərlərimiz üçün bir dünyadır. Mədəniyyət xadimlərinin hospitallardakı çıxışları da yaralı hərbçilərimiz üçün böyük bir məlhəmdir. Apardığımız müşahidələrə əsasən onu qeyd edə bilərik ki, bu dəfə hərbçilərimiz qarşısında çıxış edənlərin çoxu peşəkar sənətkarlardan ibarətdir. Mədəniyyət nazirliyinin təşəbbüsü ilə ölkəmizin bütün dövlət teatrları, musiqi kollektivləri səfərbər olunaraq, hərbçilərimizi ruhunu oxşayan tamaşalar oynayırlar və bir-biridən maraqlı konsert proqramları ilə çıxış edirlər. Savaş prosesində “Əsgər məktubları” aksiyası demək olar ki, bitməyib. Hər yerdən əsgərlərimizə onların tanımadıqları orta məktəb şagirdlərindən, tələbələrdən və hətta yaşlı insanlardan məktublar gəlir. Məktubların hər birində hərbçilərimizə öncə olduğu kimi, uğurlar diləyirlər. İnsan taleləri barəsində fikirlər bölüşülür. Təbii olaraq bütün bunlar gənc əsgərlərimiz üçün çox xoşdur.

Psixoloji üstünlük və KİV-lərin təsiri

44 günlük savaş bitdikdən sonra, dövlət və özəl televiziya kanallarının hamısında hər gün Ermənistanın acı məğlubiyyətlərinin təhlilləri verilir. Bununla yanaşı, ermənilərin Ermənistanda bir-birlərini ettiham etmələri, bir daha Qarabağa geri dönə bilməyəcəyi barəsində ermənilərin öz dilindən səsləndirilən fikirlərin efirə verilməsi hərbçilərimiz üçün psixoloji baxımdan ikinci böyük qələbə kimi dəyərlidir. Milli Ordumuzun döyüş rəşadəti, müasir hərbi texnikaları mənimsəməsi, hərbi qüdrəti barəsində hazırlanan proqramlar da əsgərlərimiz üçün mənəvi rahatlıq deməkdir. Onların          qəhrəmanlığının sayəsində artıq “yenilməz erməni ordusu”, “daim qələbə çala biləcək erməni mifi”nin iflasa uğraması barəsində gedən müxtəlif tv proqramlar əsgərlərimizin ovqatını daha da yaxşılaşdırır. Bununla da istənilən düşmənə qarşı döyüşlərdə qələbə çala bilmək kimi şüuraltı təsir imkanları ictimai xarakter daşımaqdadır. Çünki, sabah orduya hərbi xidmətə gedəcək gənclərimiz üçün bu çox vacibdir. 27 il işğalda olmuş Kəlbəcərdə ermənilərin qanunsuz yaşaması və onların qanunla Ermənistana geri dönmələri ilə bağlı anlaşma gündəmə gəldikdən sonra, sülhməramlı rus hərbçiləri belə, onların nə qədər vəhşi təbiətli olduqlarını gözləri ilə görtdülər. Hətta daim ermənipərəst mövqe tutan Rusiya və digər dövlətlərin müxbirləri Kəlbəcərdə ermənilərin son vəhşiliklırini bütün dünyaya yaydılar. Belə ki, köçüb gedən ermənilər yaadıqları evlərin nəyi var idisə, hamısını söküb özləri ilə apardılar. Hətta ayaqyolu üçün istifadə olunan əşyanı belə daşımaqdan utanmadılar. Belə bir cılız və miskin mənzərəni bütün dünya seyr etdi. Təbii olaraq, Azərbaycan əsgəri də bu mənzərələrin şahidinə çevrildi. İndi gənc əsgərlərimiz yenidən savaşa qatılarlarsa, əvvəlki savaşdan daha güclü və iradəli bir şəkildə istnilən döyüşlərə qatılacaqdır. Çünki, mənfur düşmənin nə qədər idbarlığına canlı şahiddir.


Televiziya və radio kanalları ilə yanaşı, onu da qeyd edək ki, qəzetlər və internet saytları, sosial şəbəkələr də vətəndaş cəmiyyətinin bu gün bizlərdən tələb etdiyi şərtlər çərçivəsində fəaliyyət göstərirlər. Çünki, onların da hamısının Qarabağın tam azadlığı uğrunda döyüşən  Azərbaycan əsgərinin yanında olmaq ideyasına dəstək vermələri çox möhtəşəmdir.
Bu gün Azəraycanda yeni nəfəs, yeni ruh, yeni güc anlayışı formalaşmaqdadır. Bu, xalqımızın özünə olan inamın geri dönməsi deməkdir. Biz heç kimsədən geri qalan xalq deyilik. Biz məğlub xalqlar siyahsında olmaq istəmirik. Biz daim qaliblərin adının həkk olunduğu siyahda yer almalıyıq. Biz tarixdə neçə-neçə dövləti qurmuş xalqın varisləriyik. II Qarabağ Savaşında çaldığımız qələbə məhz bu amala xidmət edir. Bu düşüncəni indi hər kəs duyur və ona dəyər verməyə çalışır. Vətəndaş cəmiyyətinin gücü məhz bundadır.

“Hürriyyət”