“Əsas məqsəd əhalinin sağlamlığını qorumaqdır” – Millət vəkili

57

"Dünyada pandemiyanın yayılması, neftin qiymətinin aşağı düşməsi və vətəndaşların sağlamlığını əsas tutaraq ölkədə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi təbii ki, sahibkarlıq subyektlərinə və iqtisadiyyata müəyyən təsirsiz ötüşməyəcəkdir. Məhz bu barədə dövlət başçısının verdiyi sərəncamda bir milyard manata yaxın vəsaitin ayrılması və 4 işçi qrupunun yaradılmasında əsas məqsəd sahibkarların və vətəndaşların bu proseslərdən az zərərlə çıxması ilə bağlıdır".

Hurriyyet.org bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

O bildirib ki, görülən tədbirlərin əsas məqsədi vətəndaşların sağlamlığının qorunmasıdır:

"İqtisadi dəstək, təhlil və dövlət dəstəyi proqramları kifayət qədər düşünülmüş, orta və uzun müddətə əsaslanmışdır. Artıq işçi qruplarının birliyi, yəni iqtisadiyyat nazirliyi tərəfindən iqtisadi dəstək proqramlarının istiqamətləri və əhatəsi ilə bağlı təkliflər elan olunub. Əhatəsi kifayət qədər genişdir, təxminən 600 minə yaxın insanı bu proqram əhatə edir".

Dəstək proqramlarının bir neçə istiqamətdən ibarət olduğunu vurğulayan millət vəkili bildirib ki, sahibkarlıq sahəsində çalışan işçilərə birbaşa yardımın göstərilməsi nəzərdə tutulur: "Çünki məhz məhdudlaşdırılma tədbirlərinin nəticəsində xeyli sayda insanın həm əmək haqqının alınmasında, həm də sahibkarlar tərəfindən bu insanlara əmək haqqının ödənilməsində müəyyən çətinliklər mövcuddur.

Qeyd edim ki, 304 minə yaxın muzdlu işçi qeyri-neft sektorunda çalışanların 45 faizindən bir qədər çoxdur. Bu kifayət qədər böyük rəqəmdir".
Millət vəkili bildirib ki, bununla yanaşı 292 minə yaxın fərdi sahibkarlara dövlətin dəstəyi ilə bağlı proqram hazırlanır: "Məhdudlaşma tədbirləri həm də fərdi sahibkarların, xüsusilə xidmət sektorunda çalışanların işinin məhdudlaşmasına gətirib çıxarıb. Bunlarla yanaşı, vergi güzəştlərində əlavə imtiyazların verilməsi, eyni zamanda sahibkarların banklardan götürdüyü kreditlərdə dövlət dəstəyi mexanizmlərinin hazırlanması ilə bağlı kifayət qədər maraqlı istiqamətlər mövcuddur. Belə ki, məhz banklardan kredit götürən sahibkarların, bu dövr ərzində pandemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlərin təsirinə məruz qalan sahibkarların kreditlərinin faizlərində dövlət dəstəyi mexanizminin hazırlanması və dövlət dəstəyinin göstərilir. Xüsusən də sahibkarların götürdüyü kredit faizlərinin 10 faizinə qədərinin dövlət tərəfindən ödənilməsi ilə yanaşı, yeni götürülən kreditlərdə 60 faizə yaxın girovun dövlət tərəfindən zəmanət verilir. Eyni zamanda 3 illik götürülən kreditlərdə kredit faizlərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi ilə bağlı dəstək proqramında müddəalar yer alıb. Bu gün sahibkarlara veriləcək dəstəklər həm də növbəti etapda, böhrandan sonrakı mərhələdə Azərbaycanda iqtisadi aktivliyin qorunub saxlanılması üçün kifayət qədər mühüm əhəmiyyət kəsb edəcək".

Tahir Mirkişili bildirib ki, sahibkarlara sətəklə yanaşı, tələbələrin təhsil haqqının ödənilməsi də proqramda özünü əhatə edir: "İpoteka ilə bağlı insanların kredit götürdükləri və xüsusən tikinti sektorunun canlanması ilə bağlı dövlət dəstəyi proqramında xüsusi müddəalar nəzərə alınıb. Həmçinin, kommunal ödənişlərdə insanlara ediləcək güzəştlər dəstək proqramında müddəalarla öz əksini tapıb. Daşınma fəaliyyəti göstərən şirkətlərin dəstəklənməsi və stimullaşdırılması ilə bağlı dəstək proqramında öz müddəalar var".

Millət vəkili bildirib ki, əhalinin sağlamlığının qorunması dövlət başçısının əsas tapşırıqlarındandır: "Növbəti addımlarda isə iqtisadi aktivliyi qorumaq, sahibkarlara kömək etmək, böhrandan sonrakı mühitdə Azərbaycanın iqtisadi aktivliyini artırmaq barədə qısa, orta və uzunmüddətli proqramların hazırlanması əsas məsələlərdəndir. İndiki halda kifayət qədər operativ olaraq bu proqramların hazırlanması və ya icrası ilə bağlı dövlət başçısının verdiyi tapşırıq onu deməyə əsas verir ki, indiki halda sahibkarlar da dövlət başçısının qayğısını və dəstəyini hər zaman hiss edir və edəcəklər. Çünki məhz bu qayğı və operativlik nəticəsində biz bu problemdən üzuağ çıxa və böhrandan sonrakı dövrə daha yaxşı hazırlaşaraq, gələcəkdə inkişaf dinamikasına sahib ola bilərik".