Sarqsyanın keçmiş müşaviri ifadə verib

81

 

Ermənistanın keçmiş polis rəisi (daxili işlər naziri) Hayk Arutyunyanın intiharı ilə bağlı cinayət işi çərçivəsində Ermənistan prezidentinin keçmiş müşaviri general-leytenant Alik Sarkisyan ifadə verib.

Polis rəisinin keçmiş müavini general-leytenant Ararat Maxtesyan da ifadə vermək üçün istintaqa çağırılıb.

Bildirilib ki, Hayk Arutyunyan 2008-ci il martın 1-də Yerevanda prezident seçkisinin nəticələrinə etiraz olaraq keçirilən aksiyaların dağıdılması zamanı törədilən cinayətdə ittiham olunurdu. Robert Koçaryanın prezidentlik müddəti başa çatdığı üçün bu postu zor tətibiq etmək və saxtakarlıq yolu ilə Serj Sarqsyana təhvil verdi. Həmin aksiya zamanı 10 dinc etirazçı ölmüş, onlarla insan yaralanmışdı. Koçaryan da mart hadisələrinə görə ittiham olunur.

Xatırladaq ki, Hayk Arutyunyan 2019-cu il sentyabrın 24-də intihar edib. O, 1999-2003-cü illərdə Ermənistanın daxili işlər naziri, 2003-2008-ci illərdə isə Ermənistanın polis rəisi vəzifələrini tutub. 2010-2014-cü illərdə isə Ermənistan Ədliyyə Nazirliyinin Cinayət-İcra idarəsinin rəisi olub.

Alik Sarkisyan isə 2008-ci il mayın 29-dan 2011-ci il noyabrın 1-dək Ermənistanın polis rəisi, 2011-ci il noyabrın 1-dən 2018-ci il hakimiyyət dəyişikliyinədək Ermənistan prezidenti Serj Sarqsyanın müşaviri işləyib./report.az/