Sarkisyanın Moskva səfərinin gizlinləri…

291

Xaqani Cəfərli: “Ermənistan prezidentinin Rusiyadan qayıtdıqdan sonra səlahiyyətlərinin artırılmasını istəməsi təsadüfi sayıla bilməz”

“Rusiyanın dövlət strukturları, xüsusilə də Xarici İşlər Nazirliyi noyabrın 10-da imzalanan bəyanatdan narazıdır”

“Moskva üçün prezident üsul-idarəsi olan ölkələrdə prezidentlərlə, daha dəqiq desək, geniş səlahiyyətləri olan, avrotitar hakimiyyətlərlə işləmək çox asandır”

“Hər kəs bilməlidir ki, bu müddətdə Rusiyanın Azərbaycana təzyiqləri artacaq, yəni Kreml çalışacaq ki, rəsmi Bakını müəyyən qədər güzəştlərə sövq etsin”

Bugünlərdə, daha dəqiq desək, noyabrın 28-də Ermənistanın prezidenti Armen Sarkisyan Rusiyaya səfər edib. Ermənistan prezident administrasiyasının ictimaiyyətlə əlaqələr departamentinin yaydığı məlumata görə, Sarkisyan səfər zamanı Rusiyadakı erməni diasporunun və ictimai strukturların bir sıra nümayəndələri ilə görüşüb.

Armen Sarkisyan Nikol Paşinyanın istefasını, referendum yolu ilə özünün səlahiyyətlərinin artırılmasını tələb edir

Qeyd edək ki, Armen Sarkisyan Moskvadakı erməni icması ilə görüşü zamanı “Belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb olan hökumət getməlidir”, deyə bildirib. Ermənistanın prezidentinin sözlərinə görə, əgər siyasətçi güclüdürsə, yenidən iqtidara qayıda bilər: “Sivil bir yol var – erkən seçkilər, müvəqqəti milli birlik hökuməti yaratmaq. Bu o demək deyil ki, müvəqqəti hökumətdə hər bir partiyanın öz naziri olmalıdır. Hökumət hörmətli şəxslər tərəfindən qurulmalıdır. Bu hökumət yeni seçkilərə qədər – altı ay və ya bir il, xalq yenidən mandatı hansısa siyasi qüvvəyə təhvil verənədək, çalışmalıdır”. Armen Sarkisyan bu dövrdə konstitusiyanı dəyişdirərək referendum keçirmək lazım olduğunu da vurğulayıb. Onun fikrincə, parlament, hökumət və prezident institutu arasında tarazlıq olmalıdır: “İnanıram ki, parlament ölkəsi olaraq qalsaq da, prezident xalq tərəfindən seçilməlidir. Ölkəmizdə bütün postlar parlament tərəfindən təyin olunur, amma tarazlıq haradadır?” Sarkisyan bu qənaətdədir ki, ölkədə böhranın olub-olmadığı meydandakı etirazçıların sayı ilə qiymətləndirilə bilməz: “Meydanda ümumiyyətlə kimsə olmasaydı, bu, heç bir böhranın olmadığı demək olardı? Ətrafa baxın, hamımız böhran vəziyyətindəyik. Bu, bir ölkənin və ya bir dövlətin deyil, bir millətin – insan hüquqları, psixoloji, maliyyə, iqtisadi, humanitar böhrandır. Bütün ermənilər Qarabağa qayıdacaq? Bəziləri Ermənistanda qalacaq, kim onların qayğısına qalacaq?”

Bu arada, düşmən ölkənin sabiq prezidenti Levon Ter-Petrosyan isə baş nazir Nikol Paşinyanın son açıqlamalarına cavab olaraq, onu “ümummilli bəla” adlandırıb. Belə ki, Paşinyan bildirmişdi ki, Qarabağda müharibə gedəndə həqiqətən eks-prezidentlər Levon Ter-Petrosyan və Robert Koçaryan Moskvaya, Vladimir Putinlə görüşə getmək istəyirdi. Amma onların “xüsusi nümayəndə” statusunda Putinlə görüşməsi şərti irəli sürüldüyü üçün buna razı olmayıb. Buna cavab olaraq Ter-Petrosyan özünün mətbuat katibi Arman Musinyan vasitəsilə Paşinyanı “ümummilli bəla” adlandırıb. Ter-Petrosyan əlavə edib ki, nə deməyindən asılı olmayaraq onun özünə bəraət qazandırmaq şansı yoxdur və erməni xalqı heç vaxt onu bağışlamayacaq. “Prezident Ter-Petrosyan milləti məhvə aparan bu “ümummilli bəla”nın xəstə təxəyyüllərini şərh etməyi mənasız sayır. Qoy nə istəyir desin. İstənilən halda özünə bəraət qazandırmaq şansı yoxdur. Erməni xalqı heç vaxt onu bağışlamayacaq”, deyə Musinyan özünün “facebook” səhifəsində qeyd edib.

“Çox güman ki, Ermənistanın hazırkı prezidentinə birmənalı şəkildə təlimat verilib ki, ölkədə siyasi dəyişikliklər olmalıdır”

Beləliklə, mövzu ilə bağlı fikirlərini “Hürriyyət”lə bölüşən politoloq Xaqani Cəfərli bildirdi ki, Rusiya Ermənistanda parlament üsul-idarəsinə keçilməsinin əleyhinə olub: “Hətta Serj Sarkisyanın prezidentliyi dövründə Ermənistan parlament üsul-idarəsinə keçərkən, Rusiya bunun əleyhinə idi. Elə buna görə də Serj Sarkisyana bunu etməməsi, Ermənistandakı əvvəlki üsul-idarənin saxlanılması ilə bağlı xəbərdarlıq edilmişdi. Bütün bunları nəzərə alaraq, Ermənistanın hazırkı prezidenti Armen Sarkisyanın Rusiyadan qayıtdıqdan sonra səsləndirdiyi fikirlər, yəni səlahiyyətlərinin artırılmasını istəməsi təsadüfi sayıla bilməz. Hamıya məlumdur ki, Kreml Nikol Paşinyanın hakimiyyətə gəlməsindən narazı qalmışdı və onun iqtidardan getməsində maraqlı idi. Sadəcə olaraq, Ermənistanda hökumət parlament tərəfindən formalaşdırıldığı üçün Rusiya çox ciddi təzyiq göstərə bilmirdi. Çünki Paşinyan həm hökumətə, həm də parlamentə nəzarət etdiyi üçün ona ciddi təzyiq göstərib hakimiyyətdən getməsinə nail ola bilmirlər”.

“Bir məqamı da xatırladım ki, Levon Ter-Petrosyan prezident olanda Ermənistanda prezident üsul-idarəsi idi. Bu səbəbdən də ona təzyiq göstərərək, vaxtından əvvəl istefa verməsinə nail oldular. Ondan sonra isə Rusiya ilə kifayət qədər yaxın münasibətdə olan, Kremlin adamı kimi tanınan Robert Koçaryan hakimiyyətə gəldi” deyən politoloqun sözlərinə görə, Rusiya üçün bir nəfərlə işləmək çox asandır: “Yəni Moskva üçün prezident üsul-idarəsi olan ölkələrdə prezidentlərlə, daha dəqiq desək, geniş səlahiyyətləri olan, avrotitar hakimiyyətlərlə işləmək çox asandır. Ona görə də Rusiya Ermənistanı yenidən özünün mənəvi-siyasi atmosferinə qaytarmaq istəyir. Ermənistan isə həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, həm də Avrasiya İqtisadi Birliyinin üzvü kimi yeganə dövlətdir ki, orada parlament üsul-idarəsi mövcuddur. Bu isə öz növbəsində, həmin siyasi coğrafi mühitdə fərqlilik yaradır. Ona görə də çox güman ki, Ermənistanın hazırkı prezidenti Armen Sarkisyana da birmənalı şəkildə təlimat verilib ki, Ermənistanda siyasi dəyişikliklər olmalıdır. Lakin buna baxmayaraq, ümid edirəm ki, Paşinyan müəyyən qədər hakimiyyətini qoruyub saxlaya biləcək. Çünki hazırda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə imzaladığı sənəddə Paşinyanın imzası var. Odur ki, ondan sonra gələcək adam həmin sənəddən imtina, onu sabotaj etmək imkanları olacaq. Həmin sənədi Paşinyan imzaladığı üçün üzərinə öhdəliklər götürüb. Buna görə də bizə lazımdır ki, Paşinyan həmin öhdəlikləri yerinə yetirənə qədər hakimiyyətdə qalsın”.

“Əgər Ermənistan üzərinə götürdüyü öhdəliklərdən imtina edərsə, o zaman Azərbaycan həmin bəyanatdan imzasını geri çəkməli və 9 noyabr mərhələsinə qayıtmalıdır”

Xaqani Cəfərli hesab edir ki, Rusiyanın dövlət strukturları, xüsusilə də Xarici İşlər Nazirliyi noyabrın 10-da imzalanan bəyanatdan narazıdır: “Rusiyanın Xarici İşlər Nazirliyi və digər strukturlar, o cümlədən rusiyalı politoloq və ekspertlər açıq şəkildə ifadə edirlər ki, həmin bəyanatda Ermənistan daha çox güzəştə gedib, buna imkan verməmək lazım idi. Onlar belə fikirləşirlər ki, artıq prosesin siyasi həlli dövrü başladığı üçün Azərbaycana təzyiqləri artırmaqla Ermənistanın mövqelərini bir qədər gücləndirmək, maraqlarını təmin etmək lazımdır. Hesab edirəm ki, əgər Ermənistan üzərinə götürdüyü öhdəliklərdən imtina edərsə, o zaman Azərbaycan həmin bəyanatdan imzasını geri çəkməli və 9 noyabr mərhələsinə qayıtmalıdır. Fikrimcə, Azərbaycan cəsarətli, qətiyyətli mövqe sərgiləyərsə, həm Ermənistan, həm də Rusiya ölkəmizin maraqlarını nəzərə alacaq. Bununla yanaşı, hər kəs bilməlidir ki, bu müddətdə Rusiyanın Azərbaycana təzyiqləri artacaq. Kreml çalışacaq ki, rəsmi Bakını müəyyən qədər güzəştlərə sövq etsin. Ola bilər ki, Ermənistana qarşı kompensasiya tələblərindən geri çəkilməsi, ordumuzun nəzarətində olan bəzi kəndlərin və ya yüksəkliklərin ermənilərin və ya Rusiya sülhməramlılarının nəzarətinə keçməsi üçün Azərbaycana təzyiq göstərilsin. Bu səbəbdən də Azərbaycan diplomatiyası bu mərhələdə ciddi bir imtahan qarşısındadır. Hesab edirəm ki, qətiyyətli və cəsarətli mövqe göstərilərsə, maraqlarımızın təmin olunmasına nail ola bilərik”.

Vazeh BƏHRAMOĞLU