Sara Qədimovanın həyat və yaradıcılığı

90

Sara xanım kimi müğənnilər və xanəndələri tarix nadir hallarda yetişdirir…

Görkəmli xanəndə, xalq artisti Sara Qədimovanın atası Bəbiş kişi əslən Ağdam rayonunun Gülablı kəndindən idi. Bir qarabağlı kimi musiqiyə, xüsusilə muğamlarımıza böyük maraq göstərirdi. Muğamları yaxşı bilir, hərdən pəsdən oxumağı da var idi. İslam Abdullayev, Zülfü Adıgözəlov, Qurban Pirimov, Xan Şuşinski tez-tez Bəbiş kişinin evinə toplaşar, muğamlardan və xalq mahnılarından söhbət açardılar. Bu mühit balaca Saranın sənət seçimində mühüm rol oynayır. Uşaq yaşlarıdan mahnı ifa etməyi başlayan Sara Qədimovanın gələcəkdə müğənni olacağına şübhə yeri qalmırdı. Sara orta məktəbdə və Tibbi Texnikumunda bayram konsertlərində mahnılar oxuyardı. Onun bu qabiliyyəti görkəmli xanəndə Zülfü Adıgözəlovun diqqətindən yayınmadı. Zülfü bəy 16 yaşlı Saranı Əlilov adına Mədəniyyət evində rəhbərlik etdiyi musiqi dərnəyinə cəlb etdi. O, yeniyetmə qıza xalq mahnılarını öyrətdi. Zülfü bəy Saranın ifasını çox bəyənirdi. O, deyirdi ki, sən gələcəkdə hökmən böyük səhnəyə çıxmalısan, Filarmoniyaya getməlisən.

1938-ci ildə bədii özfəaliyyət kollektivlərinə respublika baxışı keçirlildi. Əbilov adına Mədəniyyət evinin solisti Sara Qədimovanın bu baxışda oxuduğu “Qatar” muğamı munsiflər heyyətinin üzvləri Üzeyir Hacıbəyovu, Hüseyinqulu Sarabskini, Əhmədxan Bakıxanovu məftun etdi. Elə oradaca Üzeyir bəy Saranı A.Zeynallı adına musiqi məktəbində dərs deyən H.Sarabskiyə tapşırdı və dedi ki, bundan sonra sənin nəzərlərin bu gənc qızın üzərində olsun.

1938-1941-ci illərdə Sara xanım H. Sarabskinin sinifində muğamdan dərs  alır, muğam ifaçılığını xeyli zənginləşdirir və oxumaq təcrübəsini get-gedə artırır.

1941-ci ilin sentiyabr ayında indiki Musiqili Komediya Teatrının binasında, maraqlı bir konsert olur. H. Sarabski şagirdləri ilə burada “ Rast” muğamını ifa edirlər. Muğamın bəm və orta hissələrini Şövkət Ələkbərova, Gülağa Məmmədov, Hüseyinqulu Sarabski, ən zil yerlərini isə Sara ifa edir. Yazıçı Qılman İlkinin bu konsertlə bağlı xatirələrindən:

– Müharibə yenicə başlamışdır. Hamı dərd-sər içində idi. Həmin konsterdə Üzeyir Hacıbəyov ön sırada əyləşmişdir. H. Cavidin ailəsi də onun yanında oturmuşdu. Mən də çox çətinliklə konsertə bilet tapa bildim. “Rast” muğamı böyük alqışlarla oxunub qurtardıqdan sonra Hüseyinqulu Sarabski səhnədə bir qədər irəli keçib gənc ifaçıları təqdim etdi və dedi: “Şövkətlə Gülağanın üslubu estrada ifaçılığına daha yaxındır. Sara isə sırf xanəndədir”. Üzünü onlara tutdu və dedi ki, hər biriniz öz yolunuzu müəyyən etməlisiniz.

Üzeyir bəy və Hüsüyinqulu Sarabski istedadlı şagirdinin gözəl səsini və muğam ifaçılığını qoruyub saxlamasına çalışırdılar. Məhz H. Sarabskinin son dərəcə həssas, qayğıkeş münasibəti, rəhbərliyi sayəsində Sara peşəkarlığa yiyələnir.

Həmin vaxtdan etibarən və sonralar da gənc Sara muğamların və mahnıların mahir ifaçısı kimi Ü. Hacıbəyovun gözlərində bir nömrəli sənətkarlardan birinə çevrilir.

Sara xanım mahnı ifaçılığı ilə yanaşı bütün əsas muğamlarımızı ifa etmiş yeganə qadın xanənədə idi. Ona qədər qadın müğənnilər yalnız “Şahnaz”, “Qatar” və “Segah” muğamlarını oxuyardılar. 1943-cü ildə 21 yaşındaykən Hüseyinqulu Sarabski və Zülfü Adıgözəlovdan “Rast”, “Mahur-hindi”, “Bayatı şiraz” və digər çətin muğamları öyrənib oxumağa başladı. Hətta bir dəfə Cabbar Qarayağdı oğlu və Seyid Şuşinskinin yanında Qurban Pirimov və Qılman Salahovun müşayəti ilə “Mahur hindi” muğamını ifa edib, onların xeyir-duasını aldı. Əvvəllər bu muğamları qadın müğənnilər ifa etməzdilər. Belə bir fikir kök salmışdır ki, guya qadın səsi bu muğamları ifa etməyə qadir deyil. Bütün bu steorotipləri ilk dəfə sındıran Sara xanım Qədimova olmuşdur.

Yüksək virtuoz ifa imkanlarına baxmayaraq, Sara xanımın əsas qüdrəti muğamlarda idi və yaradıcılığında muğam əsas yerdə dururdu. Bu qədim milli musiqi sahəsində o, çox uca bir zirvəyə yüksəlmişdir. Sara Qədimova muğamın əsas kökünü, saflığını və klasik ifa tərzini saxlamağa olduqca diqqət edirdi. O, sözün həqiqi mənasında monumental muğam ifaçısıydı…

Xanəndələr və müğənnilər öz aralarında Sara xanımı “qəzəlxan” adlandırırdılar. Çünki o, savadlı xanəndə idi. Əvvəllər oxuduğu Tibbi Texnikamunu əla qiymətlərlə bitirdiyinə görə, imtahan vermədən Tibbi Universitetinə qəbul olunmuşdur. Akademik Zərifə Əliyeva ilə bir qrupda oxuyurdu. Musiqi dünyası onu daha çox cəlb etdiyinə görə dördüncü kursda institutu buraxıb, öz taleyini həmişəlik incəsənətə bağladı…

Gənc Sara Üzeyir Hacıbəyovun ümid bəslədiyi müğənnilərdən biri idi. Ondan daim muğayət olur və qayğı ilə yanaşardı. Gənc qızın tərbiyəsi və inkişafı məsələsini nəzərə alardı. Hüseyinqulu Şarabskinin muğam sinifini bitirdikdən sonra o, 1941-ci ildə yanvar ayının 17-də 19 yaşında Azərbaycan Dövlət Filarmonoyasına solist qəbul olundu. Filarmoniya o illərdə mədəni-maarif müəssisələri arasında xüsusi çəkisi olan bir sənət ocağı idi. Ora müqəddəs bir məbədgah kimi sayılırdı. Çalıb, oxumağı bacaranlar Filarmoniyaya solist olmaq üçün sinov gedirdilər. Hələ bu yaşda heç kəs böyük səhnədə oxumağa cürət etməzdi. Onunla bir sinifdə muğamları öyrənən Şövkət Ələkbərova və Gülağa Məmmədov, həmçinin Fatma Mehrəliyeva və Əbülfət Əliyev Sara xanımdan 5 il sonra 1945-ci ildə Filarmoniyaya solist qəbul ediləcəkdilər. Əlbəttə Üzeyir bəyin razılığı olmadan Filarmonyaya heç kəs solist qəbul oluna bilməzdi. Tarzən Qurban Pirimov deyərdi ki, Sara Filarmoniyaya gələndə, burada 7 nəfər xanəndə və tarzən var idi. Onların hamısının yaşı 40-dan çox idi. 19 yaşlı qızın Filarmoniyaya gəlişi böyük maraq doğurdu. Bu bəstboy, deyib gülən, şən çöhrəli qız Filarmoniyaya bir canlılıq, bir hərarət gətirmişdir. Az sonra Sara Filarmoniyanın sayılıb-seçilən “ulduzlarından” biri oldu…

Sara xanım populyarlıq qazanmaq, dinləyicini necə olur-olsun cəlb etmək istəyən, başqa sözlə asan şöhrət dalınca gedən müğənni deyildi. Onun ifa etdiyi “Göygöl”, “Nə deyim” ,”Nədən oldu”, “Tar çalan oğlan”, “Pıçıldasın ləpələr”, “Ay işığında”, “Könül təranələri”, “Bulaq üstə gedən gözəl”, “Küsüb getdi”, “Qonşu qız” və bir çox  mahnılarında həm dərin xəliqlik, həm də son dərəcə fərdilik vardı. Bu da müğənninin sənətinə həmişə özünəməxsusluq gətirirdi. Sara xanım ifa etdiyi mahnıların daxilinə “səfər” etməyə, bu mahnıların mühitdə, cəmiyyətdə yaratdığı rezonanslara diqqət yetirirdi. O, mahnı və muğam ifaçılığında bayağılığa, qışqırığa, yersiz zəngulələrə yol verməzdi. O, deyərdi ki, hər bir müğənninin öz yolu olmalıdır, öz fərdi üslubunu təsdiq etməli, heç kəsi yamsılamamalıdır.

Sara Qədimovanın yaradıcılığında xüsusi ifaçılıq üslubu, Azərbaycan xalq musiqisi, nəğmə incəsənətin dərin ruhunu və xarakterini əks etdirən cəhətlərin qüvvətli olması xüsusilə qeyd edilməlidir. Böyük sənətkar deyərdi: Sənətkar daim öz üzərində işləməlidir. O, tamaşaçıları sənəti ilə məftun etməlidir.

Onun oxuması təkcə səsi ilə iə deyil, eyni zamanda özünəməxsus ifa tərzi ilə fərqlənirdi. Elə mahnılar var ki, aktrisa təkrar-təkrar oxuyurdu. Hər dəfə bu mahnılar yeni formada səslənirdi. Hər dəfə müğənni bizim qarşımızda melodiyanın yeni xüsusiyyətlərini, detallarını açır, onu cilalayır, zənginləşdirir və bir növ bəzəyirdi. O, təzə müğənni deyildi, əsl sənət adamı idi.

Bəstəkarlardan Qənbər Hüseyinli və Şəfiqə Axundova əksər mahnılarını Sara xanımın ifası üçün bəstələyirdilər. Cahangir Cahangirov “Gəl gözəlim”, “Qarabağ” və “Bahar olsun” mahnılarını, səs imkanlarını nəzərə alaraq, Sara xanım üçün yazmışdı.

Sara xanım ən çətin və ən mürəkkəb mahnıları ustalıqla ifa edirdi. Güclü səs tələb olunan xalq mahnısı “Qara qaşın vəsməsi”, Şəfiqə Axundovanın “Lirik mahnısı” , “Axı mən nə dedim”, “Nə deyim”, Əfrasıyab Bədəlbəylinin Cəfər Cabbarlının “Od gəlini” tamaşasına yazdığı Solmazın mahnısı, Ramiz Mirişlinin “Səni tapdım”, Habil Əliyevin “Ürəkdir sevən səni”, Arif Məlikovun “Naz edirsən sən”, Hacıbaba Həsənovun “Xatirələr”, “Tar çalan oğlan” və digər mahnıları ilk dəfə Sara xanım ifa edərək, bu mahnılara öz “möhürünü” vurmuşdur. Sara xanımın dövründə və hal-hazırda da heç bir müğənni bu mahnıları oxumağa cürət etmir. Çünki, onları oxumaq elə də asan deyil, dərin nəfəs və boğaz xırdalıqları tələb olunur. O, köhnə mahnıları dirildirdi, adilikdən, yekrənglikdən çıxarıb ona yeni həyat verirdi. “Sürəyya”, “Kürdün gözəli”, “Ay qız kimin qızısan”, “Gül bağçalar”, “Gül açdı” mahnılarnı oxuyanda elə bilirdik ki, təzə mahnılardır və birinci dəfə oxuyur. “Göy-göl”, “Tarla qızaları”, “Yaraşıqlı kəndimiz” mahnılarını ifa edəndə hər mahnıda bir mənzərə yaradırdı.

Sara xanımın səsində o qədər xırdalıqlar var idi ki, bu xırdalıqlar hamını valeh edirdi. Bu xırdalıqları duymaq üçün Sara xanımın ifasında Hacıbaba Həsənovun “Tar çalan oğlan” və “Xatirələr”, Şəfiqə Axunovanın “lirik Mahnı”, Qənbər Hüseyinlinin “Nə vaxta qaldı”  və “Ay işığında” mahnılarını dinləmək kifayyətdir. Bu mahnılarda onun qəlbini səsi eşidilirdi. Bəstəkar Tofiq Quliyevin “Ögey ana” filmində Dilarənin birinci mahnısını Şövkət Ələkbərova oxumasına baxmayaraq, səs xırdalıqları tələb olunan “Yaylay” mahnısını isə Sara xanım böyük məharətlə ifa etmişdir…

Sara xanım xarici ölkə xalqlarının mahnılarını heç bir çətinlik çəkmədən, asanlıqla öyrənirdi. Onun Qahirədə oxuduğu “Xəyalımın nuru” mahnısı hamını valeh etdi. Konsterdə iştirak edən onlarca gənc səhnəyə çıxıb bu mahnının sədaları altında “Tanqo” rəqsini oynayırdı. Bu mahnı Sara xanım tərəfindən alqışlar altında dəfələrlə təkrar ifa olundu. Bundan qiymətli nə ola bilərdi? Həmin mahnı 1960-cı ildə Misirdə “İlin ən yaxşı mahnısı” elan olundu.

Sara xanım Qvineyada səfərdə olarkən “ Rast” muğamını ifa etmişdi. Sara xanım danışırdı ki, “muğamı ifa etməyə başlayanda böyük həyacan keçirməyə başladım. Düşünürdüm ki, qvineyalılar muğamı başa düşməyəcəklər. Lakin belə olmadı. İfam alqışlarla qarşılandı. Baxıb gördüm ki, Əliağa Quliyevin gözlərindən sevinc yaşları axır. Sonra “Sili” qvineya mahnısını oxudum. Necə qarşılandığımı dilə gətirməkdə, təsvir etməkdə çətinlik çəkirəm”.

1963-cü ildə Sara xanım İndoneziyada 3 aya yaxın bir dövürdə qastrolda oldu. Cakartada sovet inşaatçılarının tikdikləri 100 min nəfərlik satdionda –“Cakarta gölməçəsi”ndəki konsterdə Prezident Sukarnonun sevdiyi mahnını ifa edərkən, hamı Sara xanıma qoşulub həmin mahnını birlikdə oxumuşdur. Müğənninin səsinə valeh olan Sukarnonun həyat yoldaşı xanım Hartini Sara xanımı evinə qonaq dəvət etmiş və ona qiymətli hədiyyələr bağışlamışdır.

Sara xanım gözəl ifaçılıq sənətinə görə İranın, İndoneziyanın, Efiopiyanın və Özbəkistanın dövlət mükafatları ilə təltif olunmuşdur…

Sara xanım dövrünün ən gözəl qadınlarından biri olmuşdur. Onun böyük portretini yaradan Böyükağa Mirzazadə deyirdi: “Fırca Sara xanımın təbii gözəlliyini təsvir etməkdə çox acizdir”. O, xanım kimi doğuldu, xanım kim yaşadı və xanım kimi köçdü bu dünyadan.

Sara xanım birinci Fəxri xiyaband dəfn olundu. Burada adam əlindən tərpənmək olmurdu. Onun məzarı üstünə qoyulan gül-çiçək dəstəsinin sayı-hesabı yox idi. Çünki Sara Qədimova kimi müğənnilər və xanəndələri tarixi nadir hallarda yetişdirir və bu əsrdə bir dəfə mümkündür.

Sara xanımın məzarı üzərində həmişə təzə-tər çiçəklər olur. Axı, onun səsi bu gün də diridir, yaşayır və yaşadır. O, bir ulduz idi, bir dəfə səmadan bizim üçün yerə enmiş və 67 illik səhnə fəaliyyətindən sonra yenidən göyə qayıtmışdır. Sara xanım öz təbiiliyi, kişi xarakteri, mərdliyi, qorxmazlığı və özünəməxsusluğu ilə xalq arasında böyük nüfuz qazanmışdır. O, bizim nəslin daim dinlədiyi və sevdiyi müğənni idi. Biz həmişə onu azərbaycan gözəli, əsl ustad xanəndə, vətənpərvər müğənni, daxilən və zahirən gözəl və nadir şəxsiyyət kimi xatırlayacağıq.

Təqdim etdi: Məmməd MİRZƏLİYEV