Salyanda qadını öldürüb kanala atan şəxs tutuldu

51

Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən su kanalından 45-50 yaşlı qadın meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, mayın 26-da tapılan meyitin baş nahiyəsində küt alətlə yetirilən xəsarət olub.

Bu barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalarla meyitin Saatlı rayon sakini Şəhla İbrahimova olması müəyyən edilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Yenikənd kənd sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov tutulub.