Sahibkarlığın vergi yükü azaldılacaq – VİDEO

    6

    Vergilər Nazirliyi kiçik və orta sahibkarlığın inkişafına vergi yükünü azaltmaqla dəstək olacaq.

    Hurriyyet.org-un məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda vergilər naziri Mikayıl Cabbarov deyib.

    Nazir onu da qeyd edib ki, vergi güzəştləri qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin fəaliyyətlərinin genişlənməsinə və daha çox gəlir əldə etmələrinə səbəb olacaq.

    Biznesin inkişafında iş icazələrinin vacibliyinə diqqət çəkən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov isə sahibkarların bütün problemlərini həll etmək üçün rəhbərlik etdiyi qurumda yeni məsləhətçi şuranın yaradılacağını açıqlayıb.

    Vüsal Hüseynov bu şurada bütün sahibkarlıq subyektlərinin təmsil olunacağını və beləliklə iş adamlarının miqrasiya ilə bağlı bütün problemlərinin qısa zamanda həll ediləcəyini bildirib. Xidmət rəisi xaricdən Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yaşadıqları yer üzrə qeydiyyata düşmələri üçün yeni elektron sistem hazırlandığını da deyib.

    Qeyd edək ki, Azərbaycan-Avropa İttifaqı biznes forumunda 700-ə yaxın sahibkar, müstəqil ekspertlər, eləcə də Azərbaycan və Avropa İttifaqının yüksək vəzifəli şəxsləri iştirak ediblər. Biznes forumun keçirilməsində məqsəd Azərbaycan ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinin artırılması və bunun üçün tələb olunan yeni təcrübələrin öyrənilərək tətbiq edilməsidir. \\XəzərXəbər

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: