Sahibkarlığın inkişafında mühüm amil: xarici bazarlara çıxış imkanları artırılmalıdır

114

Ölkə iqtisadiyyatının inkişafı, azad sahibkarlığın təşviqi üçün təkcə daxili bazar yetərli deyil. Qeyri-neft sektorunun inkişafı, istehsalın təşviqi üçün xarici bazarlarda Azərbaycan məhsullarının özünə yer tutması, bazar payına sahib olması da əhəmiyyətli məsələdir.

Bu günədək bir çox ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, ixracın həyata keçirilməsi üçün iş aparılsa da, hələ ki, ən böyük bazar Rusiyadır. Rusiyanın Azərbaycan kənd təsərrüfatı məhsullarının yeganə bazarı olması və rəsmi Moskvanın da bunun fərqində olması zaman-zaman bu amilin siyasi təzyiq vasitəsi kimi istifadə olunmasına səbəb olur. Bu üzdən xarici bazarların axtarışı, yerli məhsulların standartlara uyğun şəkildə, cəlbedici qablaşdırma, keyfiyyət və rəqabətə davamlı qiymətlə xarici bazarlara çıxarılması postpandemiya dövründə qeyri-neft sektorunun inkişafının əsas prioritetlərindən biridir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı alim, Milli Məclisin deputatı Vüqar Bayramov vurğuladı ki, “Made in Azerbaijan” Azərbaycan məhsullarının tanıdılması baxımından kifayət qədər vacib bir proqram və təşəbbüs idi: “Pandemiya bu təşəbbüsün də davam etdirilməsində çətinliklər yaşatdı. Əvvəlki illərdə məhz bu ideya çərçivəsində fərqli ölkələrdə, xüsusən də yeni bazarlarda Azərbaycan məhsullarının tanıdılması, o cümlədən birgə konfransların , sərgilərin keçirilməsi istiqamətində işlər görüldü. Hətta tanınmış şəbəkələrdə Azərbaycan rəfinin yaradılması ilə bağlı da razılıq əldə olundu. Azərbaycan üçün qeyri-neft ixracatının artırılması prioritetdir. Pandemiya qeyri-neft ixracatına təsir göstərib. Bu, gözlənilən idi. Amma postpandemiya dövrü üçün yenidən qeyri-neft ixracatının artırılması və iqtisadiyyatın diversifikasiyası prioritet məsələlərdəndir. Gözlənilir ki, Azərbaycan yeni dönəmdə yalnız kənd təsərrüfatı məhsullarını deyil, eyni zamanda, digər və daha innovativ məhsullarla dünya bazarına çıxış imkanı əldə edəcək. Ənənəvi bazarlarla yanaşı, yeni bazarlara məhsulların göndərilməsi çox vacibdir. Çünki bazarların diversifikasiyasına, şaxələndirilməsinə ehtiyac var. Bazarların şaxələndirilməsi qeyri-neft ixracatında riskin azaldılması baxımından vacibdir. Postpandemiya dövründə sahibkarlar daha çox yeni bazarlara çıxış imkanları əldə etməyə çalışmalıdırlar. Avropa Birliyi bazarı 500 milyonluq istehlakçısı  olan bazardır. Eyni zamanda Körfəz ölkələri kifayət qədər alıcılıq qabiliyyəti yüksək olan bazardır”.

Vugar Bayramov - Wikipedia

Vüqar Bayramov: “Postpandemiya dövründə sahibkarlar daha çox yeni bazarlara çıxış imkanları əldə etməyə çalışmalıdırlar”

İqtisadçı alimin sözlərinə görə, yalnız kənd təsərrüfatı məhsulları deyil, eyni zamanda innovativ məhsulların ixracının artırılmasına ehtiyac var: “Xammaldan emaledici aqrar məhsullara keçid vacibdir. Bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var. Postpandemiya dövründə sahibkarlar artıq emaledici məhsul istehsalına qayıdacaqlar. Bu istiqamətdə dövlət dəstəyinin, güzəştli kreditlərin artırılması da imkan verəcək ki, həmin istiqamətdə daha çox diqqətin ayrılması mümkün olsun. Eyni zamanda, emaledici neft məhsullarının da dünya bazarlarına çıxarılması imkanları var, kimya məhsullarımızın ixracı artırıla bilər. Avtomobil istehsalının genişləndirilməsi və ixrac imkanlarının artırılması mümkündür. Çünki Neftçalada yaradılan zavod il ərzində 10 min avtomobil ixrac etmək gücünə malikdir. Onun da xeyli hissəsi postpandemiya dövründə qonşu ölkələrə, o cümlədən Orta Asiya ölkələrinə ixrac olundu. İxracın əmtəə strukturunun şaxələndirilməsi imkanları var. Postpandemiya dövründə ixracın əmtəə diversifikasiyası biznes üçün əsas prioritetlərdən biri olacaq”.

Samir Əliyev: Bu gün bağlanmaq riski ilə üzləşən banklar var

Samir Əliyev: “Xammaldan imtina edib əvvəl-axır emala keçməliyik, məhsullarımızı daha çox dəyər yaradan hala gətirməliyik”

İqtisadçı ekspert Samir Əliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, pandemiya qeyri-neft ixracının inkişafı üçün əngəl oldu: “Pandemiya onu da sübut etdi ki, qeyri-neft sektorunun inkişafının alternetivi yoxdur. Biz mütləq əvvəl-axır buna nail olmalıyıq. Son 12 ildə 3 dəfə böhran yaşanıb və bütün bunlar bizə bir siqnal olub ki, neftdən imtina etməliyik. Müəyyən işlər görülüb, ancaq ya sistemsiz görülür, ya da axıra qədər addımlar atılmır. İxracın strukturuna baxsaq, bizim ixrac əsasən xammaldan ibarətdir. Bizim təkcə neft sektorumuz deyil, qeyri-neft sektorumuzun özü də xammaldan ibarətdir. İxrac etdiyimiz kənd təsərrüfatı məhsullarının əksər hissəsi xammaldan ibarətdir. Bizim ilk işimiz emal ixracına keçmək olmalıdır, dəyər yaradılmalıdır. Xammalı emal etdikcə dəyəri bir neçə dəfə artır. Bu mənada ilk növbədə emal sənayesinə diqqət artırılmalıdır və ixracda emal məhsullarının payı artmalıdır”.

Bazarların şaxələndirilməsinə gəlincə, iqtisadçı qeyd etdi ki, dünya bazarlarında iki amil əsas götürülür, onlardan biri keyfiyyət, digəri isə qiymətdir: “Keyfiyyət amili öndə olanda, əsasən məhsulun yüksək keyfiyyəti diqqətə alınır. Qiyməti baha olsa da, onun öz alıcısı olur. Əsasən Avropa Birliyi ölkələri və Amerikada keyfiyyət standartına üstünlük verilir. Bəzi məhsullar da var ki, keyfiyyət bir o qədər yüksək deyil, amma qiyməti ucuzdur. Ucuz olduğu üçün də tələbat çox yüksəkdir. Necə ki, Çin mallarına tələbat dünyada yüksəkdir. Eləcə də Türkiyənin geyim mallarına aiddir. Biz bunlardan birinə üstünlük verməliyik, ya keyfiyyətə , ya da qiymətə. Qiymətin ucuz olması bizdə alınmır. Çünki əsas səbəb milli valyutamızın sabit qalmasıdır, əksər ölkələrdə milli valyuta dollara nisbətdə ucuzlaşır, bizim valyutamız isə baha qalır. Bu da ixracı bahalaşdırır. İkinci səbəb isə miyas etibarilə istehsalımızın kiçik olmasıdır. Məhsulu nə qədər çox həcmdə istehsal etsən, onun maya dəyəri bir o qədər aşağı düşür. Biz bu miqyas effektini ala bilmirik. Bunun üçün ilk növbədə bazarı tapmaq lazımdır, daha sonra istehsalı artırmaq olar. Ona görə də, bizdə ucuz qiymət alınmır. İşçi qüvvəsi də bizdə xərcləri artırır, bundan əlavə korrupsiya, sürüdürməçilik, inzibati amillər də maya dəyərini artırır. Təəssüf ki, bu amillər hələ də qalmaqdadır. Kredit faizinin yüksək olması da məhsulun maya dəyərini artırır, sahibkarın xərclədiyi hər qəpik məhsulun maya dəyərində özünü göstərir. Ona görə də, bizdə qiymət məsələsi alınmır”.

Ekspertin sözlərinə görə, yüksək keyfiyyət məsələsində də problem yaşanır: “Çünki burada ilk növbədə yüksək peşəkarlıq lazımdır, ikincisi ölkəyə müasir texnologiyalar gətirilməlidir. Bu gün yeni zavodlar tikilir. Ancaq o zavodlar texnologiyaya əsaslanmadığından , onu işlədəcək kadrlar olmadığından zavodlar qısa müddət işləyir, daha sonra sıradan çıxır. Ona görə də, bizdə emal məhsullarının ixracı həm qiymət, həm də keyfiyyət baxımından rəqabətə davamlı olmur. Yalnız bir yol qalır ki, biz üçüncü dərəcəli bazarlara yönələk. Rusiya bizim üçün əsas bazardır, ondan heç zaman imtina edə bilmərik. Türkiyə bazarı ilə rəqabət apara bilmirik, çünki o özü ixraca meyilli ölkədir və bizim məhsulların qiyməti Türkiyə məhsullarının həm qiymətindən, həm keyfiyyətindən bir çox hallarda aşağı olur. İranın yerli istehsalı qiymət baxımından bizdən çox ucuzdur, ona görə bu ölkə ilə də rəqabət apara bilmərik. Qonşularımızla ticarət əlaqəsində bu mənada  problem yaşayırıq”.

S.Əliyevin fikrincə, xammaldan imtina edib əvvəl-axır emala keçməliyik, məhsullarımızı daha çox dəyər yaradan hala gətirməliyik: “Başqa sahələrə gəlincə, kənd təsərrüfatına alternetiv kimi İKT məhsullarını misal çəkirlər. Amma bunu istehsal etmək üçün bizim yüksək təhsilli kadrlarımız olmalıdır, yaxşı kadrlar ölkəni tərk edir, xaricdən kadr gətirəndə isə baha başa gəlir və məhsulun maya dəyəri artır. Bu sahədə də,  hələ heç nə edə bilmirik. Həm say , həm ərazi, həm valyuta ehtiyatları baxımından Qafqazın lider dövləti olsaq da, bu sahədə heç nə edə bilmirik. Pulumuz olsa da, bu sahədə geridə qalırıq və innovativ məhsulların istehsalı, ixracı hələ ki, alınmır”.

İqtisadçı ekspertin avtomobil istehsalı və ixracı ilə bağlı da təklifi maraqlıdır: “Avtomobil ixracına gəlincə, aydın məsələdir ki, biz avtomobili istehsal etmirik, sadəcə, ehtiyat hissələrini gətirib ölkədə yığırıq. Biz bu sahədə strategiyanı dəyişməliyik, xaricdən avtomobil hissələri gətirib yığmaq əvəzinə dünyadakı hansısa iri şirkətin məhsullarının hansısa elementini ölkəmizdə istehsal etməliyik. Bu daha uğurlu olar. Məsələn, ”BMW” və ya “Mercedes” kimi tanınmış brendlərin sadə bir ehtiyat hissəsini istehsal edib ixrac etməliyik. Çünki avtomobil istehsalı ilə bağlı qurulan neçənci layihədir ki, uğurlu alınmır. Bu sahədə davamlılıq çətindir. Əlverişli biznes mühitinin yaradılması və xarici investisiyanın ölkəyə gətirilməsinə ehtiyac var. Bu sahəyə diqqət ayrılmalıdır. Bunun üçün zaman lazımdır. Dünyanın ən böyük şirkətləri İKT sahəsindədir, bu sahələrə də diqqət artırmaq olar”.

Made in Azerbaijan' brand succeeds

Qeyd edək ki, Azərbaycanın aparıcı məhsulları, xüsusən də kənd təsərrüfatı malları xüsusi dadı və təbii keyfiyyəti ilə dünyanın bir çox ölkələrində, xüsusən də Körfəz ölkələrində sevilir. “Made in Azerbaijan” brendi artıq tanınmağa başlasa da, əsas məsələ məhsulların düzgün qablaşdırılması və qiymətlərin rəqabətliliyi, o cümlədən ixrac partiyalarının davamlılığıdır. Bəzən ixracımız sadəcə nümunə xarakteri daşıyır və davamlı olmadığından alıcı toplaya bilmir. Sahibkarlara bu istiqamətdə logistik dəstəyin verilməsi və güzəştli kreditlərin ayrılması, xarici bazarlarda təmsil olunmaq baxımından postpandemiya dövrünün əsas proqramlarından biri olmalıdır.

Nərgiz LİFTİYEVA