“Sahibkarlar olaraq qəhrəman əsgərlərimizin yanında olduğumuzu bəyan etmək istəyirik” – ASK PREZİDENTİ

87

Son iki gün ərzində xeyli sayda mülki şəxs erməni təcavüzünün qurbanına çevrilib. Erməni bölmələrinin sentyabrın 27-də Naftalan rayonu ərazisinə atdığı mərminin evə düşməsi nəticəsində evdə olan 5 nəfər həlak olub. Həyatını itirənlərdən ikisi məktəblidir. Bundan başqa, Tərtər və Ağdamda da düşmən təcavüzü mülki şəxslərin həyatına son qoyub, onlarla şəxs yaralanıb. Xüsusilə qeyd edilməlidir ki, düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndlər ağır artilleriyadan intensiv atəşə tutulur.

Mövzuyla bağlı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev Hurriyyet.org-a açıqlama verib. O, sahibkarların ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin, ordumuzun, qəhrəman əsgərlərimizin yanında olduqlarını bəyan etməklə, onlara dəstək olmaq istədiklərini qeyd edib:

“Sentyabrın 27-də səhər saatlarından başlayaraq erməni vandalları növbəti təxribata əl ataraq, işğalçılıq siyasəti yeritdiklərini bir daha sübut etdilər.  Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdular, hücuma keçməyə cəhd göstərdilər.

Düşmənin atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itki və yaralananların da olması Azərbaycan sahibkarlarını dərindən sarsıtdı. Sahibkarlar adından qəhrəman şəhidlərimizə allahdan rəhmət diləyir, onların yaxınlarına dərin hüznlə baş sağlığı verir, yaralılarımızın tezliklə sağalmasını arzulayırıq.

Əlbəttə ki, ordumuzun adekvat tədbirləri nəticəsində düşmənə lazımi cavab verilir.

Bu hadisələrlə bağlı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı çıxış edərək bildirdi ki, “Heç kəsə sirr deyil ki, Tovuz hadisələrində olduğu kimi bu dəfə də ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verir.  Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.

Mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan Respublikasında Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalamış, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilməyə başlanılmışdır.

Azərbaycan sahibkarlarından Konfederasiyaya daxil olan müraciətlərdə sahibkarlar ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin, ordumuzun, qəhrəman əsgərlərimizin yanında olduqlarını bəyan etməklə, onlara dəstək olmaq istədiklərini qeyd edirlər.

İnanırıq ki, xalqımız, o cümlədən çoxminli sahibkarlar ordusu Azərbaycan Respublikası Prezidentinin Hərbi vəziyyət elan olunması ilə bağlı Fərmanının bütün tələblərinə əməl edərək, qələbə üçün bütün imkanları səfərbər edəcəklər.

Biz isə Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, Hərbi vəziyyət dövründə və koronavirus pandemiyasına qarşı çətin mübarizə günlərində, erməni təxribatına qarşı həmrəylik nümayiş etdirərək ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi bütün qərarları bəyənir, onun rəhbərliyi altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanır və  bəyan edirik ki, dövlətimizin daha da güclənməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi və dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edərək, əlverişli biznes mühitindən yararlanmaqla ölkəmizin daha da çiçəklənməsi, hərbi potensialının gücləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması üçün var gücümüzlə çalışacağıq”.

YƏHYA