Sahibə Qafarova: “Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib”

75

“Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tanınmış norma və prinsipləri, ilk növbədə dövlətlərin  ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında həllində dinc diplomatik səylərə daim sadiq qaldığını nümayiş etdirir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının plenar iclasında çıxışı zamanı deyib.

“Təəssüf ki, Azərbaycan tərəfinin problemin sülh yolu ilə həlli istiqamətində bütün səyləri müxtəlif təxribatlara və hərbi ritorikaya üstünlük verən Ermənistan hakimiyyətinin qeyri-konstruktiv siyasəti nəticəsində puç olur. Məsələn, Azərbaycanın mülki obyektlərinə zərbələr endirilməsinə dair təhdidlərə necə qiymət vermək olar? Bildirmək istəyirəm ki, Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib. Azərbaycan xalqı özünün tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcək”, – deyə, Sahibə Qafarova əlavə edib.