“Sadıq Hüseynov altıncı aydan ödəniş etmir” – “Azərişıq” ASC-nin əməkdaşı şikayətçinin haqsız danışdığını bildirdi

51

Şikayətçinin qonşusu Nəzakət Kazımova: “Allaha and olsun ki, hamısını yalan deyir…”

Nəsimi rayonu 3-cü Alatava, ev 283-də tənha yaşayan, II qrup 20 yanvar əlili, 80 yaşlı Hüseynov Sadıq Yusif oğlunun “Hürriyyət” qəzetində dərc olunan ölkə başçısına müraciətinə “Azərşıq” ASC-dən reaksiya gəldi. Belə ki,  “20 Yanvar əlili prezidentə müraciət etdi” sərlövhəli yazı qəzetdə dərc olunan gün sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustayev redaksiyamıza zəng edərək S. Hüseynovun probleminin həll ediləcəyini bildirdi, eyni zamanda məsələyə aydınlıq gətirmək üçün Nəsimi rayon işıq idarəsinin əməkdaşı ilə birlikdə yuxarıda qeyd olunan ünvana getməyimizi tövsiyyə etdi.

Nəsimi rayon işıq idarəsinin əməkdaşları ilə birlikdə S. Hüseynovun evinə gedib, dəfələrlə qapını döysək də, qapını açan olmadı ki, şikayəti yerində araşdıraq. Baxmayaraq ki, evdə işıq yanırdı. Çox güman ki, yaşlı qoca ağır eşitdiyi üçün səsimizi duymadı.

Amma S.Hüseynovun sayğacının küçədə olmadığı məlum oldu. Sayğac onun öz həyətində olduğu halda isə, ona necə kənar müdaxilə olar bilər? Onun 25 metr uzunluğunda kabelinin kəsildiyini də görmədik. Ona görə, küçədə olan işıq dirəyindən evinə çəkilmiş kabelə müdaxilə olduğunu demək də doğru olmaz. Çünki kabel normal şəkildə idi, heç bir calaq yox idi.

S. Hüseynovun ona qərəzli olaraq 100 manat cərimə yazılmasına gəlincə, həmin sahənin nəzarətçi-mühəndisi Eldəniz Mirimov bildirdi ki, hər ay göstərişi vuran zaman S. Hüseynov ozü evdə ola-ola qapını açmır: “Mən buna görə öz narazçılığımı bildirirəm. Mən burada işimi görürəm. Ondan da əlavə, altıncı aydan ödənişdə iştirak etmir. Buna görə, xahiş edirəm ki, bir tədbir  görəsiniz. Onun 161 manat  borcu var. Ümumiyyətlə, bu adam ödəniş etməyən abonentdir. Əvvəl hərdən bir ödəyirdi. 10 manatlıq işıq yanıdırırdı, 3 manat ödəyirdi. Onun pulları belə-belə yığılıb”.

Qeyd edək ki, H. Sadıqov ölkə başıçısına müraciətində 25 metr kabelinin kəsildiyini, hətta qonşunun xəttini gətirib, onun sayğacına birləşdirildiyini və ona təkrar qərəzli 100 manat yazıldığını iddia edirdi. 

H.Sadıqovun ölkə başçısına müraciətində qonşusu Kazımov İlqar Qəzənfər oğlunun və onun ailəsinin “onu yaşamağa qoymaması” ilə bağlı iddiasına isə İlqar Kazımovun həyat yoldaşı Nəzakət Kazımova cavab verdi: “Mən hansı kabeli kəsmişəm? Baxın, kabel kəsilib-kəsiliməyib, mənim sayğacım burada, onun sayğacı orada. Mən onun sayğacına necə gətirib kabel bağlaya bilərəm ki?! Allaha and olsun ki, hamısını yalan deyir. Nə olar, bir dəfə gələsiniz, onun ayıb-ayıb danışdıqlarını eşidəsiniz, görün, nələr danışır. Mənim evdə oğul-uşağım var, onun qorxusundan kimsəyə heç nə demirəm. Bütün günü ayıb-ayıb sözlər danışır. Mən onun dərdindən qapımın dalını bağlı qoyuram”.

N. Kazımova dedi ki, ümumiyyətlə qonşusunun işinə qarışmır: “Onun dərdi ayrı, mənim dərdim-sərim ayrıdır. Bir ərimdi, bir özüməm, uşaqlarımı da evləndirmişəm, ayırmışam, hamısı ayrı qalır. Burada mənim ayağıma-əlimə dolaşan yoxdur, özü edir. Vallah mənim onun evində, heç nəyində də gözüm yoxdur. Mən onu döyməmişəm, bir dəfə burada çubuqla nəvəmin üstə gəldi. O, özü burada yıxıldı. Qonşu məni ayırmağa gəlmişdi, çomaq əlində idi, yıxıldı, qonşu da onun üstə düşdü, qolu altda qaldı, sındı. Ondan sonra, mənim də başım çöndü, Maştağaya  xəstəxanaya düşdüm, ay yarım xəstəxanada yatdım. Ondan sonra, polisə izahat verdim, o iş bağlanıb. Mən artıq özümdə deyiləm, Quran haqqı, o, məni xəstə salıb. Onun sözünə baxırsınız, eşidirsiniz, mən insan deyiləm? Qurana and olsun, mənim qazandığım polislərdə qalıb. Polis 50, 100, 200 dəfələrlə pul alıb. Gedir, şikayət edir, polis gəlir. Balamın canı, mən onun işığına əl vurmamışam.  Mən onun evini neynəyirəm? Allaha şükür iki evim var, oğlanlarımı da ayırmışam. Mən bu evə bir qəpik haram pul salmıram, halal, düz bir adamam, o ki qalmışdı onun evində gözüm ola. Onu Allah vurub. Siz bilmirsiniz ki, o xəstədir? Onun danışığını, hərəkətini görmüsünüz? O əməlli xəstədir. Bütün günü burada söyə-söyə gedir, söyə-söyə də qayıdır, gəlir. Əksinə, o, mənə gün vermir, məni yaşamağa qoymur.

Ən birinci bizim problemimiz su üstündə oldu.  Yağışın suyu burada göllənirdi. Oranı görürsünüz? Oradan kanalizasiya acdıq, turba saldıq ki, səsi kəsilsin. Qapım çölə açılırdı,  narazılıq edirdi, qapımı  içəri açdırdım. Nə hava  çalır, onunla oynayıram. Gedir, şikayət edir, aparıb polisə 100-200 verib işi bağlayırıq, bir aydan sonra yenə gedir. Mənim də yoldaşım xəstə adamdır. Mən qazanıb niyə polislərə verməliyəm? Bunun xasiyyəti budur. Bizim onunla heç bir problemimiz yoxdur. Deyirəm, birinci problem sudan başlamışdı, o da gözünüzün qabağında görürsünüz, kanalizasiya açılıb, turba salınıb, evimə çəkmişəm. İndi bu adamın bəhanəsi yoxdur, ancaq gedir-gəlir mənə sataşır.  Allahın altında bu pilləkəndən düşəndə görəsiniz, bu, nələr danışır, görsəniz, ona nifrət edərsiniz. Bəs, mən vətəndaş deyiləm? Mən də bir vətəndaşam”.

Xatırladaq ki, H. Sadıqov  ölkə başçısına müraciətində xahiş etmişdi ki, evinin kvadratına görə, ona pul verilsin, buradan köçsün: “Əks halda onun ( red-qonşusu Kazımov İlqarın evini nəzərə tutur) evini sökün. Sizdən xahiş edirəm, bir tədbir görəsiniz”.

Şamo EMİN, Hurriyyet.org