Sabiq məmurun şərikinə hökm oxunub- İraqa apardıqları biznesmenin pulunu ələ keçiriblər

114

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq əməkdaşı ilə əlbir olaraq külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1963-cü il təvəllüdlü Əjdər Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Ə.Əsgərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Əjdər Əsgərov tanışı Azad Rufullayevlə əlbir olaraq Azad Şərifova qarşı külli miqdarda dələduzluq edib. Bu işdə zərərçəkən digər şəxs isə Etibar Mustafayevdir.

Cinayət hadisəsi baş verən ərəfədə Bakı Şəhər İcra Hakimiyyətində çalışan Azad Rufullayev tanışı Əjdər Əsgərovla birlikdə Azad Şərifova İraqda biznes qurmağı təklif ediblər.

Bu məqsədlə də ondan 361 min dollar pul alıblar. Bu işə görə ilk olaraq Azad Rufullayev həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq azadlığa çıxıb.

O, dəymiş zərərin 300 min dollarını ödəyib.

Azad Rufullayevə qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülmüşdü.

Əjdər Əsgərova qarşı isə külli miqdarda dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş Azad Şərifov ifadəsində deyib ki, hadisədən bir müddət əvvəl tanışı Azad Rufullayev ona zəng edərək görüşməyi təklif edib. Görüşdə Əjdər də iştirak edib.

Danışığa əsasən, İraqda mənzil satışı həyata keçirəcəklərmiş. Amma İraqa gedəndə məlum olub ki, iş mənzil satmaq yox, mənzil tikmək imiş.

“Azad Rufullayev dedi ki, Əjdərin İraqda çox yaxşı əlaqələri var. Orada Reqani və Novruzi adlı şəxslər var idi. Mənə dedilər ki, onların böyük tikinti işləri var və qazancım əla olacaq. Mən də buna çox sevindim.

Münasibətlər çox səmimi idi. Bu işdə iki nəfər var idi. Əjdər və Azaddan başqası olmayıb. Səfər ərəfəsində Azad dedi ki, 200 min dollar verməliyəm, ora gedəndə hədiyyə alınacaq. Azad Əjdərin həmin pulla, guya, ərəblərə hədiyyə alacağını söylədi. Azad hələ mənə ironiya ilə dedi ki, ərəblərə pul lazımdır? Onlara qızıldan hədiyyə alınacaq. Mən də dedim ki, biz ora acından gedirik. Bu qədər pulumun olmadığını dedim. Azad söylədi ki, qazanılacaq milyonların yanında bu nədir ki? Mən də fikirləşdim ki, həqiqətən də, qazancın yanında bu pul nədir ki? Amma 200 min yox, 100 min düzəldə biləcəyimi dedim”,- deyə zərərçəkmiş qeyd edib.

Zərərçəkmişin dediklərindən məlum olub ki, aldadıldığını elə İraqda olanda bilib: “Bir neçə gün sonra mən görüşdə Reqani ilə danışdım. Mənə dedi ki, siz burada nə iş görəcəksiniz? Təəccübləndim ki, mənim bura niyə gəldiyimi bilmir? Mən dedim ki, burada satış işləri ilə məşğul olacam. O isə mənim oraya bina tikmək üçün getdiyimi bilirmiş. Buna görə də məyus oldu.

Daha sonra orada inşa edilən ticarət mərkəzində bizə tikinti materiallarının satışı üçün mağaza veriləcəkdi. Həmin mağazanın 6 aylıq icarə haqqı üçün məndən 56 min dollar istədilər. Mən də pulu Bakıda Azada verdim. Ümumi orada görülən işlərə görə 361 min dollar xərcimiz çıxdı. Sonra mağaza da işləmədi. Biz məcbur 6 aylıq pulu ödədik”.

Azad Rufullayev 300 min dolları öz məhkəməsində Azad Şərifova ödəyib. Buna görə də Şərifovdan şikayəti olmadığını deyib.

Ancaq məlum olub ki, Azad Şərifov indi gördüyü işdən düşdüyü ziyana görə əlavə olaraq 295 min dollar və Azad Rufullayevdən qalan 61 min dolları tələb edir.