Sabiq icra başçısı 4 aylığa HƏBS OLUNDU

342

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçilib.

Modern.az xəbər verir ki, bu gün Səbail rayon Məhkəməsində sabiq icra başçısı barəsində həbs qətiimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə icra başçısı barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçilib

***

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova qarşı irəli sürülən ittihamlar məlum olub.

Modern.az-ın məlumata görə, N. Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

N.Zeynalov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında baxılacaq.

Qeyd edək ki, N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Prezident İlham Əliyevin sərəncamı ilə N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.