Sabah Almaniyada ordumuza dəstək yürüşü keçiriləcək

93

“Ürəyimiz Vətəndədir”- xarici ölkələrdə yaşayan jurnalistlər erməni yalanlarına qarşı…

Düşmən hər zaman olduğu kimi, indi də Azərbaycana qarşı təkcə hərbi təxribatlar törətmir, eyni zamanda informasiya müharibəsi aparır. Sirr deyil ki, Azərbaycan haqlı tərəf olmasına baxmayaraq, illərlə informasiya müharibəsində geridə qalır, düşmənə uduzurdu. Lakin son bir neçə gündə baş verən proseslərdən aydın görmək olur ki, artıq Azərbaycan bu məkanda da irəliyə doğru getməkdədir. Əlbəttə ki, bu məsələdə xaricdə yaşayan soydaşlarımızın da üzərinə böyük iş düşür.

Bəs xarici ölkələrdə yaşayan azərbaycanlı jurnalistlər hazırda Qarabağ müharibəsi ilə bağlı nə edirlər? Ermənilərin və ermənipərəstlərin qərəzli, saxta informasiyalarının qarşısının alınması istiqamətində yetərincə işlər görürmü? Xatırladaq ki, iyul döyüşlərində Avropa və ABŞ-da həm azərbaycanlıların, həm də ermənilərin çoxlu sayda yürüşləri oldu. Yenidən bu cür yürüşlər planlaşdırılırmı?

Böyük Britaniyada yaşayan jurnalist Aytən Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Britaniyada yaşayan azərbaycanlılar vətəndən uzaqda olsa da, daim Azərbaycanla nəfəs alır. Soydaşlarımız fiziki olaraq müharibə məkanında vuruşa bilməsə də, informasiya məkanında ermənilərlə mübarizə aparır. Məlum olduğu kimi, ermənilər aktiv şəkildə sosial mediada provokasiyalar aparır, müxtəlif ölkə rəhbərlərinin, dövlət adamlarının ”Tvitter”, “İnstaqram”, “Facebook” hesablarında yalan məlumatlar və görüntülər yaymağa çalışırlar. Lakin Britaniyada yaşayan soydaşlarımız aktiv şəkildə bunun qarşısını alırlar. Yalan məlumat yayan şəxslərə faktlarla, həqiqətlərlə cavab verilir, onların hesabı şikayət edilir və bağlatdırılır. Bundan əlavə, soydaşlarımız məsələyə diqqət çəkmək üçün yaşadığı ərazilərin deputatlarına məktub ünvanlayıblar. Həmçinin ermənipərəstlikləri ilə tanınan bəzi Britaniya media qurumları da var ki, onların sosial medialarında soydaşlarımız öz etirazını bildirir, faktlar göstərərək həmin qurumun rəhbərlərinə müvafiq şikayətlər edilir”.

ayten.JPG (16 KB)

Aytən Abbaslı qeyd edib ki, Britaniyada yaşayan soydaşlarımız Azərbaycan Ordusuna, dövlətinə dəstək aksiyası, yürüşü keçirmək istəsə də, koronavirus pandemiyası ilə bağlı vəziyyət buna imkan vermir: “Hazırda Britaniyada koronovirusla bağlı bir çox qadağalar yenidən tətbiq edilir. 6 nəfərdən artıq toplaşmağa icazə verilmir. Biz bu qadağanın aradan qaldırılmasını gözləyirik. Qadağalar götürülən kimi aksiya keçirməyi planlaşdırırıq”.

Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlu qeyd edib ki, Avropada yaşayan soydaşlarımızın əksəriyyəti vətənə geri qayıdaraq, müharibədə iştirak etmək istəyir:

“Ordumuzun erməni terrorçularına qarşı əməliyyatını izləməklə qalmırıq. Avropada yaşayan, ehtiyatda olan əsgər və zabitlərimizin əksəriyyəti vətənə qayıtmaq üçün yaşadıqları ölkələrdəki Azərbaycan səfirliklərinə müraciət ediblər. Müraciətlərin həddindən çox olması, eyni zamanda koronavirus pandemiyası ilə bağlı təyyarə reyslərində məhdudiyyətlərin olması prosesi bir qədər gecikdirir. Ancaq ümid edirəm ki, səfirliklərimiz həmvətənlərimizin bu istəyini bürokratik əngəl olmadan, onlara lazım olan sənədləri vaxtında verməklə vətənə dönüşə yardımçı olacaqlar. İlk günlərdən xüsusilə alman mediasında ordumuzun antiterror əməliyyatı ilə bağlı yanlış məlumatlar gedirdi. Mən və mənim kimi Almaniyada yaşayan azərbaycanlı həmkarlarım həmin media quruluşlarına məktub ünvanlayaraq buna öz etirazımızı bildirdik. Artıq bu problem də həll olunub, son iki-üç gündə yayımlanan reportajlar tərəfsiz və düzgün məlumatlar əsasında təqdim olunur”.

Fərahim İlqaroğlu Qasımov: Almaniya sosial şəbəkələr qarşısında şərt qoydu

Fərahim İlqaroğlunun sözlərinə görə, soydaşlarımız tezliklə yürüş keçirməyi planlaşdırır: “Aksiya və yürüşlər onsuz da mütəmadi olaraq keçirilir. Artıq Düsseldorf şəhərində oktyabrın 3-də ”Erməni terroruna və işğalına yox!” adlı yürüş üçün şəhər rəhbərliyindən icazə alınıb. Almaniyada yaşayan azərbaycanlıların bu yürüşdə aktiv iştirak edəcəkləri gözlənilir. Eyni zamanda Qarabağ mövzusu ilə bağlı konfransların keçirilməsi də nəzərdə tutulur. Bu tip konfransların məqsədi alman siyasətçi və ziyalılara Qarabağ həqiqətlərini olduğu kimi, düzgün formada çatdırmaqdır”.

Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu: “Təbii ki, Ukraynada yaşayan azərbaycanlılar, xüsusən də aktiv ictimai diaspora fəaliyyəti ilə məşğul olan bizlər işlədiyimiz, olduğumuz yerlərdə insanlarla təmasda çalışırıq ki, Azərbaycanın haqq mübarizəsi ilə bağlı yetərli məlumatlar verək. İndi mübarizə meydanlarından biri informasiya müharibəsidir. Ona görə də sosial şəbəkələrdə ordumuza əlimizdən gələn qədər dəstək verməyə, yerli mətbuat müraciət etdikdə, haqq səsimizi çatdırmağa çalışırıq”.

Ukraynada yaşayan azərbaycanlı jurnalist: “Ermənilərlə rastlaşanda tülkülük  edirlər” - MÜSAHİBƏ - modern.az

Anar Natiqoğlunun sözlərinə görə, hələlik Ukraynada, onun yaşadığı Odessa şəhərində hər hansı yürüş aksiyası planlaşdırılmır: “Hələlik aksiya, yürüş məsələsi aktual deyil. Biz daima Azərbaycan səfirliyi və diasporu ilə əlaqədəyik. Qeyd etdiyim kimi, hələlik bu barədə heç bir göstəriş yoxdur. Üçüncü ölkələrdə hər hansı təxribat yaranmasın deyə daima Azərbaycan dövlətinin nümayəndəliyi ilə razılaşdırılmış addımlar atmağa çalışırıq. Bugünlərdə Türkiyə dövləti, milləti hər zaman olduğu kimi bizə çox böyük dəstək verdi, yanımızda oldu.

İki gün öncə qardaş Türkiyə dövlətinin Odessada yeni təyin olunan baş konsulu Birey Yılmazla görüşdük. Birey bəyi yeni təyinatı münasibətilə təbrik etdik, həm də şanlı bayrağımızı ona hədiyyə etdik. Son günlər Azərbaycanın Qarabağ cəbhəsindəki haqq savaşında Türkiyənin tam dəstəyinə görə təşəkkürümüzü çatdırdıq”.

Xalidə GƏRAY
“Yeni Müsavat”