SAAKAŞVİLİNİN NAMİZƏDİ UDUZDU… – MSK rəsmi nəticələri elan etdi

    12

    Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərində ikinci turunun seçici səslərinin 99,7 faizinin hesablandığını açıqlayıb.

    Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, rəsmi nəticələrə əsasən Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili seçicilərin 59,56 faizinin səsini toplayıb.

    Müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin səsini qazanıb.

    Məlumata görə, Zurabişvilini 1 milyon 146 min seçici, Vaşadzeni isə 778 min nəfər dəstəkləyib.

    ***

    Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı ilkin nəticələri açıqlayıb.

    Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili səslərin 57,48%-ni (315 697 səs), müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 42,52%-ni (233 563 səs) əldə edib.

    İlkin nəticələr 1 337 seçki məntəqəsini əhatə edir.

    ***

    Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş “exit-poll”un nəticələri açıqlanıb.

    “Rustavi 2” televiziya kanalının sifarişi ilə “Edison Research” təşkilatının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 55%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.

    Həmçinin “Gallup International” təşkilatının keçirdiyi “exit-poll”un nəticələri də açıqlanıb:S.Zurabişvili 58%, Q.Vaşadze isə 42% səs qazanıb. Təşkilat “exit-poll”u “İmedi” televiziya kanalının sifarişi əsasında həyata keçirib.

    ***

    Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilir.

    Saat 08:00-da 3 703 seçki məntəqəsində səsvermə prosesinə başlanılıb.

    Məntəqələrin 55-i xarici ölkələrdə açılıb, 11-i isə istisna hallar üçün yaradılmış seçki məntəqələridir.

    Gürcüstanın xarici ölkələrdəki səfirliklərində yaradılmış seçki məntəqələrində səsvermə saat 24:00-dək davam edəcək. Gürcüstanın Azərbaycandakı səfirliyində üç seçki məntəqəsi açılıb.

    Seçicilərin ümumi sayı 3 528 658 nəfər təşkil edir.

    Prezident seçkilərini seçici subyektlərinin 17 000 nümayəndəsi, 48 500-dən çox yerli və 1300-dən çox beynəlxalq müşahidəçi izləyir. Səsvermə prosesini 2 300 jurnalist işıqlandırır.

    Seçkilərdə iki namizəd hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzemübarizə aparır. Oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda S.Zurabişvili 38,64%, Q. Vaşadze isə 37,74% səs toplayıb.

    Zurabişvili ilə Vaşadzenin yarışının arxasında isə, əslində Saakaşvili ilə milyarder İvanişvili arasında illərdir davam edən şəkişmə durur. Bu gün həm də bu mübarizəyə aydınlıq gəlmiş olacaq.

    Mixail Saakaşvilinin sözlərinə görə, bu günkü prezident seçkisinin nəticəsindən Gürcüstanın mövcudluğu asılı olacaq: “Rusiyadan göndərilən oliqarx, həmçinin Rusiyadan təyin edilən namizəd artıq elan ediblər ki, Gürcüstan ərazilərinin anneksiyasına şərait yaratmağa hazırdırlar. Onlar insanları aldadırlar. Buna paralel olaraq oliqarx qeyd edir ki, Gürcüstan Dəmiryolları, bütün elektrosistemə və yerdə qalanlara müdaxilə etmək istəyir. Allah eləməsin ki, onların planları alınsın. Gürcüstanı geriyə baxmadan 1 milyon əmək qabiliyyətli şəxs tərk edəcək və onlar bir də heç vaxt ölkələrinə geri dönə bilməyəcəklər. İstəyirəm ki, bir şeyi biləsiniz. Seçki məntəqəsində siz öz vicdanınızla, Gürcüstanın mövcud olub-olmayacağı və tarixi məsələnin həlli məsuliyyəti ilə üz-üzə qalırsınız”.

    O, Zurabişvilini yenidən satqın adlandırıb: “Bir tərəfdə xalqın namizədi Qriqol Vaşadze, digər tərəfdə İvanişvilinin, Rusiyanın və Gürcüstanın düşmənlərinin namizədi var. Bu qadın satqındır. Gəlin fikir ayrılıqlarımız və ziddiyətlərimizi bir kənara qoyaq. Gəlin ölkəmizin gələcəyi və xilası üçün birləşək”.

    Qeyd edək ki, bugünkü seçkilər Gürcüstanın dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilərdir. Qonşu ölkənin yeni prezidenti 6 il müddətinə seçiləcək.