SAAKAŞVİLİ HAKİMİYYƏTƏ QAYIDIR?

    27

    Natiq Miri: “Növbəti seçkilərdə Saakaşvilinin qalib gəmək perspektivi çox böyükdür”

    “İvanişvili və onun təşkil etdiyi hökumət yetərli dərəcədə xalqın gözündən düşüb”

    Ötən ayın əvvəlində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “feysbuk” səhifəsində Gürcüstana qayıdacağını bəyan edib. Siyasətçi qısa zamanda indiki hakimiyyəti dəyişəcəyini deyib: “Real təhlükə ilə yalnız iqtisadi artım və həyat səviyyəsinin yüksəlməsi ilə mübarizə aparmaq olar. Şəxsən bununla məşğul olmaq niyyətindədəyəm. İndi Gürcüstana dönməməyim üçün qondarma ittihamlar irəli sürüblər. Amma Gürcüstana qayıdacam və komandamla öz planımı həyata keçirəcəm. Gürcü xalqını ağır vəziyyətdə tək qoymayacam”.

    Görünür ki, Ukraynada hakimiyyətə gəlmək planı baş tutmayan Mixail Saakaşvili bu ilin oktyabrında Gürcüstanda keçiriləcək prezident seçkilərində qələbə qazanmağa çalışır. Ona görə də Vahid Milli Hərəkat Partiyası üzvlərinə videomüraciət edib. Bu vidomüraciətində də M.Saakaşvili Gürcüstanda hakimiyyətə qayıtmaq istəyini bildirib: “Bizim vəzifəmiz Gürcüstanda hakimiyyətə qayıtmaqdır və 2018-ci ildə artıq qayıtmalıylıq. Biz prezident seçkilərində qələbə qazanmalıyıq”.

    Eks-prezident növbəti “feysbuk” çağırışında isə Gürcüstanın müxalif qüvvələrini hakim partiya və rəhbəri Bidzina İvanişviliyə qarşı birləşməyə çağırıb. O, yazır: “İvanişvili Gürcüstanın düşmənidir və Gürcüstan məhv olmaq təhlükəsi altındadır. Bütün müxalif qüvvələrə səslənərək, nə qədər ki, vaxt var, birləşməyə çağırıram. Bütün fikir ayrılıqlarını bir kənara qoyaq. Biz bu il böyük dəyişikliklərə nail olacağıq, Gürcüstanı yer xəritəsindən silinməyə qoymayaq. Bu, real təhlükədir”.

    Əslində, M.Saakaşvilinin dediklərində müəyyən həqiqət payı var, Gürcüstan məhv olmaq təhlükəsi altında olmasa da, Saakaşvili dönəmində olduğu qədər inkişaf getmir, hətta onun qurduğu sistemdə müəyyən çökmələr də müşahidə olunur. Amma maraqlıdır ki, müxalif qüvvələr Gürcustanın inkişafdan geri qalmasını nəzərə alıb, M.Saakaşviliyə dəstək olacaqlarmı? Eyni zamanda hakimiyyətdə olan “Gürcü Arzusu” Partiyası buna imkan verəcəkmi? Çünki M. Saakaşvilinin İvanişvilini Gürcüstanın düşməni kimi bəyan etməsindən və müxalif qüvvələrə səslənməsindən sonra Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili keşmiş baş nazirdən siyasətə qayıtmasını şəxsən xahiş edib, İvanişvili də onunla razılaşıb. G.Kvirikaşvili bəyan edib ki, 2018-ci ilin oktyabrında baş tutmalı olan prezident seçkilərindən öncə ölkənin keçmiş baş naziri Bidzina İvanişvili “Gürcü arzusu” iqtidar partiyasının sədri vəzifəsinə qayıdacaq. Baş nazir bu bəyanatı parlament çoxluğu ilə keçirilən xüsusi brifinqdə səsləndirib: ““Gürcü arzusu” partiyasını maksimum gücləndirmək ehtiyacı yaranıb. Bizim üçün partiya daxilində gedən proseslər çox vacibdir. Buna görə də bizim fundamental dövləti məsələlərlə bağlı həmrəyliyi qorumağımız önəmlidir. Bizim komanda üçün onun banisi-cənab İvanişvili amilinin nə qədər önəmli olduğu hamıya bəllidir. Demək istəyirəm ki, mən ona bunu təklif elədim və partiyanın banisinin onun başına keçməsini rica etdim. Çox şadam ki, o, razılıq bildirdi”.

    Kvirikaşvili onu da qeyd edib ki, yaxın günlərdə partiyanın qurultayı keçiriləcək. O, İvanişvilinin yekdilliklə sədr seçiləcəyinə əmin olduğunu bildirib.

    Görünən odur ki, Saakaşvilinin yenidən Gürcüstanda siyasi səhnəyə qayıtmaq niyyətindən hazırkı iqtidar ciddi narahat olub. Belə məlum olur ki, hazırkı gürcü iqtidarı öz gücünə, xalq arasında nüfuzuna arxayın olmadığı üçün keçmiş baş nazir İvanişvilinin pulundan istifadə etməyə ehtiyac duyub. Ona görə də ona siyasətə qayıtmaq təklif olunub. Çünki Gürcüstanın ən zəngin adamı olan İvanişivilinin 4,6 milyard dollar dəyərində varidatı var. Bu pulların bir qismi ilə “Gürcü arzusu” Partiyası prezident seçkilərində qələbə qazanmasını təmin edə bilər. Necə ki, “Gürcü arzusu” Partiyası bu yolla 2012-ci ildə hakimiyyətə gəlmişdi.

    Göründüyü qədər bu il Gürcüstanda prezident seçkiləri gərgin keçəcək. Çünki M. Saakaşvilinin həm Qərbyönlü müxalif qüvvələrdən, həm də xalqdan dəstək alması ehtimalı var. Növbəti aylarda proses sürətləndikcə, hər şey məlum olacaq.

    Qeyd edək ki, İvanişvili 2011-ci ildə siyasi səhnəyə çıxıb. Onun rəhbərliyi ilə “Gürcü Arzusu- Demokratik Gürcüstan” partiyası yaradılıb. 2012-ci il parlament seçkilərinin nəticəsi olaraq digər müxalif qüvvələrlə koalisiya nəticəsində partiya hakimiyyətə gəlib. Belləliklə, üçüncü prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyasının 9 illik hakimiyyəti sona çatıb. 2013-cü ildə Gürcüstan Dreamin namizədi olan Giorgi Marqvelaşvili prezident seçkilərində qalib gəldikdən sonra İvanişvili siyasətdən gedib.

    “Gürcüstan ictimai rəyi heç də İvanaşvili hökumətindən yana deyil”

    “Tillerson yəhudi lobbisinin təkidiylə vəzifəsindən uzaqlaşdırılıb”

    Keçmiş Gürcüstan prezidenti M.Saakaşvilinin Gürcüstana qayıtmaq və hakimiyyəti dəyişmək niyyəti ilə bağlı politoloq Natiq Miri “Hürriyyət”ə dedi ki, Saakaşvilidən sonra hakimiyyətə gələn İvanişivili və onun komandası demək olar ki, Saakaşvilinin qurduğu təməl üzərində müəyyən mənada fəaliyyət göstərməyə başladı: “Bu günə qədər də əhəmiyyətli səviyyədə Gürcüstan iqtisadiyyatı və dövləti üçün bir iş görə bilməyiblər . Təbii ki, bu da ictimai rəyə ciddi şəkildə təsir edir. Yəni bu gün Gürcüstan ictimai rəyi heç də İvanaşvili hökumətindən yana deyil. Təbii ki, bunu Qərb dövlətləri də, Saakaşvili də bilməmiş deyil”.

    “Qərb düşünür ki, xalq etirazları ilə İvanişvili hakimiyyətini devirmək olar”

    N.Miri diqqətə çatdırdı ki, artıq bir çox regionlarda, eyni zamanda Cənubi Qafqazda da müəyyən proseslər gedir: “Xüsusilə Ermənistandakı xalq etirazlarını nəzərə alsaq, hiss olunur ki, artıq Rusiyanın Cənubi Qafqazdakı strateji müttəfiqi olan Ermənistan hökumət dəyişikliyi ərəfəsindədir. Belə bir proses baş verdiyi təqdirdə, biz dolayısı ilə Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılma layihəsinin həyata keçirildiyini görürük. Düşünürəm ki, bu proses Ermənistanla məhdudlaşmayacaq. Fikrimcə, Saakaşvilinin dəstəkçisi olan Qərb də düşünür ki, İvanişivili hökumətinə ayrılmış iki dönəm artıq başa çatır, bundan sonra Saakaşviliyə müəyyən dəstək verməklə, növbəti seçkilərdə xalqın səsini almaq və əgər seçki saxtakarlığı olarsa, xalq etirazları ilə İvanişvili hakimiyyətini devirmək olar. Bunu da Saakaşvili çox gözəl hiss etdiyi üçün, artıq bu yöndə hərəkətə keçib. Artıq bu siyasi fəaliyyət öz intensivliyi ilə artan xətt üzrə davam edəcək. Yəni növbəti seçkilərdə Saakaşvilinin qalib gəmək perspektivi çox böyükdür”.

    “Saakaşvili ətrafında Qərbə inteqrasiya xəttinin tərəfdarı olan müxalif güclərlər böyük siyasi güc mərkəzinə çevrilə bilər”

    “Saakaşvili Gürcüstanın müxalif qüvvələrini hakim partiya və rəhbəri Bidzina İvanişviliyə qarşı birləşməyə çağırıb. Sizcə, Gürcüstanın müxalif qüvvələri Saakaşvilinin ətrafında birləşəcəklərmi” sualına N.Miri belə cavab verdi: “Söhbət Qərbyönümlü, Qərbə inteqrasiya xəttinin tərəfdarı olan siyasi müxalifətdən gedir. Bəli, bu müxalifətin əsas güc mərkəzi Saakaşivilinin rəhbərlik etdiyi siyasi partiya ətrafında müəyyən bir ittifaq yaratma ehtimalı çox böyükdür. Qərbyönlü müxalif siyasi partiya liderlərinin Avropaya çağırılması və Saakaşvili ilə görüş keçirməsi bundan xəbər verir. Düşünürəm ki, Qərbə inteqrasiya xəttinin tərəfdarları ən azından İvanişivli hökumətini devirmək üçün bir siyasi ittifaq təşkil edə bilərlər. Təbii ki, bu ittifaqda Rusiyayönlü Burcanadzenin rəhbərlik etdiyi siyasi partiyalar iştirak etməyəcək. Onu da deyim ki, Rusiyayönlü qüvvələrin ictimai rəydə nüfuzu o qədər də böyük deyil. Bu baxımdan, düşünürəm ki, Saakaşvili ətrafında Qərbə inteqrasiya xəttinin tərəfdarı olan müxalif güclər birləşsə, bu, əhəmiyyətli dərəcədə böyük bir siyasi güc mərkəzinə çevrilə bilər və bu, ehtimal çox böyükdür”.

    “Məqsəd Saakaşvilinin artan nüfuzunun qarşısını almağa yönəlib”

    “İvanişvilinin siyasətə qayıtması üçün baş nazirin təklif irəli sürməsi Saakaşilinin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün çızılmış planın tərkib hissəsidirmi” sualına gəlincə, politoloq vurğuladı ki, bu, İvanişivilini yenidən Gürcüstan siyasətinə qaytarmaq məqsədi daşıyır: “Burada məqsəd Saakaşvili və onun müttəfiqi olan digər müxalif güclərin getdikcə artan nüfuzunun qarşısını almağa yönəlibdir. Nəzərə alın ki, İvanişvili hakimiyyətə təkcə gürcü xalqı içərisində malik olduğu nüfuzla deyil, həm də xərclədiyi milyardlaarın hesabına gəlmişdi və bu gün həmin vəsaitləri yenidən dövriyyəyə buraxmaqla bu stiuasiyanı xilas etmək istəyirlər. Ancaq düşünürəm ki, bu, İvanişvili üçün çox çətin olacaq. Çünki bu iki dönəm ərzində İvanişvili və onun təşkil etdiyi hökumət yetərli dərəcədə xalqın gözündən düşüb”.

    Şamo EMİN, Hurriyyet.org