“Sərt karantin rejiminin effektivliyi yoxdur”

648

Həkim-nevropatoloq Qalib Əsədov: “Yay aylarında karantin rejimi ləğv edilməli idi…”

“Yay aylarında insanların rayonlara gedib istirahət etmələri və dənizə gedib “D” vitamini almaları lazım idi. Əgər sadaladıqlarım olsaydı, insanlar qış üçün güc toplayacaqdı”

“Pandemiya dövründə testlər ödənişsiz olmalıdır…”

“Səhiyyə Nazirliyi işini TƏBİB-in üzərinə atır, TƏBİB də Səhiyyə Nazirliyinin üzərinə… Hələ ki, Azərbaycanda səhiyyə işləriylə məşğul olan qurumun konkret olaraq hansı olduğu məlum deyil”

Ölkədə koronavirusla mübarizə tədbirləri davam edir. Buna baxmayaraq, vəziyyət heç də ürəkaçan deyil. Bəs, effektiv nəticə əldə olunması üçün hansı addımların atılmasına ehtiyac var?

Mövzuyla bağlı “Hürriyyət”in suallarına həkim-nevropatoloq Qalib Əsədovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

– Azərbaycanda koronavirusun zəifləyib, tamamilə yox olması nə zamana proqnozlaşdırılır?

– Bu, tək Azərbaycan üçün deyil, ümumilikdə dünyada proseslər söndükcə Azərbaycanda da virus yox olacaq. Adətən, ölkə əhalisinin 60 faizi yoluxan zaman onlarda imunitet əmələ gəlibsə, pandemiya dövrü bitmiş olacaq.

– Sizcə, niyə son günlərədək yolxuma sayı qəfil artmağa başladı?

– Bütün yoluxucu xəstəliklərdə belə olur. Yoluxma sayı getdikcə artır. Əvvəlcə, bir-iki nəfər yoluxur. Daha sonra isə say artır. Əslində, yoluxma sayının artması gözlənilən idi. Biz, yay aylarından bildirirdik ki, payız fəslində yolxuma sayı çoxalacaq. Çünki payız-qış aylarında bütün yoluxucu xəstəliklər hava-damcı yolu insanları yoluxdurur. Yəni yuxarı tənəffüs yollarında olan bütün xəstəliklər payız-qış aylarında kəskinləşir. Bu da təbiidir. Bu baxımdan, yay aylarında təklif edirdik ki, mümkün qədər karantin rejimini ləğv edin. Çünki yay aylarında insanların rayonlara gedib istirahət etmələri və dənizə gedib “D” vitamini almaları lazım idi. Əgər sadaladıqlarım olsaydı, insanlar qış üçün güc toplayacaqdı. Təəssüf ki, bu cür tədbirlər görülmədi. Hazırda da karantin rejimində yaşayırıq.

Düşünürəm ki, yoluxma sayının artmasının əsas səbəblərindən biri də rayonlara gediş-gəlişin məhdudlaşdırılması oldu. Əgər mən yayda virusa yoluxsaydım daha yüngül yoluxardım, nəinki qış aylarında. Çünki yayda insanlar açıq havada olur deyə təmiz hava qəbul edir. Bu baxımdan, yay aylarında insanlar virusu daha yüngül və rahat keçirir. Eyni zamanda, yayda restoranlar və mağazalar açılsaydı, daha çox insan yoluxacaqdı. Hazırda da daha yaxşı nəticələr əldə olunardı. Məsələn, Rusiyada yay aylarında karantin rejimi tətbiq olunmadı. Bu baxımdan, onlarda həmin aylarda yoluxma sayı daha yüksək idi. Amma hazırda Rusiyada yolxuma sayı xeyli dərəcədə azalıb. Baxmayaraq ki, Belarus Azərbaycandan soyuq ölkədir, çünki, şimalda yerləşir, amma yay aylarında orda karantin rejimi tətbiq olunmadı. Sərt karantin rejiminin tətbiq olunmasının effektivliyi yoxdur.

– Testlərin nəticələrinin yanlış olmasıyla bağlı sosial şəbəkələrdə müxtəlif məlumatlar yayımlanır. İnsanlar bildirir ki, bəzi şəxslərin koronavirusdan öldüyü qeyd edilsə də, ölümündən sonra virusdan dünyasını dəyişən şəxsin telefonuna test nəticəsinin neqativ olmasıyla bağlı mesaj göndərilir. Ümumiyyətlə, test nəticələrinin səhv göstərilməsi nəylə bağlı ola bilər?

– Yəgin ki, TƏBİB bütün şəxslərin ölüm səbəbinin koronavirusla bağlı olduğunu göstərməz. Əgər şəxs koronavirusa yeni yoluxubsa, ona testin cavabı bir həftədən sonra gəlir. Xəstə özündə nasazlıq hiss edərsə, ondan yaxma götürülür. Böyük ehtimalla, bu cür hallarda həmin xəstədən virus olmayan nahiyəsindən analiz götürülüb. Analiz götürüldükdən sonra, xəstədə virus inkişaf etməyə başlayıb. Həmin şəxs də özəl klinikalardan birinə müraciət etmək məcburiyyətində qalıb. Özəl klinikada yoxlanılan zaman onda virusun əlamətlərinin ciddi olduğu görsənir. Həkim xəstəni müalicə etmək üçün onda analizin nəticələrinin təsdiqi olmalıdır. Xəstə ağırlaşandan sonra dünyasını dəyişir. Bir həftə sonra analizin cavabları gəlir ki, həmin şəxsdə virus yoxdur. Çünki ondan virus olmayan nahiyədən yaxma götürülüb və o, ağırlaşdıqdan sonra özəl klinikaya müraciət edib. Amma düşünmürəm ki, testin nəticələrini bilərəkdən səhv qeyd etsinlər. Burda əsas problem, testin cavablarının ləngiməsidir.

Azərbaycan səhiyyəsində iki problem var: Birinci əsas problem Azərbaycan səhiyyəsinin başında oturanlardır. Elə bir vəziyyət yaranıb ki, Səhiyyə Nazirliyi işini TƏBİB-in üzərinə atır, eləcə də TƏBİB Səhiyyə Nazirliyinin üzərinə Hələ ki, Azərbaycanda səhiyyə işləriylə məşğul olan qurumun konkret olaraq hansı olduğu məlum deyil. Kim məşğul olursa, bu işlərlə konkret olaraq məşğul olmalıdır. Birincisi, test operativ edilməlidir, ikincisi isə ölkədə apteklər dərmanlarla təmin edilməlidir.

– Testlərin ödənişli olması düzgündürmü? Ümumiyyətlə, dünya praktikasında bu necə tənzimlənir?

– Dünya praktikasında səhiyyə sistemində özəl və dövlət xidmətləri var. Amma pandemiya dövründə testlər ödənişsiz olmalıdır. Çünki bu, ümumdövlət tədbiridir. Bu da bütün insanları bərabər şəkildə əhatə etməlidir. Hətta ödənişli olsa belə, qiymət 10-12 azn arası dəyişməlidir. Elə şəxslər var ki, xəstə olduğuna görə ev şəraitində müalicə olunur. Lakin maddi imkanı çatmadığına görə, test verə bilmir. Belə olan halda özü də bilmədən insanları yoluxdurmağa başlayır. Bu virus 80 faiz hallarda özünü büruzə vermir və yoluxan şəxs tezliklə sağala bilir. Lakin həmin şəxs virusdaşıyıcısı olduğuna görə insanları yoluxdurur. Əgər test ucuz olarsa, hamı bir qayda olaraq test vermiş olar. Məsələn, Cənubi Koreyada küçələrə test köşkləri yerləşdirilib. Ümumiyyətlə, Cənubi Koreyada karantin tətbiq edilmədi. Hamı məktəbə və işə rahat gedə bilir. Küçələrə yerləşdirilmiş test köşkləri vasitəsilə hamı test verirdi və tetsin cavabı yeddi dəqiqəyə hazır olurdu. Əgər test pozitiv çıxarsa, həmin şəxsə dərman verilirdi ki, qəbul etsin. Başqa heç nə edilmir. 51 milyon əhalisi olan Cənubi Koreyada ümumlikdə 30 000 xəstə virusa yoluxub. Azərbaycanda isə 10 milyon əhali var. Amma ölkə əhalisinin sayına görə yoluxma sayı çoxluq təşkil edir. “Cənub Koreya modeli” test vermək, müşahidə etmək və müalicə etməkdən ibarətdir.

– Azərbaycanda testlərin ödəniş qiymətlərinə hansı qurum nəzarət etməlidir?

– Özəl klinikalarda bu şəxsi məsələdir. Lakin dövlət xəstəxanalarında ödənişsiz olmalıdır. Azərbaycanda dövlət xəstəxanalarında ödənişsiz test verilir. Amma testin cavabları gec gəlir.  Əvvəl insanın qızdırması qalxan zaman həm xəstədən test götülürdü, həm də xəstəylə təmasda olan şəxslərdən… Əgər xəstə hansısa kollektivdə işləyirsə,  bütün kollektiv üzvlərindən test götürülməlidir. Hazırda isə pandemiya dövründə təkcə xəstədən test götürülür, amma onunla əlaqədə olan şəxslərən götürülmür. Bu günə qədər Belarusda dörd milyona qədər test aparılıb. Cənub Koreyada çox sayda insanlardan test götürülüb. Onların uğur qazanmasının səbəbi də test sayının çox olmasıdır. Amma Azərbaycanda test verən insanların sayı çox aşağıdır. Bu baxımdan, insanlarda xəstəlik gec aşkar olunur. Gec aşkar olunduğuna görə, Azərbaycan 220 dünya dövləti arasında 44-cü yerdədir. Niyə Naxçıvan Muxtar Respublikasında hər yer işləyir… Hazırda da orda yolxuma sayı çox aşağı səviyyədədir. Çünki işi düzgün təşkil ediblər. Düşünürəm ki, Naxçıvan modelini Azərbaycanda tətbiq etmək lazımdır. Naxçıvanda yoxlamalar və müalicələr düzgün təşkil olunur. Çünki orda insanlar dərman problemiylə üzləşmir.

– Bəlkə, ölkədə dərman çatışmazlığı var?

– “Bəlkə” niyə? Düzgün qeyd edirsiniz ki, ölkədə dərman çatışmazlığı var. Xəstəxanada yatan xəstələr dərmanla təmin olunur, amma evdə müalicə onan xəstələr dərman problemiylə üzləşib. Dərman tapmadıqlarına görə, müxtəlif yollara əl atırlar. Bu da xəstəliyin ağırlaşmasına səbəb olur…

Hazırladı: YƏHYA