Sərsəng su anbarının Azərbaycan üçün əhəmiyyəti…

189

İşğaldan azad olunan torpaqlarımız və su mənbələrimiz bizi hansı səviyyələrə gətirə bilər…

Torpaqlarımızın 27 il erməni işğalında qalması Azərbaycanın iqtisadiyyatına həddən çox neqativ təsir göstərib. Ölkə iqtisadiyyatında kənd təsərrüfatının rolunu və əkinçiliyə yararlı torpaqların suvarılmasında yaranan su qıtlığı probleminin yaşanmasını gözdən keçirərkən Qarabağ zonasının həm məhsuldar torpaq baxımından, həm suvarılma suları, su anbarları baxımından necə həyati əhəmiyyətə malik olduğunu görərik.

Tarixin inkişaf xronologiyasına diqqət yetirsək görərik ki, ta qədimdən sivilizasiya məskənləri də içməli su mənbələrinin yerləşdiyi ərazilərdə yaranıb. Ermənistanın işğalçılıq siyasəti isə yalnız ərazilərimizi ələ  keçirməklə məhdudlaşmayıb, əksinə bu ərazilərdə təbii resursların vəhşicəsinə talan olunması, transsərhəd çayların qəsdən çirkləndirilməsi ilə əhalimiz içməli sudan məhrum edilib, münbit torpaqlarımız eroziyaya uğrayıb, səhralaşma problemləri yaranıb. Ümumiyytlə, Azərbaycan quraqlıq zonasında yerləşir, bu səbəbdən kənd təsərrüfatı demək olar ki, suvarmadan asılıdır. Bu baxımdan işğaldan azad ediləndən sonra adı özünə qaytarılan Suqovuşan, eləcə də Sərsəng su anbarı çox əhəmiyyətlidir. Tərtərçay üzərində yerləşən Suqovuşan su anbarı kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilmişdir və Tərtər rayonunun erməni işğalında olan hissəsində yerləşirdi. 3 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. Bəndin hündürlüyü 28 m, uzunluğu 630 m, su anbarının ümumi həcmi 5.86 mln.m³-dir. Suqovuşan-1 su anbarı 4.8 mqvt və Suqovuşan-2 su anbarı isə 3 mqvt gücə malikdir. Erməni işğalı dövründə bu stansiyalar “Artsax SES” QSC tərəfindən istismar edilmişdir.

Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarı isə 1976-cı ildə istifadəyə verilib. Onun ümumi su tutumu 565 milyon m3, bəndinin hündürlüyü 125 metr, uzunluğu 555 metrdir. Su anbarı 120 min hektar ərazinin suvarılması üçün layihələndirilmişdir. Su anbarında gücü 50 MVt olan 2 ədəd turbindən ibarət su elektrik stansiyası (SES) quraşdırılmışdı. Tərtər çayının yığıldığı bu nəhəng su anbarının sağ və sol sahilindən çıxan magistral kanallar vasitəsilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 78 min hektar əkin sahəsi suvarılırdı. Hazırda isə Sərsəng su anbarı işğal altında olduğu üçün Suqovuşan SES, həmçinin Tərtər sağ və sol sahil suvarma magistral kanallarının 80 km-lik hissəsi, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam (onun işğal olunmamış hissəsində) və Goranboy rayonlarının rayonlarında 60 min hektardan çox əraziləri uzun müddətdir ki, su ilə təmin olunmur. Bildirək ki, 68,3 km uzunluğunda və mənbəyində 50 m3 tutumu olan Tərtər sağ sahil magistral kanalı tamamilə işğal altındadır. Statistik məlumatlara əsasən, Sərsəng su anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 km olan suvarma kanalları şəbəkəsi, 185 km-lik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyektləri, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon m3 olan 8 su anbarı işğala məruz qalıb.

Ümumilikdə, 125,8 min hektar suvarılan torpaq ərazilər işğal edilmişdir. Onlardan yalnız 25,3 min hektarı (20%) Dağlıq Qarabağ bölgəsi, digər 100,5 min hektar isə aşağıda sadalanan rayonların payına düşür: Ağdam – 49,5 min hektar, Füzuli – 26,4 min hektar, Cəbrayıl – 12,5 min hektar, Zəngilan – 5,3 min hektar, Qubadlı – 5,3 min hektar, Kəlbəcər – 1,4 min hektar.

Vəziyyəti təsvir edən faktlara baxdıqca, erməni işğalının Azərbaycan üçün hansı səviyyədə ekoloji və humanitar problemlər yaratdığı gözlər önünə sərilir, həmçinin Azərbaycan iqtisadiyyatına vurulan maddi zərərin miqyası da dodaq uçuqladır. Sərsəng su anbarı konkret olaraq Ermənistan tərəfindən əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə olunur. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan minlərlə əhali isə daim təhlükə altındadır, hansı ki, erməni tərəfindən dəfələrlə Sərsəng su anbarını dağıdaraq ondan relyef baxımından aşağıda yerləşən əraziləri sel fəlakətinə məruz qoymaqla bağlı hədələr də eşidilib. Sentyabrın 27-dən başlayan əks-hücum nəticəsində Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub.

Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlığın təmin olunmasında mühüm addım atılıb. Əminik ki, Sərsəng su anbarının yerləşdiyi ərazilər də tezliklə erməni işğalından azad olunacaq və digər ərazilərin də su ilə təminatı ilə bağlı mühüm addımlar atılacaq. Bunun üçün Sərsəng-Tərtər hidroelektrik kompleksinin normal qaydada işləməsi, ən azı Tərtər sağ sahil magistral və ikinci dərəcəli kanallarının keçdiyi ərazilərin tam şəkildə işğaldan azad edilməsi və minalardan təmizlənməsi tələb olunur. Kompleksə lazımi texniki xidmətin göstərilmədiyi, avadanlıqların köhnəldiyini nəzərə alaraq, deməliyik ki, kompleksin texniki vəziyyətinin yoxlamadan keçirilməsinə və modernləşdirmə işlərinin aparılmasına ehtiyac var.

Sərsəng-Tərtər hidroelektrik kompleksinin bərpası və istifadəyə verilməsi Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının təxminən 60 min hektar ərazini su ilə təmin edəcək, torpaqlara həyat verəcək.

Son illər ərzində ölkəmizin meliorasiya sahəsində mühüm layihələr həyata keçirilib, o cümlədən Şəmkirçay və Taxtakörpü su anbarlarının tikilib. Rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatı sahəsində işlər görülür. İşğaldan azad edilən ərazilərin bərpası üçün Azərbaycan lazımi təcrübəyə və iqtisadi potensiala malikdir və bu ərazilərdə həyatın öz axarına düşməsi, çiçəklənməsi üçün çox işlər görüləcək. Dünyanın gündəmində qida təhlükəsizliyi, əhalinin qida ilə kəsintisiz və təhlükəsiz şəkildə təmin olunması məsələləri prioritet məsələlərdir. Kənd təsərrüfatı sahəsində yeni tendensiyaların və texnoloji inkişafın yenilənmə məsafəsini qət etməkdə işğaldan azad olunan torpaqlarımızın, suvarma mənbələrimizin dövriyyəyə qaytarılması çox əhəmiyyətlidir. Bu sahədə regionda birinci ola bilərik, hətta dünyada öz sıralara çıxa bilərik. Qida ixracatında ön sıralara keçə bilərik. Çünki qida həyatın, insan yaşamının vaz keçilməz sferasıdır. 

Ülviyyə ŞÜKÜROVA