Şərab şüşələrinin üzərinə dədənizin adını yazın…

357

Bizim öz yolumuz var, haradasa, hansı xaçpərəst ölkəsindəsə tarixi şəxsiyyətlərin şəkillərini nələrin üstünə vururlarsa, onların öz işidir…

Keçmiş Sovet ittifaqında təxminən 25 il fəaliyyət göstərmiş “Allahsızlar ittifaqı” adlı qorxunc təşkilat barədə geniş məlumatım var. Bu təşkilatın işi haqqında indi də geniş danışmağı lazım bilmirlər. Bu deyiləsi, açılası dərd deyil… Dinə, imana, kilsəyə, məscidə, adət-ənənələrə qarşı amansız mübarizə aparan, heç kimdən çəkinməyən bu ittifaqa üzv olmaq bütün komsomolçular, kommunistlər, bitərəf tanınmış ziyalılar üçün vacib idi. Üzv olmaq istəməyənin başına itin oyununu açardılar.

“Molla Nəsrəddin” jurnalının da adını dəyişdirib “Allahsız” qoymaq istəyirlər və Mirzə Cəlilə yenə də redaktor işləməyi təklif edəndə, cavabı bu olur: – Axı mən Allahsız deyiləm! Çox keçmədi millətin iftixarını elə günə saldılar ki, o məcbur olub hamamda kassir işlədi!

İllər keçəndən sonra hər cürə epitetlərə layiq görülmüş, millətə böyük sənətkar, əvəzsiz qələm sahibi kimi sırınmış bütün şair və yazıçılar bu “ittifaqın” işində canla-başla çalışır, ateist təbliğat aparırdılar. Səməd Vurğun fəxrlə yazırdı: “Xəbər göndərilsin Ərəbistana, tonqalda yandırdı anam Quranı!”. Onların törəmələri indi bu barədə danışmırlar. Azğınlaşmış komsomolçular elə bir dini ayin, mərasim qalmamışdı onu lağa qoyub ələ salmasınlar. Partiya üzvləri vəfat etmiş yaxınlarının dəfnində “Ərrəhmanın” oxunmasını istəmirdilər, qorxurdular. Məhərrəmlik mərasimləri qəti qadağan edilib məscidlər bağlanır, onların xalıları, cəbələri partiya fəallarına paylanırdı. Özlərini filoloq, tədqiqatçı sayan karyerist həpəndlər klassiklərin əsərlərini ələk-vələk edib hakim ideologiyasının tələblərinə cavab verən beş-altı sətri tapanda sevinərdilər!

Nizami filan əsərində dinin əleyhinə çıxıb, Füzulu ruhanilərlə yola getməyib, Nəsimi əsl ateist olub, xülasə, bizim elə adamımız olmayıb ki, islamın əleyhinə çıxmasın. Mətləbi çox uzatmaq istəmirəm, bütün məsuliyyətimlə deyirəm, son dövrlərdə törədilən zinakarlıqlar o illərin şərəfsiz təbliğatçılarının ağıllarına da gəlməzdi.

Nizaminin adı konyak şüşələrinin üzərində görünəndə bizə ən yağlı silləni SSRİ-nin məşhur satirik jurnalı “Krokodil” çəkmişdi. Qırx il bundan əvvəl rus jurnalistinin ünvanımıza işlətdiyi təhqiramiz sözləri indi də yazmaqdan utanıram. Rusun qələm sahibinin sualı belə idi, “Bütün şərq dünyasının dahi, müqəddəs saydığı şəxsin adını şərab şüşəsinin üzərinə çıxarmaqla siz əxlaqsız hərəkət etməyinizi, başa düşürsünüzmü” Daha başqa sözləri yazmıram… İllər keçdi, yeri düşəndə bu barədə yazırdım…

Çərxi-fələk bizi məhşər ayağına çəkdi…

Otuz il ərzində o bəla qalmadı ki, düçar olmayaq. Hamımızın belini əyən məğlubiyyətlər, saysız-hesabsız qaçıqınlar, gözəl şəhər və kəndlərin xarabaya dönməsi, qız-gəlinlərin cariyə kimi Livana, Türkiyəyə aparılıb satılması, “Göbək rəqsləri”, “Gözəllik” müsabiqələri, “Vyana gecələri”, “Dekameronun” tamaşaya qoyulması, özlərini əyalət füreri sayan suyasətbazların xalqı çaşdırmaları, əlqərəz, tam xaos! İdeoloji işin qəsdən bərbad günə salınmasını yazıram, baxan olmur. Ramiz Mehdiyevin pərdə arxasından ustalıqla idarə etdiyi ziyanəvər dəstəsi Fatma Abdullazadə, Əli Həsənov başda olmaqla efiri, mətbuatı tamam şikəst edirlər. Tək-tük etiraz edənləri də saymırlar…

Hər yetənə fəxri adların verilməsi mənəvi təxribatın ən yüksək həddi idi. Dədə Qorqud, Şah İsmayıl, Nizami, Füzuli adları ilə araq və konyakların buraxılması isə biqeyrətliyin hansı həddə çatdığlnı sübut etdi. Səlib dünyasının giyenaları ilə ölüm-dirim savaşına qalxmış millətimizi mənəvi cəhətdən şikəst etmək istəyən düşmən sevinə bilərdi. Rəzalətə baxın, Füzuli, Şah İsmayıl və konyak! Niyə Allah-taala səmadan daş yağdırmır? Azərbaycanın titullu, vəzifəli, çörək dərdi çəkməyən ədəbiyyat, mədəniyyət tüfeyliləri susur. Bunların birisinə atasının Moskva lakeyi, adam satan olduğunu desən, səni parça-parça edər. Amma Füzuli, Şah İsmayıl alçaldılır, veclərinə deyil.

…Vətən müharibəsi gedən ölkədə biz elə qəhrəmanlıqların şahidi olduq ki, gələcək nəsillər bunlardan dastan danışacaq. Bir torpaqda ki, ana qana bələnmiş oğlunun cənazəsi önündə “Şəhadətin mübarək, mənim balam!” deyirsə, bir torpaqda ki, ən ağır yara almış əsgər irəli atılırsa, bir torpaqdakı ölkənin başçısı “Biz Xocalının qisasını alacayıq!” deyərək gecəsini gündüzə qatıb xalqı monolit qüvvəyə döndərə bilirsə, burada ancaq ən binamus adam araq şüşəsinin üzərinə qəhrəman əsgərin şəklini verə bilər.

Rəğbət bəsləmədiyim “Yeni Musavat” qəzetinin 192-ci sayında iki-üç nadirəlvücud zatın bu vaqiə ilə bağlı fikirləri verilib. Oxudum, sarsılıb eləmədim, mən hələ nə dediyini, nələrin şahidi olduğunu, qanmayanlara nə deyim? Deyim ki, ay cəhalət zəbanələri, bayrağımız peyğəmbər nişanəli bayraqdır, hilal öz yerində, səkkiz guşəli ulduz cənnətin səkkiz qapısına işarədir (milli hökumətimiz niyə beşguşəli ulduzu yox, səkkiz guşəlini qəbul etdi, bunu indiyə qədər öyrənməmisiniz), o səkkiz qapıdan biri şəhidlərin və peyğəmbərlərindir.

Deyim ki, Yanvar qətlamında şəhid olmuş Ülvinin, igid Mübarizin məktublarını oxuyun, özünüzə əziyyət verib keşiş-mason dünyasının bütün məram və niyyətlərini ifşa edən ədəbiyyata baş vurun. Bizim öz yolumuz var, haradasa, hansı xaçpərəst ölkəsindəsə tarixi şəxsiyyətlərin şəkillərini nələrin üstünə vururlarsa, onların öz işidir.

Rus, ingilis nə qələt edirsə özü bilər, onların özlərinin öz əxlaq kodeksləri, öz anlayışları var. Xaçpərəst dünyasının yerişini yeridik axırını gördük. İngilis, fransız milli bayraqlarının kiçik şəkillərini alt tumanlarının ən namünasib yerinə yapışdıra bilərlər. Nə çəkinirlər, nə utanırlar, çünki özlərini dünyanın ağası sayırlar. Heç kimin rəyi ilə də maraqlanmırlar. Biz isə vuruşuruq, həm səlib dünyasının total ideoloji hücumuna sinə gərmişik, həm nailiyyətlərimiz bıçaq kimi rus şovinistlərinin gözlərinə girir, həm də cənubdan əmmaməli riyakarlar qanımıza susayıblar.

Mən hələ daxildəki din və millət xainlərindən danışmıram, bunların zəhərli dişləri hələ çıxarılmayıb. Ancaq cahil insan keşiş-mason dünyasının Azərbaycan üzərinə əfi ilan kimi səssiz sürünən ekspansiyasını görmür. Görün, tədricən son yarım əsr ərzində nə qədər milli adət-ənənələrimiz heç-puç olub, unudulub. Məsələn, kimin ağlına gələrdi ki, al-əlvan geyinmiş, al qırmızı duvaqlı gəlinlərimiz ağ kəfən rəngində toy paltarı geyəcəklər, müqəddəs ayin kimi toy məclislərimiz kütləvi sərxoşluqla əvəzlənəcək. Hələ indiyə qədər bir etnoqraf, adam kimi camaata izah etməyib ki, qədim türklərdə gəlinlərə ağ libas geyindirməyiblər. Atəşpərəstlikdə isə bu rəng matəm rəngi sayılır. Həyat yoldaşını itirmiş qadın həmişə ağ paltar geyərdi. Biz xaçpərəst dünyasından murdar nə varsa hər şeyi əxz etmişik. Dərd bu deyil, dərd odur ki, hər hansı bir alverçi istədiyi vaxt millətin ən ülvi, ən müqəddəs hissləri ilə oynaya bilər və ona söz deyən tapılmır. Ona görə tapılmır ki, əli, ayağı, tərcümeyi-halı təmiz adamı gündüz çıraqla axtarmaq lazımdır. Belə günahlarımız bir deyil, iki deyil!

Bu əhvalat ötən əsrin səhv etmirəmsə 70-ci illərinin əvvəllərində baş verib. Yaşlı ağdamlılar bunu bilməmiş deyillər. Ad-san qazandığım vaxtlar idi, həm rus dilli qəzetlərdə, həm də öz doğma qəzetlərimizdə çap olunurdum. Günlərin bir günü xatirini çox istədiyim rəhmətlik Cəmil Əlibəyovun kabinetində oturub növbəti məqalə barədə söhbət edirdim. O, ”Azərbaycan gəncləri” kimi respublikanın populyar qəzetinin redaktoru idi.

Söhbət əsnasında Cəmil müəllim qovluğun içindən bir məktub çıxarıb mənə göstərdi:

  • Firuz, sən tarixi abidələrdən yazırsan. İndi qulağın məndə olsunj, gör nələr baş verir. Bizə yazırlar ki, Ağdamın icrayyə komitəsinin sədri Natavanın məzarının üzərindəki mərməri götürüb aparıb evinə və özü üçün əl-üz yiyan düzəltdirib… Yanılmıramsa  o mərmərin üzərində Qurandan ayələr yazılmışdı…

Kabinetdə məndən başqa bir yaşlı əməkdaş da vardı, (çox təəssüflər olsun ki, adını unutmuşam) o hirslə dilləndi, deməli, bundan sonra bu azğın ağzının, burnunun suytunu Natavan kimi cəfakeşin sinə daşının üstünə tökəcək? Allah bunu götürməz!  Cəmil müəllim bir söz demədən telefon dəstəyini götürərək Mərkəzi Komitəyə hansısa məmura zəng edib əhvalatı danışıb, bu məsələ ilə bağlı çıxış etmək üçün icazə istədi və əsəbi halda dəstəyi yerinə qoydu: – İcazə vermirlər, deyirlər ki, bir baş daşı üçün dövlət adamının adını hallandırmazlar. Bir qələtdir olub… Mən dözə bilməyib dedim: – Həm çar dövründə Natavanın könlünə dəyib pərt edərdilər, həm də indi utanıb eləmədən məzarına da toxunurlar. Qoca əməkdaşın bu sözlərini indiyə qədər unutmamışam: – Allah bu günahı heç vaxt bağışlamayacaq.

… Mən fəxr edirəm ki, bu qəbahət barədə bir neçə dəfə məqalələrimdə söhbət açmışam. Amma yenə də deyirəm, bir dəfə də olsun Yazışılar İttifaqından nə səs çıxıb, nə səda.

 

(Ardı var)

Firuz HAŞIMOV

***************

Qarabağın süxənvəri Aqil Abbas

Mən cürət edib illər keçəndən sonra Ağdamın yerlə yeksan edilməsini Allah taalanın qəzəbi ilə bağlamıram. Başqa məskənlər də xarabazara döndərilib, amma, Ağdama baxanda burada qisasın təzahürünü görməmək olmur. Ermənilər buranı pataloji nifrətlə antik Karfagenin, Xirosimanın gününə salıblar. Görünür ermənilərin ağdamlılarla bizim bilmədiyimiz haqq-hesabları varmış, illərlə kin-küdurətlərini gizlədib sonra məqamı çatanda əllərindən gələni beş qaba çəkə biliblər. Təfərrüatı çox yəqin ki, Aqil ağanın özü bilir. Aqil Abbasın maşallah, şəkli qəzet səhifələrindən, sər-sifəti də telekanallardan düşmür. Məmləkətdə nə sadir olsa, telekanallarda bu ağa fövrən peyda olur və nədən sual versələr fövrən də cavab verir.

Keçək əsl mətləbə. Hamı yaxşı bilir ki, ölkənin tən yarısının tarmar edilməsində, minlərlə insanın həlak olmasında, dövlətin milyardlarla ziyana düşməsində kimlərin müstəsna xidməti var. Az qala bir qərinə ərzində bir dəfə görmədim ki, dil pəhləvanı Aqil Abbas istər Xalq cəbhəsində, istərsə də isavatda təmsil olunmuş “mübarizlərin” bir-bir adlarını çəkib səhvlərini üzlərinə desin. Respublikada it yiyəsini tanımadığı aylarda Aqil ağa əndərəbadi hərəkətləri, çıxışları ilə üsul-idarəni, mənsub olduğu dəstəni rüsvay edən İsgəndər Həmidovun şəklini başının üstündə asmışdı. “Ədalət” qəzetinin hər sayında tez-tez belə xəbərdarlıqlar çap edilirdi: “Filan yerin maaşını filankəs alır” və s. Avamlar da bilirdilər ki, bi nədir…

Çox keçmədi Aqil ağa İsgəndər Həmidovun şəklini atdı qapının arxasına, onun yerinə Heydər Əliyevin portreti asıldı.

… Ağdam camaatının içində təfriqə yaradanların əksəriyyəti dövlətin sərvətini bu, ya digər formada talamış, oğurlamış dələduzlar idi. Şəhər düşmən əlinə keçən təqdirdə bütün cinayətləri ört-basdır eləmək asanlaşırdı. Onlar da pul gücünə hürriyyət havasından başını itirmiş lümpenləşmiş bazar əhlini, dəliqanlıları, kriminallaşmış ünsürləri iradələrinə tabe etdilər. Başıpozuqluq yarandı, düşmənə də elə bu lazım idi.

Bir tərəfdə kimlərin əllərində marionet olmalarını qanmayan “pambuq bəylərinin” felinə uymuş cəbhəçilər, bir tərəfdə İsa Qəmbərin tərəfdarları, rus kəşfiyyatının idarə etdiyi Surətin “cayılları”, imkanlarını hələ itirməmiş partokratiyanın sadiq əlaltıları… Adam mat qalır, Ağdamın əsl kişiləri, ermənilərin canına lərzə salmış fədailər necə vuruşublar, nə cür olub ki, bunlar sınmayıblar, aralarından nə xain çıxıb, nə də fərari! Aqil Abbas, bu illər ərzində mən bir dəfə də olsun eşitmədim ki, siz sağlam qüvvələrin arasında məxlətə salmış fitnəkarların bir-ikisinin adını çəkəsiniz. Axı kim olmasa da, siz Ağdamda baş verənlər barədə dolğun məlumata maliksiniz. Susun, danışanda da, gəlişi sadəlövh adamları aldadan, iki qara qəpikli dəyəri olmayan pafoslu sözlərlə gözlərə kül üfürün.

Ağdamın şəhidlərinin sümükləri sürməyi dönüb, vaxtilə vuruşanların neçəsi cəlayi vətəndir, sinəsinə çalın-çarpaz dağ çəkilmiş, dərdləri pünhan sadə insanların ovunmaları daha Allaha qalıb. Siz isə heç bir şey olmamış kimi oturmusunuz  Milli Məclisin möhtəşəm salonunda həyatdan məstkamsınız.

Nə Qarabağı satanların birinin adını çəkirsiniz, nə də xaricdə mal-mülk, villa alan, əcnəbilərlə iş birliyi quran, böyük məbləğləri xarici banklara ötürən maqnat güruhunun üstünə gedirsiniz. Hələ indiyə qədər bu bandanın bir üzvünün adını çəkməmisiniz.

Ağdamda ev tikəcəyinizi vəd etdiniz. Əlbəttə ki, tikdirə bilərsiniz, pul sizdə, imkan sizdə, əvvəlki kimi “dahiyana” çıxışlarınızı davam etdirin, çox yəqin ki, bu dəfə də Milli məclisdə oturacaqsınız. Məni isə heç kim qorxaqlıqda günahlandıra bilməz. Əzəl gündən “pambuq bəylərinin” bir qisminin barışmaz əleyhdarı olmuşam. İllər boyu adbaad ittihamlarımı verib, bir sözümdən dönməmişəm. Məni çörəksiz qoyan 20 ay qocalıq təqaüdümü alıb əlaltısına verdirən, bütün şikayətlərimin qarşısını alan hamının “boz kardinal, Moskvanın sadiq adamı” kimi tanıdığı Ramiz Mehdiyev oldu. İttihamlarla susdurub divara qısnadığım “istiqlalçıların” heç demə əsl hamısı, xaç atası Ramiz Mehdiyev imiş.

Ömrümün sonudur, Allahıma qurban olum, arzumu ürəyimdə qoymadı. Allaha yalvarmışdım ki, Üzeyir bəyin yurdu üzərində əzanın səslənməsini eşitmək, müqəddəs bayrağımızın qürurla dalğalanmasını görmək səadətini mənə bəxş eləsin. Son nəfəsimdə eşidim ki, qətlə yetirilmiş günahsız körpələrin, əlsiz-ayaqsız qocaların, qız-gəlinlərin, şəhidlərin qisası alındı, indi rahat rehlət apararam. Aqil Abbas, sizin cürət edib adlarını çəkmədiyiniz, bəzən də toyda, büsatda bir masa arxasında oturub yeyib-içdiyiniz, yaxşı münasibətdə olduğunuz ziyanəvərlərin arzusu tamam başqadır. Ulu tanrı onların bütün murdar arzularını ürəklərində qoyacaq!

Biz indi qarşımızda qəddini dikəltmiş, gücünə qüdrətinə inanmış xalqı və onun Müzəffər adına layiq gördüyü mahir siyasətçi Prezidentini görürük. Mənə sidq dillə Allah, İslami dəyərlərə inanan adamlar tanıyıram ki, Müzəffər Prezidentimiz Ağdam məscidinin qarşısında ayaqqabılarını çıxarıb qapını öpəndə, ölkənin birinci xanımı mehraba yaxınlaşıb üzünü ona toxunduranda riqqətə gəlmişdilər. Bütün varlığımla əminəm ki, sabahları lazım gəlsə millət Müzəffər prezidentin bir əmrilə bütün Qafqazı məhvərindən oynadar.

Belə ab-havanın hökmfərma olduğu məmləkətdə mimikriya ustalarına, primitiv məddahlara, gündə neçə dəfə qibləsini dəyişənlərə yer olmamalıdır.

Firuz Haşımov