Şərab şüşələrinin üzərinə dədənizin adını yazın…

654

Bizim öz yolumuz var, haradasa, hansı xaçpərəst ölkəsindəsə tarixi şəxsiyyətlərin şəkillərini nələrin üstünə vururlarsa, onların öz işidir…

Keçmiş Sovet ittifaqında təxminən 25 il fəaliyyət göstərmiş “Allahsızlar ittifaqı” adlı qorxunc təşkilat barədə geniş məlumatım var. Bu təşkilatın işi haqqında indi də geniş danışmağı lazım bilmirlər. Bu deyiləsi, açılası dərd deyil… Dinə, imana, kilsəyə, məscidə, adət-ənənələrə qarşı amansız mübarizə aparan, heç kimdən çəkinməyən bu ittifaqa üzv olmaq bütün komsomolçular, kommunistlər, bitərəf tanınmış ziyalılar üçün vacib idi. Üzv olmaq istəməyənin başına itin oyununu açardılar.

(Əvvəli ötən sayımızda)

 

Qarabağın süxənvəri Aqil Abbas

Mən cürət edib illər keçəndən sonra Ağdamın yerlə yeksan edilməsini Allah-təalanın qəzəbi ilə bağlamıram. Başqa məskənlər də xarabazara döndərilib, amma, Ağdama baxanda burada qisasın təzahürünü görməmək olmur. Ermənilər buranı pataloji nifrətlə antik Karfagenin, Xirosimanın gününə salıblar. Görünür, ermənilərin ağdamlılarla bizim bilmədiyimiz haqq-hesabları varmış, illərlə kin-küdurətlərini gizlədib, sonra məqamı çatanda əllərindən gələni beş qaba çəkə biliblər. Təfərrüatı çox yəqin ki, Aqil ağanın özü bilir. Aqil Abbasın maşallah, şəkli qəzet səhifələrindən, sər-sifəti də telekanallardan düşmür. Məmləkətdə nə sadir olsa, telekanallarda bu ağa fövrən peyda olur və nədən sual versələr fövrən də cavab verir.

Keçək əsl mətləbə. Hamı yaxşı bilir ki, ölkənin tən yarısının tarmar edilməsində, minlərlə insanın həlak olmasında, dövlətin milyardlarla ziyana düşməsində kimlərin müstəsna xidməti var. Az qala bir qərinə ərzində bir dəfə görmədim ki, dil pəhləvanı Aqil Abbas istər Xalq Cəbhəsində, istərsə də Müsavatda təmsil olunmuş “mübarizlərin” bir-bir adlarını çəkib səhvlərini üzlərinə desin. Respublikada it yiyəsini tanımadığı aylarda Aqil ağa əndərəbadi hərəkətləri, çıxışları ilə üsul-idarəni, mənsub olduğu dəstəni rüsvay edən İsgəndər Həmidovun şəklini başının üstündə asmışdı. “Ədalət” qəzetinin hər sayında tez-tez belə xəbərdarlıqlar çap edilirdi: “Filan yerin maaşını filankəs alır” və s. Avamlar da bilirdilər ki, bu nədir…

Çox keçmədi Aqil ağa İsgəndər Həmidovun şəklini atdı qapının arxasına, onun yerinə Heydər Əliyevin portreti asıldı.

… Ağdam camaatının içində təfriqə yaradanların əksəriyyəti dövlətin sərvətini bu, ya digər formada talamış, oğurlamış dələduzlar idi. Şəhər düşmən əlinə keçən təqdirdə bütün cinayətləri ört-basdır eləmək asanlaşırdı. Onlar da pul gücünə hürriyyət havasından başını itirmiş lümpenləşmiş bazar əhlini, dəliqanlıları, kriminallaşmış ünsürləri iradələrinə tabe etdilər. Başıpozuqluq yarandı, düşmənə də elə bu lazım idi.

Bir tərəfdə kimlərin əllərində marionet olmalarını qanmayan “pambuq bəylərinin” felinə uymuş cəbhəçilər, bir tərəfdə İsa Qəmbərin tərəfdarları, rus kəşfiyyatının idarə etdiyi Surətin “cayılları”, imkanlarını hələ itirməmiş partokratiyanın sadiq əlaltıları… Adam mat qalır, Ağdamın əsl kişiləri, ermənilərin canına lərzə salmış fədailər necə vuruşublar, nə cür olub ki, bunlar sınmayıblar, aralarından nə xain çıxıb, nə də fərari! Aqil Abbas, bu illər ərzində mən bir dəfə də olsun eşitmədim ki, siz sağlam qüvvələrin arasında məxlətə salmış fitnəkarların bir-ikisinin adını çəkəsiniz. Axı kim olmasa da, siz Ağdamda baş verənlər barədə dolğun məlumata maliksiniz. Susun, danışanda da, gəlişi sadəlövh adamları aldadan, iki qara qəpikli dəyəri olmayan pafoslu sözlərlə gözlərə kül üfürün.

Ağdamın şəhidlərinin sümükləri sürməyi dönüb, vaxtilə vuruşanların neçəsi cəlayi vətəndir, sinəsinə çalın-çarpaz dağ çəkilmiş, dərdləri pünhan sadə insanların ovunmaları daha Allaha qalıb. Siz isə heç bir şey olmamış kimi oturmusunuz  Milli Məclisin möhtəşəm salonunda, həyatdan məstkamsınız.

Nə Qarabağı satanların birinin adını çəkirsiniz, nə də xaricdə mal-mülk, villa alan, əcnəbilərlə iş birliyi quran, böyük məbləğləri xarici banklara ötürən maqnat güruhunun üstünə gedirsiniz. Hələ indiyə qədər bu bandanın bir üzvünün adını çəkməmisiniz.

Ağdamda ev tikəcəyinizi vəd etdiniz. Əlbəttə ki, tikdirə bilərsiniz, pul sizdə, imkan sizdə, əvvəlki kimi “dahiyana” çıxışlarınızı davam etdirin, çox yəqin ki, bu dəfə də Milli Məclisdə oturacaqsınız. Məni isə heç kim qorxaqlıqda günahlandıra bilməz. Əzəl gündən “pambuq bəylərinin” bir qisminin barışmaz əleyhdarı olmuşam. İllər boyu adbaad ittihamlarımı verib, bir sözümdən dönməmişəm. Məni çörəksiz qoyan 20 ay qocalıq təqaüdümü alıb əlaltısına verdirən, bütün şikayətlərimin qarşısını alan hamının “boz kardinal, Moskvanın sadiq adamı” kimi tanıdığı Ramiz Mehdiyev oldu. İttihamlarla susdurub divara qısnadığım “istiqlalçıların” heç demə əsl hamısı, xaç atası Ramiz Mehdiyev imiş.

Ömrümün sonudur, Allahıma qurban olum, arzumu ürəyimdə qoymadı. Allaha yalvarmışdım ki, Üzeyir bəyin yurdu üzərində əzanın səslənməsini eşitmək, müqəddəs bayrağımızın qürurla dalğalanmasını görmək səadətini mənə bəxş eləsin. Son nəfəsimdə eşidim ki, qətlə yetirilmiş günahsız körpələrin, əlsiz-ayaqsız qocaların, qız-gəlinlərin, şəhidlərin qisası alındı, indi rahat rehlət apararam. Aqil Abbas, sizin cürət edib adlarını çəkmədiyiniz, bəzən də toyda, büsatda bir masa arxasında oturub yeyib-içdiyiniz, yaxşı münasibətdə olduğunuz ziyanəvərlərin arzusu tamam başqadır. Ulu tanrı onların bütün murdar arzularını ürəklərində qoyacaq!

Biz indi qarşımızda qəddini dikəltmiş, gücünə qüdrətinə inanmış xalqı və onun Müzəffər adına layiq gördüyü mahir siyasətçi Prezidentini görürük. Mənə sidq dillə Allah, İslami dəyərlərə inanan adamlar tanıyıram ki, Müzəffər Prezidentimiz Ağdam məscidinin qarşısında ayaqqabılarını çıxarıb qapını öpəndə, ölkənin birinci xanımı mehraba yaxınlaşıb üzünü ona toxunduranda riqqətə gəlmişdilər. Bütün varlığımla əminəm ki, sabahları lazım gəlsə millət Müzəffər prezidentin bir əmrilə bütün Qafqazı məhvərindən oynadar.

Belə ab-havanın hökmfərma olduğu məmləkətdə mimikriya ustalarına, primitiv məddahlara, gündə neçə dəfə qibləsini dəyişənlərə yer olmamalıdır.

Firuz HAŞIMOV