Sənət zirvəmdir, səhnə ucalığım

18

Deyirlər sənətin ən böyük zirvəsi elə onun ucalığıdır. Ucaldıqca sənətin zirvəsində pərvazlanan istedad isə heç zaman sönməz. Bu gün Ulu Şeyx Nizami yurdunda da bu kimi sənət zirvəsini fəth edən və böyük yaradıcılıq yolu keçən sənət fədailəri az deyil. Gəncəmin musiqi sənətinin ən yüksək zirvəsində olan bir sənətkarı haqqında söz açmaq istəyirəm. Uzun müddətdir ki, məhz onun haqqında yazmaq, fikir söyləmək və ürəyimdə olanları həm oxucularla həm də elə bu sənətkarla bölüşmək arzusundayam. Açıq etiraf etmək istəyirəm ki, bir az da tərəddüdlərim var. Bu da səbəbsiz deyil. Çünki hər bir sənətkar haqqında hər hansı bir fikir söyləmək böyük bir məsuliyyət deməkdir. İllahda ki, bu sənətkar bu gündə fəaliyyətdədir və sənət zirvəsinin ən parlaq bir nümayəndəsidir.

Şərqin ən qocaman musiqi janrlarından biri hesab olunan muğam ta qədim zamanlardan  dünya  musiqişünaslarını, sənətsevərlərini özünə cəlb etməklə diqqət  mərkəzində olub. Hər zaman olduğu kimi elə müasir dövrümüzədək  qədim və orta əsr  Şərq  musiqi  mədəniyyətinin, folklorunun öyrənilməsində muğam əsas amillərdən biri kimi tədqiqatçıların diqqətini cəlb edə bilib. Bu mənada muğamın tədqiqatı orta əsrlərdən başlayaraq bu günə qədər aktual məsələ olaraq musiqişünasların araşdırdığı əsas mövzu kontekstinə daxil olub. Onlarla görkəmli alimin ayrı-ayrı dövrlərdə muğama dəfələrlə müraciət etməsi və bu sahədə elmi əsərlər  yazması  janrın  daima aktual mövzulu olmasından xəbər verir. Qeyd etməliyəm ki, Muğam  Şərq  xalqlarının mədəni həyatında, onların mənəvi dünyasının formalaşmasında həlledici rol oynadığı üçün bu ölkələrin musiqi salnaməsində hər zaman dərin izlər buraxıb. Həmçinin qeyd etmək lazımdır ki, muğam sinkretik (Sinkretik xüsusiyyət həm də sənətdə peşəkarlıq baxımından bir sadəlik və bəsitlik mənası daşıyır) sənət növü sayılır. Çünki müxtəlif zaman kəsiyində muğama başqa musiqi janrlarının melodiyaları, metro-ritmik xüsusiyyətləri daxil olması bu sənət növünün daha da zənginləşməsinə səbəb olub.

Bu zənginliyi qoruyan bir səs də Gəncəmin payına düşüb. Nə xoşbəxt ki, məhz mədəniyyət beşiyimiz sayılan qədim Gəncə bu kimi çağlayan şəffaf bulaq kimi bu səsin sahibidir.

Şahnaz Həsən qızı Haşımova 2 iyun 1957-ci ildə Gəncədə anadan olub. O, ilk musiqi təhsilini Qənbər Hüseynli adına Gəncə Musiqi Məktəbində alıb və 1979-cu ildə buranı bitirib. 1971-1973-cü illərdə bədii özfəaliyyət kollektivlərinin “Oxu, tar” festivalının iştirakçısı olub. 1975-ci ildən “Göy-göl” xalq çalğı alətləri ansamblının, 1977-ci ildən isə “Göy-göl” Dövlət Mahnı və Rəqs ansamblının solisti kimi fəaliyyət göstərib. 28 oktyabr 1997-ci ildən 01 dekabr 2016-ci ilədək isə Gəncə Dövlət Filarmoniyasının direktoru kimi çalışaraq, eyni zamanda Bədii rəhbər vəzifəsini icra edib. 1998-2004-cü illər ərzində Dağıstan Dövlət İdarəetmə və Biznes İnstitutunun “Hüquq” fakültəsini bitirib. Görkəmli sənətkar 1985-ci ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti fəxri adlarına, müxtəlif illərdə Prezident mükafatına, 6 may 2016-cı ildə isə  Azərbaycanın  Respublikası  Prezidentinin  Fərdi  təqaüdünə  layiq  görülüb. Bu gün Gəncə Dövlət Filarmoniyasında sənət yaradıcılığı ilə yanaşı Şahnaz Haşımova pedaqoji fəaliyyətini isə Gəncə Musiqi Kollecində uğurla davam etdirir. Həmçinin sənətkarın “Mən dərdimi mahnılara danışdım”, “Vətən, sən güman yerimsən” adlı şerlər kitabı nəşr olunub. Bu gün isə “Yaz yağışı” adlı yeni kitabı üzərində yaradıcılıq işlərini yekunlaşdırmaq üzrədir.

Sənətə ilk gəlişini xatırlayan Şahnaz  Haşımova bu haqda söhbətlərinin birində deyir: “Biz sənətə gələn zamanda populyarlaşmaq  barədə fikirləşmirdik. Hətta  o  vaxtlar  qızlar müğənni olmaqdan çəkinirdilər. Qızları  yalvar-yaxarla  sənətə  gətirirdilər. Mən yatsaydım, yuxuma belə  girməzdi  ki, nə zamasa müğənni  olacam. Səsim olduğuna  görə Gəncənin  Toxuculuq  sarayında  öz  yoldaşlarımla  dərnəyə  gedirdim. Gəncədə  hər  il  mayın  19-da  mahnı  bayramı  keçirilirdi. Bütün mədəniyyət ocaqlarında konsertlər təşkil olunurdu, gənc  istedadlar da  həmin  konsertlərdə üzə  çıxarılırdı.  Toxuculuq  sarayında  musiqi  müəllimlərindən  təşkil  olunan  ansamblın  iştirakı  ilə  biz  də  konsert  verirdik. Mən də  Nəriman  Məmmədovun məşhur “Analar” mahnısını  oxumuşdum. Ondan  sonra  Fikrət  Verdiyev  məni  Gəncədə yeni  yaratdığı “Göy-göl”  ansamblına  solist  kimi  dəvət  etdi.  Mən əvvəlcə  Fikrət  müəllimin  təklifini  qəbul  etmirdim. Fikrət  müəllim  də  saldı tərsliyinə,  hara  gedirdim  qabağıma  çıxırdı, deyirdi  ki, “bizim  ansambla  gəl”. Mən  isə   müğənni  olmaq  istəmirdim. Beləcə oldu  ki, Fikrət  Verdiyevin  dəvəti  ilə  taleyimi  “Göy-göl”  ansamblına  bağlamalı  oldum”.

Xalq artisti Şahnaz Haşımova respublikamızın hüdudlarından uzaqlarda da milli musiqimizin, muğamatımızın tanınmasında, təbliğində xüsusi xidmətləri vardır. Taleyin qismətindən sonradan rəhbərlik etdiyi Fikrət Əmirov adına  Gəncə Dövlət Filarmoniyasının yaradıcı kollektivi ilə birlikdə bir çox xarici ölkələrdə dəfələrlə milli musiqi sənətimizin əsl təbliğatçısı olaraq Azərbaycan musiqisini layiqincə təmsil edib. Eyni zamanda onun rəhbərliyi ilə Gəncə Dövlət Filarmoniyasının musiqi kollektivlərinin cəbhə bölgələrində, əsgərlər eləcə də qaçqın və məcburi köçkünlər qarşısında dəfələrlə çıxışları təşkil olunub. Görkəmli sənətkar bununla da Gəncə şəhərinin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, Gəncə Dövlət Filarmoniyasının “Göu-Göl” Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin konsertlərinə  bacarıqla  bədii  rəhbərlik və təşkilatçılıq edib.

Xüsusi olaraq qeyd etmək istərdim ki, muğam sadəcə hansısa bəstəkar  tərəfindən bəstələnən sadə  bir  musiqi  və  ya  avaz demək deyil. Muğam insan ruhunu oxşayan, onun psixologiyasına müxtəlif  istiqamətlərdə təsirlər göstərə bilən unikal  bir  vasitədir. Dərin fəlsəfi məna daşıyan poeziyaya əsaslanan hər hansı bir muğamı diqqətlə dinləyərkən, Füzuli, Nəsimi, Seyid Əzim Şirvani, Vahid və başqalarının  qəzəllərinin  mənası  üzərində  düşünərkən, insan sehrli  bir  aləmə  dalır, keçirdiyi  hisslər  həmin  muğamın  musiqi  dili  ilə onun səhnə obrazlarına çevrilir. Məhz  Şahnaz  Haşımovanın ifasında muğamlarımız öz orjinal kolaritliyini qoruyub saxlamaqla milli musiqi mədəniyyətimizin bir daha əvəzsiz varlığı olaraq təqdim olunur.

Sözsüz ki, muğam ifaçılığının əsas keyfiyyət meyarı xanəndənin peşəkarlığıdır.  Lakin  mütəxəssislər  haqlı olaraq hesab edirlər ki, xanəndənin ustalığı, onun  muğam  ifa  edərkən  dinləyicini başqa  bir  aləmə  aparmaq bacarığı da az rol oynamır. Muğam sənətinin ecazkarlığı, sehri məhz bundadır. Burada səsin gözəlliyi  isə çox vacib amildir. Bu baxımdan muğamlarımızın ifasında belə Şahnaz Haşımovanın səsinin ecazkarlığı bu peşəkarlıqdan xəbər verir. O, hər zaman muğamlarımızı  böyük  ustalıqla və səsinin ahəngi üstündə uğurla qurmaqla dinləyicini bu sehrli aləmə qovuşdurur. Məhz bunun nəticəsidir ki, Şahnaz  Haşımovanın  Azərbaycan  televiziyası və radiosunun “Qızıl Fondu”nda saysız-hesabsız lent yazıları bu gün də milli-mənəvi dəyərlərimiz olaraq qorunub saxlanılır. Onun zəngin repertuarında “Kəsmə şikəstə”, “Qarabağ şikəstəsi”, “Mirzə Hüseyn segahı”, “Şahnaz”, “Dəstgah” kimi muğamlarımızla yanaşı həmçinin “Uca dağlar”, “Qaragilə”, “Şuşanın dağları” adlı xalq mahnıları eləcə də Azərbaycan bəstəkarlarının mahnıları, həmçinin türk, fars, tacik, əfqan, ərəb və başqa xalqların mahnıları da əsas yerlərdən birini tutur.

Bu gün ötənləri xatırlayan xalq artisti Şahnaz Haşımova sənət uğurlarının qazanılmasında ailə üzvlərinin də xüsusi yeri olduğunu qeyd edir: “Evimizdə  mənə  qarşı  xüsusi  diqqət  və  qayğı  vardı. Hətta  mən  məşq  edəndə, valideynlərim  heç  kimi  mənim  otağıma  buraxmazdılar  ki,  məşqlərimə mane olmasınlar.  Aybəniz   uşaq  vaxtı  çox  dəcəl  idi.  Otaqdakı  stolun  altına  girib  gizlənirdi  ki,  mənə  qulaq  asa  bilsin. Onda  ağlıma  gəlməzdi  ki, o da  mənim kimi  müğənni  olacaq. Üç-dörd  yaşı  vardı,  mən  evdə  məşq  edəndə  stolun  altına  girib  nağara  çalırdı. Görürdüm  ki,  həqiqətən   ritmi  düz  tutur.  Ondan  sonra  oldu  mənim  nağaraçalanım.  Mən  məşq  edəndə,  o  da məni  ritmlə müşayiət  edirdi. Bir  müddət  keçəndən  sonra  aparıb Aybənizi də musiqi  məktəbinin  fortepiano sinfinə qoydum”.

Onun sənət yolu heç də hamar olmayıb. Sözsüz ki, bu illər ərzində sənətinə paxallıq edənlər, hər vəclə yaradıcılıq uğurlarına mane olmaq istəyənlər də az olmayıb. Ancaq belə hallarda hər zaman xeyirxah insanların gücünə güvənib. Xeyirxahlarını bu gün də böyük məmnunluqla xatırlayan Şahnaz Haşımova yaradıcılıq uğurlarını taleyinin qisməti adlandırır: “Hərdən həvəsdən düşəndə yaxşı  insanlar  bizə təsəlli verirdilər. Söz  ki açıldı, qoy deyim, bir zaman Gəncədə mənə  yaman  zülm  etdilər. Elə  oldu  ki, konsertlərdə  iştirak  etməkdən  imtina etdim. Hətta doğma Gəncəmdən çıxıb getməyi də düşünürdüm. Yaxşı insanlar, xeyirxahlarım sağ olsunlar, bizə dəstək oldular. Hətta öz sevdiyim  ansamblımdan  bir  il  ayrılmalı oldum. Bu zaman həyat yoldaşım, respublikanın əməkdar artisti Eldar Abdullayev Şərəfxanlı El nəğmələri Teatrının binasında “Yeni  Gəncə” adlı ansamblı yaratdı. O zaman bacım Aybəniz də mənə  dəstək  olmaq  üçün Bakıdan  gəlib bir  müddət  yanımda  qaldı”.

Deyirlər yaş artıqca insan müdrikləşir, ötən illərə geri dönüb bir də baxır, atdığı addımların düzünə-səhvinə nəzər yetirir, hərdən heyfslənir də. Yaşa dolduqca insan düşünür ki, ömür karvanıma az qalıb. Bu zaman bir az sıxılırsan. Belə anlarda insanın əzizləri, ailə üzvləri daha çox gərəkli olur. Bu gün 40 ildən artıq səmimi və mehriban, xoşbəxt ailə həyatı ilə yanaşı iki övlad altı nəvə sahibi olan Şahnaz Haşımova öz muğam sevgisini elə bu istəklər üzərində kökləyir. Həyat yoldaşı dəyərli kaman ustası, respublikanın əməkdar artisti Eldar Abdullayev və oğlu əməkdar artist Tural Abdullayevlə birgə bu sənət yollarını birgə addımlayır. Sənət zirvəsinin ucalığında, müqəddəs saydığı səhnənin varlığında, keşiyində  dayanır.

Anar Burcəliyev,

teatrşünas