Sənət naminə Teatrşünas-tənqidçi Anar Burcəliyevin kitabları haqqında düşünərkən

135

Mənim üçün teatr bir nağıl idi. Orda işləyən aktyorlar sanki bu dünyanın adamları deyildi. Əslində bu doğrudan da belə idi. Onlar öz yaşam tərzləri, fikir və hissləri ilə gerçəkliyin fövgündə dayanırdılar. Onları heç məişət promblemləri də maraqlandırmırdı. Onlar bu millətə böyük sənət işığının gətirilməsi üçün mücadilə edirdilər. Teatra gələn axın-axın insanlar elə bil ki, bu işığa və SÖZƏ həsrət idilər.

İlk dəfə məni, bacım Süsənbəri, qardaşım Cümşüdü teatra anam aparmışdı. Biz teatrın sehrindən çıxa bilmirdik. Yadımdadır “Vaqif” tamaşısına baxırdıq. Vaqif – Əşrəf Yusifzadə səhnəyə çıxanda zal ayağa qalxdı və sürəkli alqışlarla qarşıladı böyük aktyoru.

Əşrəf Yusifzadə pauza gözlədi, sonra tamaşaçılara baş əyib sözlərinə başladı. Səhnədən zala bir sərinlik gəlirdi. Elə bilirdim ki, səhnə arxası bizim tanımadığımız nağılvari bir aləmdir.

Həmin illərdə korifey sənətkarlarımız, hər birinin varlığından qürur duyduğum Ələkbər Seyfi, Məhəmməd Burcəliyev, Rəmziyyə Veysəlova, Sədayə Mustafayeva, İsmayıl Talıblı, Səməd Tağızadə, Ələddin Abbasov, Kərim Sultanov, Zülfuqar Baratzadə, Reyhan Tağıyeva, Rza Nadirov, Məmmədəli Balayev kimi sənətkarlar çıxışlar edirdilər.

Anar Burcəliyevin “Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim” adlı iki ciltlik kitabını oxuyanda sanki vaxt toranlığından artıq bu dünyadan çoxdan köçən və adları, xatirələri unudulmağa başlayan sənət fədailərini görürəm. Məmməd Cəfərov, Firuzə Bədirbəyli, Ağa Məmmədov, Zakir Babayev, şəhid Nadir Hüseynov, Əli Məmmədov, Əmir Dadaşlı, Sona Vəliyeva və digərləri, digərləri. Maraqlı quruluşlar verən rejissorlar Mehdi Məmmədov, Nəsir Sadıqzadə, Yusif Bağırov, Vaqif Şərifov, Oruc Qurbanov, Ələddin İsmaylov, Hilal Nəsənov. Adam inana bilmir ki, vaxtı ilə Gəncə Dövlət Dram Teatrında Mirzə Fətəli Axundzadənin, Ədürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun,  Hüseyn Cavidin, Cəfər Cabbarlının pyesləri ilə yanaşı Evripidin, Molyerin, Şekspirin, Lev Tolstoyun, Ostrovskinin pyesləri oynanılırdı. Anar teatra öz əsərlərini təqdim edən, Gəncədə yaşayan görkəmli yazıçılarımız haqqında da maraqlı, dolğun oçerklər yazıb.

Vaxtı ilə bu teatrın repertuarı əsasən görkəmli dramaturqumuz Altay Məmmədovun əsərləri ilə zənginləşirdi. Səhnədə onun 11 pyesi qoyulmuşdu. Gəncədə ilk dramaturq qadın, tanınmış şairə Fəridə Əliyarbəylinin 2 pyesi, Qərib Mehdinin, Novruz Gəncəlinin, Xəzangülün, Sahib İbrahimlinin, Rövşən Ağayevin, Aydın Murovdağlının da əsərləri öz səhnə təcəssümünü Gəncə teatrında tapmışdı.

Mənim heç ağlıma da gəlməzdi ki, özüm nə vaxtsa dram əsərləri yazacam və bu böyük sənətkarlar mənim əsərlərimdə rol alacaqlar. Mən xətrini çox istədiyim, əziz bildiyim, uşaqlığı və gəncliyi gözümün qarşısında keçən teatrşünas-tənqidçi Anar Burcəliyevin Gəncə Dövlət Dram Teatrının yaradıcılıq yolu və qüdrətli səhnə fədailərinin sənət yoluna həsr etdiyi kitabları açanda, elə zənn etdim ki, gözlərim önündə yenidən teatr pərdəsi açıldı və mən pərdə arxasını gördüm. Hər bir oçerk elə dolğun yazılıb ki, özünü dərhal o mühitdə, bu dünyanı tərk etmiş o insanların içində hiss edirsən.

Yadımdadır, 1991-ci il aprel ayının 29-da “Cavad xan” tamaşasına içtimai baxış keçiriləndə çox dəyərli teatrşünas, o vaxt Mədəniyyət Nzirliyinin idarə rəisi Elmira Əliyeva Məhəmməd Burcəliyev haqqında dedi ki, bu aktyorun ifası nəinki Azərbaycanın, həm də SSR-i sərhədlərini aşıb keçəsidi.

….Sadəcə insanların çoxu yanlarından keçən sənət adamlarını layiqincə dəyərləndirə bilmirlər. Ancaq səhnə bir kaleydoskopa bənzəyir. Müxtəlif insan xarakterləri, fikirləri qəlblərdə ixtişaş yaradır, xoş arzular oyadır.

Teatrşünas Anar Burcəliyevin yazdığı sənət oçerkləri məhz onları özündə ehtiva edir. Onun iki ciltlik kitabında nəinki dünən yaşayan aktyorlarımızı, həm də sonradan böyük uğurlara sahib olan sənətkarlarımız sayılan Məhəmməd Burcəliyev, Yusif Bağırov, Bağır Bağırov, Altay Məmmədov, Vaqif Şərifov,  Şirin Rzayev, Küşvər Şərifova, Ella Yaqubova, Xəzangül, Məmmədəli Balayev, Fizulət Rzayeva, Qurban Abbasov, Sevda Orucova, Rəhilə Məmmədova, Ramiz Vəliyev və başqaları haqqında geniş məqalələri bu sənət yoluna işıqlar salıb.

Mədəniyyət və İncəsənət Universitetində təhsil alan sənətşünaslar və teatrşünasların ilkin mənbə olaraq istifadəsinə verilən bu iki ciltlik vəsait Anar Burcəliyevin yaratdığı teatr ensiklopediyasıdır. Elə bilirəm ki, Anar hər hansı bir sahədə işləsəydi yenə böyük uğur qazana bilərdi. Ancaq o, doğma insanları, Respublikamızın Xalq artistləri Məhəmməd Burcəliyev və Sədayə Mustafayeva kimi sənəti seçdi, sənət naminə SÖZ demək istədi, və dedi də. Mən istərdim ki, dəyərli Anar Burcəliyev yenə də davamlı olaraq yeni-yeni kitablar yazsın. Gəncəmizin içtimai həyatında fəal iştirak etsin, sözün bitdiyi yerdə yenidən öz SÖZÜNÜ desin, sənətin, o cümlədən teatrın bundan sonrada da nüfuzunun qalxmasına yardımçı olsun.

 

Nüşabə Əsəd Məmmədli

yazıçı-publisist