Şəmkirdə narkotik yetişdirən şəxs saxlanılıb

63

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Şəmkir RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elşən Qarayevə məxsus, fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Həyətyanı sahəyə baxış zamanı oradan 8 ədəd çətənə kolu aşkar olunub. Bundan başqa RPŞ-də E. Qarayevin üzərinə keçirilən baxış zamanı 14.609 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.