“Səhiyyə Nazirliyində pulsuz dərman preparatlarının çatdırılması kustar formada həyata keçirilirdi” – OSMAN GÜNDÜZ

78

 

“Ümid edirəm ki, TƏBİB bu xidməti rəqəmsallaşdıracaq, güzəştli təbəqəyə SMS və digər effektiv məlumatlandırma yolu ilə dərmanların elə regionlarda çatdırılmasını təmin edəcək”

“Uzun müddət olardı ki, Səhiyyə Nazirliyində pulsuz dərman preparatlarının çatdırılması kustar formada həyata keçirilirdi. Bu məqsədlə “Semaşko”da darısqal bir yerdə otaq ayrılmışdı. Hər şey oflayn idi”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə məxsusdur.

Onun sözlərinə görə, xəstələr dərman üçün hər ay regionlardan Bakıya dəvət olunur, hər dəfə kağız formada etibarnamələr və digər arayışlar təqdim edir, saatlarla növbədə durur və dərmanlarını alıb rayonlara qayıdırlar: “Bu sahəyə cavabdeh şəxs olan xanımdan (yanılmıramsa adı Südabə olub) da ciddi narazılıqlar vardı. Bildiyim qədər TƏBİB bu sahədə vəziyyəti düzəltməyə başlayıb. Yeni məsul şəxs müəyyən olunub. Xəstələr ondan çox razılıq edirlər. Amma bildiyim qədər bu xidmət hələ də oflayndır. Ümid edirəm ki, TƏBİB bu xidməti rəqəmsallaşdıracaq, qabaqcadan bəlli və məhdud sayda olan güzəştli təbəqəyə SMS və digər effektiv məlumatlandırma yolu ilə dərmanların elə regionlarda çatdırılmasını təmin edəcək”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org