“Səhiyyə işçiləri Azərbaycanda sosial baxımdan ən müdafiəsiz təbəqələrdən biridir” – QUBAD İBADOĞLU

69

“Koronavirusa yoluxub dünyasını dəyişən səhiyyə işçilərinin ailəsinə 10 min manat, bu xəstəlikdən müalicə alan tibb personalına isə 5 min manat məbləğində birfədəlik yardım təyin olunsun”

“Bildiyiniz kimi, qlobal pandemiyadan ən çox təsirlənən tibbi personaldır. Bir çox ölkələrdə bunu nəzərə alaraq həkimlərin maddi təminatı və mühafizəsi gücləndirilir, koronavirusla mübarizədə həyatını itirən səhiyyə işçilərinin ailələrinə birdəfəlik yardım ayrılmaqla yanaşı, həm də onların adları əbədiləşdirilir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

“Səhiyyə işçiləri yalnız təhsil işçiləri ilə deyil, həm də nəqliyyat, tikinti, sənaye, rabitə, maliyyə işçiləri ilə müqayisədə ən aşağı məvacib alırlar”

Onun sözlərinə görə, səhiyyə işçiləri Azərbaycanda sosial baxımdan ən müdafiəsiz təbəqələrdən biridir: “Onların ötən il üçün orta aylıq əməkhaqqı 352,4 manat olub ki, bu da həmin dövrə iqtisadiyyatın digər sahələri ilə müqayisədə ən aşağı göstəricidir. Yəni səhiyyə işçiləri yalnız təhsil işçiləri ilə deyil, həm də nəqliyyat, tikinti, sənaye, rabitə, maliyyə işçiləri ilə müqayisədə ən aşağı məvacib alırlar.
Son məlumata görə, dünyasını dəyişən səhiyyə işçilərinin sayı 15-dən, tibb personalı arasında yoluxanların sayı isə 1500-dən çoxdur. Onların əmək fəaliyyətinin stimullaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə Qərarına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 11 707 nəfərə – 9015 tibb işçisinə, 2692 qeyri-tibb işçisinə aprel ayı üzrə iş vaxtına mütənasib olaraq 13,1 milyon manat müddətli əlavə ödənilib. Agentlik may ayında isə 8376 nəfər tibb işçisinə, 2476 nəfər qeyri-tibb işçisinə may ayı üzrə iş vaxtına mütənasib 13,7 milyon manat müddətli əlavə ödəyib”.

İqtisadçı alim bildirib ki, tibb işçilərinə ödənişlər onların iş vaxtına mütənasib olaraq hesablandığına görə, bu son nəticədə orta aylıq əməkhaqqının 5 dəfə deyil, daha az artmasına gətirib çıxarıb: “Bu da hazırda tibb personalı arasında ciddi narazılıq yaradır. Odur ki, hazırkı dövrün tələblərinə uyğun olaraq aşağıdakıları təklif edirəm. 1) Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarında müvafiq dəyişikliklərin edilsin və səhiyyə işçilərinin əməyinin risk dərəcəsinə görə yüksəksəldici əmsallarla 5-10 dəfəyədək stimullaşdırılsın. 2) Koronavirusa yoluxub dünyasını dəyişən səhiyyə işçilərinin ailəsinə 10 min manat, bu xəstəlikdən müalicə alan tibb personalına isə 5 min manat məbləğində birfədəlik yardım təyin olunsun. 3) Koronavirusa yoluxub dünyasını dəyişən səhiyyə işçilərinin adını əbədiləşdirmək üçün Bakı şəhərinin mərkəzi parklarının birində xatirə lövhəsi quraşdırılsın və onların adı həmin lövhəyə həkk edilsin”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org